85 il öncə, 1941-ci il avqustun 25-də Britaniya və SSRİ qoşunları İrana qarşı “Countenance” (rusca: согласие) əməliyyatına başladılar. İran İkinci Dünya müharibəsində öz bitrəfliliyini elan etmişdi, amma müttəfiqlərə nəzarətlərində olan İran lazım idi.
Britaniya qoşunları İraq ərazisindən, sovet qoşunları isə Azərbaycan və Türkmənistandan İrana girdilər. Qəfil yaxalanan şah ordusu, demək olar ki, müqavimət göstərmədi. Britaniyalılar və sovetlər avqustun 29-da Sənəndəc yaxınlığında birləşərək Tehrana doğru hərəkət etdilər.
Britaniyanın dəstəyi ilə 1925-ci ildə taxta çıxan Rza Pəhləvi şah olduqdan sonra müstəqil siyasət yürütməyə başlamışdı və ingilisləri bərk məyus etmişdi. O, sentyabrın 16-da taxtdan əl çəkməyə məcbur edildi. Bir müddət İranda respublika qurulması və ya Qacar xanədanının bərpa edilməsi müzakirə olundu. Sonda devrilən şahın 22 yaşlı oğlu Məhəmməd Rza taxta oturuldu. Rza şah Cənubi Afrikaya sürgün edildi və 1944-cü ildə Yohannesburq yaxınlığında vəfat etdi.
İran müharibənin sonuna qədər müttəfiqlərin nəzarətində qaldı. Lend-liz vasitəsilə SSRİ-yə edilən yardımın 1/3 hissəsi “İran dəhlizi”nin payına düşürdü.
İngilislər 1946-cı ilin martında İrandan çıxdılar. SSRİ-nin çıxışı isə daha mürəkkəb oldu. Stalin İran Azərbaycanında və İran Kürdüstanında dövlət qurumları yaratmaq, sonra da onların xahişi ilə bu əraziləri SSRİ-yə birləşdirmək niyyətində idi. İran SSRİ-nin bu hərəkətlərindən yenicə yaranan BMT-yə şikayət etdi. Bu, qurumun tarixində bir dövlətdən daxil olan ilk şikayətdir. BMT SSRİ əleyhinə bir sənəd qəbul etməsə də (3 saylı qətnamə SSRİ-dən qoşunlarını çıxarmağı tezləşdirməyi xahiş edirdi), Qərb ölkələri və xüsusən ABŞ SSRİ-dən İrandan çıxmağı tələb edirdi. O zaman isə ABŞ-ın atom bombası vardı, SSRİ-nin yox.
Bundan əlavə, Tehran təcürəbil siyasətçi Əhməd Qəvamı oyuna saldı. Daha əvvəl iki dəfə baş nazir olmuş Qəvam 1946-cı ilin yanvarında üçüncü dəfə baş nazir təyin edildi. O, 19 fevral – 7 mart tarixlərində SSRİ-də səfərdə oldu. Amma əsas məqsədinə – sovet qoşunlarının İrandan çıxarılmasına nail ola bilmədi. Bu səfər zamanı SSRİ xarici işlər naziri Vyaçeslav Molotov İranın şimalında neft kəşfiyyatı, hasilatı və emalı üzrə birgə müəssisənin yaradılmasını təklif etdi. Müəssisənin səhmlərinin 51 faizi SSRİ-yə, 49 faizi İrana məxsus olmalı idi.
Qəvam təklifi əvvəlcə rədd etdi. Moskvanın təzyiqindən sonra bildirdi ki, əgər sovet tərəfi Cənubi Azərbaycandan qoşunlarını çıxarmağa razı olsa, o da Tehrana qayıdıb birgə müəssisə layihəsini hazırlaya və parlamentin müzakirəsinə təqdim edə bilər. Baş nazir həm də “Azərbaycanda əhalinin arzuladığı və İran qanunlarına zidd olmayan bütün islahatların keçiriləcəyini” vəd etdi.
Qəvam və Sadçikov arasında aprelin 4-də Tehranda imzalanan müqavilə Molotovun şərtləri əsasında birgə müəssisənin yaradılmasını nəzərdə tuturdu. Əvəzində sovet qoşunları 6 həftə müddətində İrandan çıxacaqdı. Tehran Azərbaycan məsələsini dinc yolla həll etməyi öhdəsinə götürürdü.
Mayda SSRİ İrandan çıxdı. Dekabrda şah hökuməti Cənubi Azərbaycana qoşun yeritdi və minlərlə insanı öldürməklə buradakı hərəkatı yatırtdı. 1947-ci ilin martında işinə başlayan 15-ci İran Məclisi isə Qəvam-Sadçikov müqaviləsini təsdiq etmədi.
Məhz bundan sonra Əhməd Qəvama “qoca tülkü” ləqəbi verildi.
“Tarixçi” whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
“Tarixçi” teleqram kanalı
https://t.me/yadigarsadigli
