Dünən MKİ-nin direktoru Con Redklif Moskvaya səfər edib və bir neçə saat sonra geri qayıdıb. Səfər barədə mətbuata əvvəlcədən məlumat verilməmişdi və sonra da rəsmi məlumat verilməyib. Redklif Moskvada öz rusiyalı həmkarı ilə qapalı görüş keçirib.
Bu Redklifin MKİ rəhbəri kimi Moskvaya ilk məlum səfəridir və Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra iki ölkə arasında kəşfiyyat səviyyəsində baş tutan ən yüksək səviyyəli birbaşa təmasdır. Səfər rəsmi olaraq elan edilməsə də, ABŞ HHQ-sinə məxsus nəhəng Boeing C-17 hərbi nəqliyyat təyyarəsinin Moskvanın “Vnukovo” hava limanına enməsi, qonaqları ABŞ diplomatik karvanının müşayiəti və sair dolayı məlumatlar əsas qonağı müəyyən etməyə imkan verib.
Əsas sual isə budur: Redklifi şəxsən Moskvaya gəlməyə məcbur edən səbəb nədir?
Redklif Vaşinqtonda ən ukraynapərəst səlahiyyətlilərdən biridir. Trampın komandasında o, qlobalistləri təmsil edir, israilpərəstdir (kəşfiyyat xidmətinin rəhbəri başqası olmur). Rusiya rəhbərliyinin şəxsən ona münasibəti, yumşaq desək, çox neqativdir. O, Putinə qarşı Valday hücumunun əsas təşkilatçılarından biridir: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4229469567369122
Mətbuatda səfərin məqsədi kimi ehtimal olunan Ukraynada atəşkəs və ya amerikalı dustaqların azad edilməsi mövzularını mən ciddi qəbul etmirəm. Onlar köməkçi və ya “maska” mövzular ola bilər. Məncə, əsas mövzu İrandır. Məhz buna görə Redklif şəxsən Rusiyaya gələ bilərdi – onlar yalnız şəxsi görüşlər zamanı informasiyanın kənara sızmayacağına ümid edirlər.
ABŞ rəsmiləri Rusiya ilə İran arasındakı dərinləşən hərbi və kəşfiyyat əməkdaşlığından ciddi şəkildə narahatdırlar. İddialara görə, Moskva İrana peyk buraxılışı yardımı edir, dron texnologiyaları və ABŞ qüvvələrini hədəf almaq üçün kəşfiyyat-tuşlama məlumatlarını ötürür. Çox güman ki, Redklif bunların dayandırması barədə Vaşinqtonun son, birbaşa və kəskin xəbərdarlığını çatdırmaq üçün gəlib.
Bu səfərdən bir gün əvvəl ABŞ Maliyyə Nazirliyi İrana qarşı “görünməmiş” iqtisadi təcrid strategiyasını elan etmişdi. İrana yardım üçün “açar” ölkə isə hazırda Rusiyadır. Həm özü yardım edir, həm də Çinin yardımları əsasən Rusiya vasitəsilə İrana ötürülür, həmçinin ticarət əlaqələri də Rusiya vasitəsilə həyata keçirilir. Orta Asiya və Pakistandan olan alternativ yollar ABŞ-ın təzyiqi ilə bağlana bilər – Rusiyaya isə ABŞ-ın təzyiq rıçaqı qalmayıb. Yəni ABŞ Rusiyanı öz tərəfinə çəkə bilsə, Çin də İrana köməklik göstərməkdə aciz qalacaq.
Bəs ABŞ Rusiyanı öz tərəfinə necə çəkə bilər?
Həmişəki kimi, kötək və kökə vasitələrindən istifadə etməklər. Düzdür, bu vasitələr artıq Rusiya üçün təsirini itiriblər, amma ABŞ-ın başqa çarəsi də yoxdur. Ruslar demişkən, popıtka ne pıtka (cəhd işgəncə deyil).
Kötək nə ola bilər? Qərb Baltik dənizində gərginliyi artırır, orada ard-arda böyük qüvvələrlə hərbi təlimlər keçir. Əgər əvvəlki 2 təlimdə ABŞ birbaşa iştirak etməmişdisə son təlimdə böyük qüvvə ilə iştirak etdi, təlimlərdə görünməmiş sayda hərbi-kəşfiyyat təyyarələrindən istifadə olundu. Mətbuata Kalinqradın işğalı, Rusiyaya qarşı müharibə (müdafiə) planları haqda kifayət qədər məlumatlar sızdırılır. Son həftə ərzində Ukraynaya aramsız halda hərbi yüklər daşınır. Aİ sanksiya altında olan Rusiya gəmilərini və onların yüklərini müsadirə etmək haqda qərar qəbul etdi – bu faktiki dəniz müharibəsinə hazırlıqdır. Və sairə…
Kökə nə ola bilər? Məncə, Ukraynada Rusiyaya müəyyən güzəştlər təklif edilə bilər. Həmçinin Rusiya banklarını SWIFT sisteminə qaytara bilərlər. Rusiya neft-qazından sanksiyaları götürə bilər, hətta Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini qaytara bilərlər və s.
Bəs Rusiyanın cavabı nə ola bilər? Məncə, qəti rədd cavabı olub. Elə buna görə də Redklif Moskvadan çox tez getdi. Müsbət cavab olsaydı, onun detallarının müzakirəsi saatlarla çəkməli idi.
Rusiya ABŞ-ın təklifini və xəbərdarlığını niyə rədd etməlidir?
Əvvəla çökən imperiya, xüsusən də ABŞ kimi etibarsız dövlət ilə razılığa gəlmək axmaqlıqdır. İkincisi, Rusiya üçün İranla strateji əməkdaşlıq təklif olunanlardan qat-qat üstündür. İranın müstəqilliyi Rusiyanın suverenliyinin və təhlükəsizliyinin təminatıdır. Üçüncüsü, ABŞ-ın “kötəyi” daha çox blefdir, “kökəsi” isə onsuz da artıq mənasızdır.
Əlbəttə, bunlar çox cüzi məlumatlar əsasında irəli sürdüyüm fərziyyələrdir. Yəqin, 5-10 gün sonra sular “durular”.
