DünyaSiyasət

İsrail mediası: “Azərbaycan İsrail və Türkiyə arasında gərginliyi azaltmaq üçün vasitəçilik edir”

Azərbaycan İsrail və Türkiyə arasında Suriya ilə bağlı artan gərginliyi azaltmaq və iki ölkə arasında mümkün hərbi qarşıdurmanın qarşısını almaq üçün vasitəçilik edir.

Bu barədə İsrailin “Ynet” nəşri mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Bakı yaxın tərəfdaşları olan İsrail və Türkiyə arasında münasibətlərin pisləşməsindən narahatdır.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təxminən bir il əvvəl İsrail və Türkiyə arasında birbaşa dialoq başlayıb və Suriyada iki ölkənin hərbi qüvvələri arasında insidentlərin qarşısını almaq üçün əməliyyat koordinasiyası mexanizmi yaradılıb.

İndi Azərbaycanın diplomatik səylərinin bu mexanizmi yenidən aktivləşdirməyə və tərəflər arasında birbaşa əlaqəni bərpa etməyə yönəldiyi bildirilir.

“Ynet”ə danışan azərbaycanlı rəsmi Bakıdakı narahatlığı belə ifadə edib:

“Siz və Türkiyə ağlınızı itirmisiniz? Siz bizim dostumuzsunuz, Türkiyə də bizim dostumuzdur. Allah eləməsin, aranızda müharibə başlasa, biz nə etməliyik? Buna görə gərginliyi dərhal azaltmaq vacibdir”.

Məsələ ilə tanış mənbələr ABŞ-nin də İsrail və Türkiyə arasında gərginliyi azaltmaq üçün paralel diplomatik səylər göstərdiyini bildiriblər.

Gərginliyin son mərhələsi İsrailin avqustun 18-də Suriyanın İdlib əyalətində yerləşən Əbu əl-Duhur hərbi aerodromuna zərbələr endirməsindən sonra yaranıb. İsrail təyyarələrinin aerodromun uçuş-enmə zolağına səkkiz zərbə endirdiyi və infrastruktura ziyan vurduğu bildirilir.

İsrail tərəfi Türkiyənin Suriyada hərbi mövcudluğunu genişləndirməsindən narahatlığını açıqlayıb. Baş nazir Benyamin Netanyahu Türkiyənin xüsusilə Suriyanın cənubunda hərbi mövcudluğunun artmasının İsrailin təhlükəsizliyi üçün təhdid yaradacağını və regiondakı qüvvələr balansını dəyişəcəyini deyib.

Suriya və Türkiyə isə Əbu əl-Duhur bazasının Türkiyə hərbi bazasına çevriləcəyi barədə iddiaları rədd ediblər.

Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, Dəməşq İsrail tərəfinə obyektin Türkiyə bazasına çevrilməyəcəyi barədə əvvəlcədən məlumat verib. Onun sözlərinə görə, aerodrom Suriya Hərbi Hava Qüvvələrinin istifadəsi üçün bərpa edilirdi.

Şeybani eyni zamanda Suriyanın hərbi təlim və əməkdaşlıq sahəsində Türkiyənin yardımından istifadə etməyə davam edəcəyini deyib:

“Biz bu dəstəkdən imtina etməyəcəyik”.

İsrailin zərbəsi Suriya ilə İsrail arasında aparılan təhlükəsizlik danışıqlarına da təsir edib. Şeybani “Reuters”ə bildirib ki, avqustun 18-dəki hücumdan sonra İsraillə birbaşa təmaslar dayandırılıb, lakin Dəməşq təhlükəsizlik sazişi üzrə danışıqların yaxın zamanda bərpa olunacağını gözləyir.

“Suriya hazırda İsrailə etibar etmir, lakin diplomatiyaya əl uzadır və İsraili tarixi fürsətdən istifadə etməyə çağırır”, – nazir deyib.

Şeybaninin sözlərinə görə, bu ilin əvvəlində tərəflər mümkün təhlükəsizlik sazişinin müddəalarının böyük hissəsi üzrə razılığa gəlmişdilər.

“Demək olar ki, hər şey kağız üzərində razılaşdırılmışdı”, – o bildirib.

Nazirin açıqlamasına görə, nəzərdə tutulan razılaşma İsrailin Suriyaya hücumlardan və ölkənin daxili işlərinə müdaxilədən çəkinməsini, hərbi əməliyyatları dayandırmasını və Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra nəzarətə götürdüyü ərazilərdən geri çəkilməsini nəzərdə tuturdu. Sərhədyanı ərazilərdə müxtəlif təhlükəsizlik zonalarının yaradılması da müzakirə olunurdu.

Şeybani İsrail tərəfinin sazişi yekunlaşdırmağa kifayət qədər maraq göstərmədiyini iddia edib.

“Axios”un məlumatına görə, Əbu əl-Duhur bazasına zərbədən sonra Şeybani ilə İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri Roman Qofman arasında da görüş keçirilib. Mənbələr danışıqların müsbət keçdiyini bildiriblər.

İsrailin Suriyaya zərbəsi Almaniyanın da tənqidinə səbəb olub. Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi “Anadolu” agentliyinə bildirib ki, xarici hərbi müdaxilə Suriyanın sabitləşməsinə və regionda sülhə xidmət etmir, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməlidir.

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak isə hücumun İsrail və Türkiyə arasında birbaşa hərbi qarşıdurmaya çevrilə biləcəyini deyib. Onun sözlərinə görə, Türkiyənin İsrailə hücum etmək və ya onunla hərbi qarşıdurmaya girmək niyyəti yoxdur. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bizdən nəyi gizlədirlər…?

redaktor

Tramp Müctəba Xameneinin yaralandığını elan etdi və müharibəyə tez bir zamanda son qoyacağına söz verdi

redaktor

Türkiyə-İsrail gərginliyində Bakı düyünü

redaktor