31 C
Bakı
21 Avqust 2026 15:42
CəmiyyətŞikayət

Ruslan İzzətli və Əli Zeynalın içməli su tələbinə görə “kars”a salındıqları bildirilir

“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynalın Umbakı Penitensiar Kompleksində içməli su probleminə etiraz etdiyinə görə cərimə kamerasına (“kars”) salındıqları bildirilir.

Bu barədə avqustun 19-da Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı sosial media hesabında məlumat yayıb.

Manaflının sözlərinə görə, Umbakı Penitensiar Kompleksində məhbusların içməli suya çıxışında ciddi problem yaranıb. O bildirib ki, havanın temperaturunun yüksək olduğu günlərdə müəssisədə içməli su tapmaq mümkün deyil.

Manaflı yazıb ki, Ruslan İzzətli problemin həllini dəfələrlə tələb etsə də, müraciətlərinə reaksiya verilməyib.

“Umbaku Pentiensiar Kompleksində ciddi su problemi yaşanır. 40 dərəcə istidə içməli su tapılmır. Ruslan İzzətli dəfələrlə bu problemin həllini tələb etsə də, məhəl qoyulmayıb. Sanki Quantanamo həbsxanasıdır. İndicə Əli Zeynalla danışdım. Ruslanın buna etiraz etdiyi üçün karsa salındığını, özünün də indi karsa gedəcəyini bildirdi”, – o qeyd edib.

Günel Manaflı Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına və Ombudsman Aparatına müraciət edərək məhbusların içməli su ilə təmin olunmamasının səbəbinə aydınlıq gətirilməsini istəyib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən və Umbakı Penitensiar Kompleksindən münasibət öyrənmək mümkün olmayıb.

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər barəsində hökm çıxarıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli 15 il, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və Əli Zeynal 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahovun hər birinə 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasovun isə 11 il 11 ay 28 gün  həbs cəzası verilib.

İstintaq dövründə polis nəzarətində olan Elmir Abbasov hökm elan ediləndən sonra məhkəmə zalında həbs olunub.

Məhkəmə Akif Qurbanovun ailəsinə məxsus bağ evinin, onun və həyat yoldaşının avtomobillərinin, həmçinin Ələsgər Məmmədli, Ruslan İzzətli və Əli Zeynala məxsus avtomobillərin müsadirə edilməsinə də qərar verib.

Bu qərar Dövlət Vergi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı 79 min 440 manatlıq mülki iddianın təmin olunması ilə əsaslandırılıb. Həbs qoyulmuş əmlakların satışından əldə ediləcək vəsaitin həmin iddianın ödənilməsinə yönəldilməsi nəzərdə tutulur.

“Toplum TV işi” üzrə həbslər 2024-cü il martın 6-da polisin onlayn televiziyanın ofisində və əməkdaşların ünvanlarında keçirdiyi əməliyyatdan sonra başlayıb. Həmin gün 10-dan çox şəxs saxlanılıb.

Saxlanılanların bir hissəsi sonradan sərbəst buraxılsa da, Akif Qurbanov, Müşfiq Cabbarov, Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar. Fərid İsmayılov və Elmir Abbasov isə əvvəlcə polis nəzarətinə verilib.

İlkin mərhələdə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci – qaçaqmalçılığın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi maddəsi ilə ittiham irəli sürülüb.

Martın 8-də Ələsgər Məmmədli və Ruslan İzzətli də eyni cinayət işi çərçivəsində saxlanılıb, daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.

2025-ci il yanvarın 17-də iş üzrə təqsirləndirilən şəxslərə əlavə ağırlaşdırıcı ittihamlar irəli sürülüb. Həmin vaxtadək polis nəzarətində olan jurnalist Fərid İsmayılov da həbs edilib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, cinayət işinin siyasi sifariş olduğunu bildirirlər.

“Toplum TV” həbsləri kollektivin peşə fəaliyyəti ilə əlaqələndirir və cinayət işini müstəqil mediaya təzyiq kimi qiymətləndirir.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da iş üzrə həbs olunan şəxsləri siyasi məhbus hesab edir və Azərbaycan hakimiyyətini onları azad etməyə çağırır. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qurucu nəsildən texniki nəsilə: İdeoloji istiqamətlər – Təhsil mühacirətinin 3 strateji və tarixi mərhələsi

redaktor

10 saylı CÇM-də məhkumun huşunu itirənədək döyüldüyü iddia olunur

admin

Reytinq naminə insan dərdinə dəyməyin!

redaktor