İlham Əliyevlə Məsud Pezeşkianın Bişkek görüşünə İran mediasının reaksiyası maraqlıdır. Çünki burada İran daxilində Azərbaycanla bağlı iki fərqli yanaşma açıq görünür.
Rəsmi İran mediasının tonu bu dəfə xeyli yumşaqdır. IRNA və digər dövlətə yaxın mənbələr görüşü “münasibətlərin inkişafı”, “regional əməkdaşlıq”, “davamlı sülh və sabitlik” kimi ifadələrlə təqdim edirlər. Pezeşkian Azərbaycanın çətin dövrdə göstərdiyi mövqeyi və humanitar dəstəyi də yüksək qiymətləndirib. Hətta Əliyevlə Pezeşkianın səmimi söhbəti, Azərbaycan dilində rahat ünsiyyəti və İstisu ilə bağlı zarafatları İran mediasında müsbət təqdim olunub.
Bu, əvvəlki illərin sərt ritorikası ilə müqayisədə diqqətçəkən dəyişiklikdir.
Amma İranın başqa bir informasiya xətti də var. Sərt millətçi və anti-Azərbaycan mövqeyi ilə tanınan çevrələr Bakıdan hələ də şübhə ilə danışır, Azərbaycanı İsrailin yaxın tərəfdaşı və İran üçün potensial təhlükə kimi təqdim etməyə çalışırlar. Bu dairələr Pezeşkianın Əliyevlə yaxın və səmimi münasibətinə də ehtiyatla yanaşırlar.
Yəni eyni vaxtda iki İran görürük:
Rəsmi Tehran — Bakı ilə münasibətləri yumşaltmaq və əməkdaşlığı artırmaq istəyir.
Sərt millətçi çevrələr-Azərbaycanı təhlükə və rəqib kimi görməkdə davam edir. Məsələn, iranlı beynəlxalq münasibətlər müəllimi və Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan Ehsan Movahedian bundan əvvəl Əliyev haqqında son dərəcə ağır ifadələr işlədib. O, Azərbaycanın İsrailin İrana hücumlarında rol oynadığını fakt kimi təqdim edib və hətta Əliyevin Pezeşkianla telefon danışığındakı davranışını “son dərəcə həyasız” kimi xarakterizə edib. Bu iddiaların bir hissəsi İran daxilində də mübahisəlidir və Azərbaycan onları rədd edib…
Ən maraqlı məqam da budur: Pezeşkianın Bakı ilə qurmağa çalışdığı bu yeni dil İranın uzunmüddətli siyasətinə çevriləcəkmi, yoxsa sərt anti-Azərbaycan xətti yenidən üstün gələcək?
Məncə Bişkek görüşünün əsl siyasi əhəmiyyəti məhz bu sualın cavabındadır…
