Cəmiyyət

İl yarımlıq təcrübə: Təcridxanada vaxt necə keçir?

Məncə, həbsdə zaman anlayışının ən yaxşı tərifini (avstriyalı nevroloq, psixiatr və psixoterapevt) Viktor Frankl verib:
“Burada bir gün bir həftədən uzun çəkir”, – altbaşlığı “psixoloq konslagerdə” adlanan kitabında Frankl belə deyirdi.
Doğrudan da təcriddə zamanı bütün həqiqiliyi ilə hiss edirsən. O burada mücərrədliyini itirir, çəki qazanır. Azadlıqda olduğu kimi əlindən uçub getmir. Bəs həbsdə zamanı necə xərcləyəsən? Bütöv bir günü qapalı otaqda təcrid halında keçirən insan hansı məşğuliyyətlərə sahib ola bilər? Həbs olunmazdan öncə məni bura ilə bağlı ən çox maraqlandıran sualların bəziləri bu qəbildən idi. Həmin vaxtdan tam olaraq bir il altı ay vaxt keçib. Mən də ötən il yarım müddətdə yaşadığım təcrübəni oxucuda təsəvvür yaratmaq adına bölüşmək istəyirəm.
İlk növbəni elə ağıla ilk gələnlər tutur:
Məsələn, bu yazını oxuduğunuza görə məlum məsələdir ki, əsas məşğuliyyətim yazmaqdır. Günaşırı yazıram. Bu yazılara qeydlərim, məhkəmədə edəcəyim çıxışların mətni, ictimai məktublar, bir də şeirlərim daxildir. İctimai rəyin nə olacağını bilmədiyimdən şeirlərimi bölüşməyə bir elə həvəs göstərmirəm.
Təcriddə kitab oxumaq vərdişim də daimi hal alıb. Azadlıqda olanda kitab oxumaq üçün vaxt tapmaq əsl müşkül idi. Gün ərzində o qədər çox işləyib, elə uzaq məsafələri qət edirdim ki, kitab oxumağa nə zamanım, nə də enerjim (elektron kitabları saymasaq) qalırdı. Yeri gəlmişkən, indiyədək mənə kitab göndərən hər kəsə qəlbən minnətdaram. Həbsdə bundan qiymətli hədiyyə yoxdur.
Təcriddə müşahidə qabiliyyətim də xətri sayılacaq qədər kəskinləşib. Burada elə qatı təcriddə saxlanılırıq ki, istəyirlər icazə verdiklərindən artığını görməyək. Məsələn, kamerada özümüzdən savayı cəmi bir nəfər qadın məhbus saxlanılır. Onlar da mütləq həbs olunduqları gün birbaşa yanımıza verilir ki, qadın məhbusların saxlanıldıqları korpusdakı güzərandan bixəbər olaq. Amma bu vəziyyət də özü ilə bərabər yeni informasiyalar gətirir. Buna misal kimi qadın məhbuslar üçün təzəlikcə yaradılan kars-karantin hissəsini göstərə bilərəm. Bu, təcridxanada bir ilkdir. İndiyədək qadınlar burada rəsmi olaraq nə karsda, nə də karantində saxlanılıb. Yeni həbs olunan qadın məhbuslar danışır ki, kars-karantin hissəsindəki otaqlar təmirsiz və natəmizdir. Əl çatmayan hündürlükdə nəfəsliyi olan kameralarda sanitar qovşağın üstü açıqdır, televizor yoxdur. Azı iki nəfər üçün nəzərdə tutulan otaqda ikimərtəbəli çarpayı olsa da, oturacaq bir ədəddir. Kars-karantin hissəsinin rəisi Mahir adlı zabit yeni həbs olunan qadın məhbuslardan birinə deyib ki, əsas korpusda yerləşdirilmədən öncə burada 48 saat saxlanılacaqlar.

