Rusiyadakı neonasist və oxşar radikal qruplar bu ölkənin dövlət televiziya kanallarında Azərbaycana qarşı təxribatçı çıxışlardan ruhlanaraq Moskvada Azərbaycan səfirliyinin qonaq evi qarşısında ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdiriblər. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yaydığı bəyanatda təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etdiyini bildirib. Məsələ burasındadır ki, Kreml “süni” adlandırdığımız gərginliyin təbii hala keçməsinə şərait yaratmaqla məşğuldur.
Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova azərbaycanlı blogerlərin ant-Rusiya çıxışlarını toplayıb Bakıya göndərdiklərini bildirib. Mariya Zaxarova bolgerlərimizin qərəzli olmasından şikayətlənib. Rusiyaya qərəzli olmaqla bu ölkənin dövlət televiziya kanallarında Azərbaycanı hədələmək, aşağılamaq və səfirliyimiz qarşısında təxribatçı şəkillər yerləşdirmək müqayisə oluna bilməz. Rusiyanın Bakıdakı səfirliyi qarşısında bu ölkəyə qarşı təxribatçı şəkillərin yapışdırılmasına polisimiz imkan verməz. Çünki biz gərginliyin tərəfi olmaq istəmirik. Moskvada isə yuxarıdan verilən təlimat əsasında polis təxribatçıları gözməzdən gəlib.
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın aidiyyəti qurumlarından səfirliyimiz qarşısında təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb. Yenə qulaqardına vuracaqlar. Səfirliyimiz qarşısında təxribata şərait yaradanlar öz əməllərinə hüquqi qiymət verərlərmi?
