CəmiyyətSiyasət

Həbsxanalar siyasi rəqiblərlə doldurulmamalıdır

AXCP-nin Salyan rayon şöbəsinin sədri Əlizamin Salayevə yenidən 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Adam uzunmüddətli həbsdən cəmi 27 gün əvvəl çıxıb. İndi yenidən həbsdədir.

Üstəlik, oğlu Oktay Salayev atasının Salyan Rayon Polis Şöbəsində zorakılığa məruz qaldığını, vəziyyətinin ağırlaşdığını və onun yanına iki dəfə Təcili Tibbi Yardım briqadasının çağırıldığını iddia edir. Bunlar son dərəcə ciddi iddialardır və aidiyyəti dövlət qurumları bunlara aydın və ictimai cavab verməlidir.

Amma mənim demək istədiyim daha böyük məsələdir.

Bu həbs siyasəti nə vaxta qədər davam edəcək?

Azərbaycanın həbsxanalarında onsuz da hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi yüzlərlə insan var. Onların dəqiq sayı istifadə olunan siyahı və meyarlardan asılı olaraq dəyişir. Ona görə “400 nəfərdir” rəqəmini mübahisəsiz dövlət statistikası kimi yox, hüquq müdafiəçilərinin qiymətləndirməsi kimi təqdim etmək daha doğrudur.

İnsanları həbs etmək siyasi problemin həlli deyil. Özü də sənin iqtidarına real bir təhlükə də yoxdur axı. Nə həşirdir, nə qaçdı-qovdudur? Dünyanın axırı deyil ki.

Müxalifət partiyası varsa, onunla siyasi müstəvidə mübarizə apar. Danış. Mübahisə et. Seçkidə rəqabət apar. Lazım gəlsə, dialoq qur. Cəmiyyət daxilində konsensus axtar.

Siyasətin alternativi həbsxana olmamalıdır.

Sonra Qərb mediası Azərbaycandakı insan hüquqlarından, siyasi məhbuslardan və həbslərdən yazanda biz bunu bütövlükdə “Azərbaycana qarşı informasiya kampaniyası” adlandırırıq.

Amma çox sadə bir sual ortaya çıxır:

Əgər onların bu mövzuda yazmasını istəmiriksə, niyə hər dəfə onlara yazmaq üçün yeni material veririk?

BBC-ni, The Independenti, Guardianı susdurmaq mümkün deyil. Ən yaxşı cavab onların yazdıqlarını qadağan etmək deyil — yazmağa əsas verən problemləri aradan qaldırmaqdır.

Mən uzun illərdir İsveçrədə yaşayıram. Burada hökuməti sərt tənqid edən müxalifətçilər, jurnalistlər, nümayişçilər var. Siyasi baxışına görə insanın həbs edilməsi isə normal siyasi idarəçilik üsulu kimi qəbul edilmir. Demokratik Avropanın əsas prinsipi budur: cinayət törədən şəxs qanun qarşısında cavab verir, amma siyasi rəqib olduğuna görə heç kim cinayətkara çevrilməməlidir.

Azərbaycanın da gücü həbsxanalarının nə qədər adam tutması ilə ölçülməməlidir.

Güclü dövlət tənqiddən qorxmur. Güclü hakimiyyət müxalifətlə danışmaqdan çəkinmir. Güclü siyasi sistem rəqibini həbsxanada deyil, siyasət meydanında məğlub etməyə çalışır.

Əlizamin Salayev haqqında işgəncə iddiaları obyektiv araşdırılmalı, onun hüquqları təmin edilməli və ictimaiyyətə aydın məlumat verilməlidir.

Azərbaycanın daha çox siyasi məhbusa deyil, daha çox siyasi dialoqa ehtiyacı var.

Həbsxana siyasi institut deyil. Siyasətin yeri parlament, mətbuat, seçki və müzakirə meydanıdır.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyanın 102-ci baza mövqeyi Moskvanı qəzəbləndirdi

redaktor

Erməni məhsulları üçün darıxanlara

redaktor

Kamançanı da standartlaşdırdıq: dövlətin növbəti “böyük problemi” həll olundu

redaktor