Təcrid şəraitində digər məhbuslarla ünsiyyət yaratmağa da siz deyən fürsət verilmir. Hər halda imkan olduqca başqa-başqa məhbusların həyat hekayələrini öyrənirəm. Həbs olunmazdan qısa müddət əvvəl ilk hekayəmi yazmışdım. “Arif əmi” adlanan həmin hekayə “Argument.az”-da dərc edilmişdi. Həbsdəki müşahidə və eşitdiklərimin də gələcəkdə yazacağım neçə-neçə hekayəyə ilham verəcəyinə əminəm.
Məşğuliyyətlərdən əlavə həbsdə uyğunlaşmalı olduğunuz rutin də mövcuddur. Hər səhər sayım üçün gələn nəzarətçini qarşılayır, keçən gündən qalan məişət tullantılarını kameradan çıxarır, qısası yır-yığış edirik. Məişət işlərindən ilk vaxtlar mənə ən çətin gələnləri paltarları əldə yumaq və yemək bişirmək idi. Təcridxanadakı ilk həftəmdə paltar yumağımı xatırlayıram. Kamera yoldaşlarım şokda idi: çünki ən təməl qaydanı unutmuş, ağ paltarları rənglilərlə birgə yumuşdum. Nəticədə daha ağ rəngli paltarım yox idi. Beləcə anladım ki, ağı qaradan ayırmaq həqiqətən vacib imiş, ələlxüsus da paltar yuyanda. Sonralar bu işdə olduğu kimi yemək bişirməkdə də ustalaşdım. Yeriniz məlum, kameradakı kiçik elektrikli qızdırıcının üzərində dəmlədiyim plovu bir dadan bir də istəyir.
Asudə vaxtlarımda nərd də oynayıram. Kamera yoldaşım olan qadınlara da nərd oynamağı öyrətmişəm. Bizim kamera nərdi kişi məhbusların kurasiyasından çıxarıb. Ümumiyyətlə məhbuslar vaxt keçirmək üçün bir-birlərinə məsləhətlər verir, qabiliyyətlər öyrədir. Misal üçün mən də çörəkdən təsbeh və müxtəlif suvenirlər düzəltməyi öyrənmişəm. Çörəyi bunlara hazırlayacaq hala gətirmək məşəqqətli, lakin əyləncəli prosesdir. Əvvəlcə çörəyin içini ovub az qala un halına gətirməli, onu bol şəkərlə hazırladığın şərbət və yumurtanın ağı ilə uzun-uzun yoğurub bir gün ərzində saxlamalısan. Bundan o tərəfi sənin fantaziyana qalıb: xəmirə istədiyin rəngi ver, ürəyindən keçən suveniri hazırla. Deyilənə görə, bu, məndə heç də pis alınmır.

Təmiz havada yerimək fikrimcə buradakı məşğuliyyətlər arasında ən faydalı olanlarından biridir. Gəzinti həyətimizin necə bir yeri olduğunu əvvəlki yazılarımdan bilirsiniz. Hər kameraya gəzinti üçün bir saat vaxt ayrılır. Mən gəzinti həyətinə düşərkən özümlə havaya uyğun ya isti kofe, ya da sərin su götürürəm. Kəsəsi, özümə korluq vermirəm.
Siyahını uzatmaq da olardı, amma bu qədərilə kifayətlənirəm.
Bununla belə Mərc gələrəm ki, “təcriddə məşğuliyyətlər” başlığı altında bu qədər müxtəlif fəaliyyət gözləmirdiniz.
Son olaraq deyim ki, məhbusların xarakteri, insani keyfiyyətləri, həyata baxışları hər nə qədər fərqli olsa da, hamısının ortaq bir məşğuliyyəti var: gözləmək. Həmişə və ən müxtəlif anları gözləyirlər. Məsələn, gəzinti saatını, ailə ilə görüşü, vəkilin gəlməsini, kitabxanaçını, azadlığı və sairə. Sıxıcı görünsə də, əhəmiyyətli məşğuliyyətdir. Necə deyərlər, insanın gözləməyə hökmən nəyisə olmalıdır. Əslində elə söz deyən olmayıb, bunu indicə uydurdum.

Bir-neçə kəlmə də əhval məsələsi barədə. Düşünürəm ki, həqiqətən cinayətkar kimi həbs edilsəydim əhvalım belə yaxşı, özüm də bu qədər gümrah olmazdım. İstənilən halda həbsinə səbəb hər nə olsa da şəxs ümidsizliyi özünə yaxın buraxmamalıdır. Ümid – azadlığı əlindən alınan kəsin ən möhkəm istinad nöqtəsidir. Mən də ümidliyəm. Yaxşı və daha yaxşı günlərə çatacağımıza inanıram. Şair Adnan Yücelin də dediyi kimi:
“Saltanatlar, saraylar çöker,
Bu kan susar, bu zulüm biter.
Leylaklar da güler,
Menekşeler de açılır üstümüzde!
Bu günlerden geriye
Bir yarına gidenler kalır,
Bir de yarınlar için dövüşenler.

Ey her şey bitti diyenler,
Korkunun sofrasında yılgınlık yiyenler,
Ne dağlarda direnen çiçekler,
Ne kentlerde devleşen öfkeler
Henüz elveda demediler.
Bitmedi, daha sürüyor o kavga
Ve sürecek
Yeryüzü aşkın yüzü oluncayadek”.

Hamınızı qucaqlayıram. Gülümsəyin. Hər şey yaxşı olacaq!

Fatima Movlamli

Bakı İstintaq Təcridxanası

 

Tacxeber.com

Oxşar xəbərlər

Allahın varlığını yumruqla sübut etmək olmaz

redaktor

İdeoloji boşluq dövlətçilik üçün ən böyük təhlükədir

redaktor

Elnarə Qasımova və Nərgiz Absalamova yazır: Həbsxana rəisinin tutmadığı sözlər

admin