Tarix

Osmanlılar və Azərbaycan arasında məzhəb müzakirəsinə son qoyan tarixi fakt

Son günlər tarixi mövzularda aparılan müzakirələr həddən artıq çərçivədən kənara çıxaraq məzhəb savaşına çevrilib. Əlbətdə, 14-18-ci əsrlər arası dövrdə iki türk dövləti arasında savaşlarda bu məzhəb söhbəti olub, lakin Nadir şah dövründə və Cümhuriyyət dövründə vahid islam konsepsiyası üçün iki tərəf də birgə addımlar atıblar. Nadir şah dövrünü yazmışam, bu gün isə Cümhuriyyət dövründə məzhəb söhbətinin ortadan qaldırılması və vahid islam birliyi barədə bir hadisəni yazıram..

1918-ci ilin sentyabrın 15-də Bakı rus, ingilis və ermənilərdən azad ediləndən sonra şəhərdə dini icmada və əhalidə bir sual yaranmış idi. Osmanlı ordusunun sünni paşası Bakının şiə əhlinə və şiə dini icmasına hansı münasibəti göstərəcək. Rusiyapərəst güclər və ermənilər şəhərdə şayiələr yayırdılar ki, türklər gələn kimi şiələri qıracaq.

O zaman Bakıda bu qorxunu aradan qaldırmaq üçün Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət etdi. Nuru Paşanın şiə camiyəsinə münasibətini bilmək üçün onun çıxış edəcəyi minbərə şiəliyin rəmzi olan iki qara ələm sancırlar.

Əgər Nuru Paşa bu ələmlərin ordan götürülməsin əmr etsəydi demək şiələrə münasibətdə Osmanlı paşasının mövqeyi bəlli olacaq idi. Məscidə gələn Nuru Paşa Qafqazın şeyxi Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı.

Səbəbi soruşulduqda bildirilmişdi ki, xətib olmadığı üçün ən yuxarı pilləyə çıxmağı din xadimlərinə və Şeyxülislama hörmətsizlik sayır. Bu incə protokol qaydası məsciddəki dindarlarda böyük rəğbət yaratmışdı.

Nuru paşa dayanaraq ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi.O, “Biz hamımız eyni dinin, eyni peyğəmbərin ümmətiyik” deyərək sünni və şiə məzhəblərinin vahid İslamın tərkib hissəsi olduğunu vurğulamışdır.

Bakı camaatı bu mərasimə heyrətlə baxırdı. Paşanın şiə camiyəsinə olan bu addımından sonra Axund Ağa Əlizadə üzünü dini xadimlərə tutaraq deyir:

“Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərib”.

Nuru paşa Təzəpir məscidinə üzərində Quran ayələri həkk olunmuş, qızıl saplarla işlənmiş dəyərli bir xalı və Quran-i Kərim hədiyyə etmişdir.
Məsciddəki mərasim bitdikdən sonra Nuru paşa və Axund Ağa Əlizadə Təzəpirin həyətindən çıxaraq Bakı küçələrində piyada gəzmiş, onları müşayiət edən izdihamlı əhali “Yaşasın Türk ordusu!”, “Yaşasın Nuru paşa!” şüarları səsləndirmişdi.

Bakının müxtəlif məscidlərində sünni və şiə din xadimlərinin birgə təşkil etdiyi Birlik namazları qılınmışdır.
Sentyabrın 16-da Təzəpir məscidinin həyətində Nuru paşanın və hərbçilərin iştirakı ilə böyük qurbanlar kəsilmiş, ət yerli əhaliyə və ehtiyac sahiblərinə paylandı.

Ayın 17-si isə şəhidlərin dəfni ilə bağlı birgə camaat namazı qılınıb. Təzəpir məscidinin həyətində qılınan bu cənazə namazında Axund Ağa Əlizadə və digər din xadimləri elan etdilər ki:

“Vətən və din uğrunda canından keçən Osmanlı və Azərbaycan əsgərinin məzhəbi yoxdur, onlar İslamın vahid şəhidləridir”.

Bu hadisədən sonra Cümhuriyyət hökuməti Şərqdə ilk dəfə olaraq dini idarəçilikdə tam bərabərlik prinsipini tətbiq etdi. 1918-ci ilin noyabrında Dini Etiqad və Ədliyyə Nazirliyinin nəzdində Qafqaz Müsəlmanları Dini İdarəsi yenidən təşkil olundu..Axund Ağa Əlizadə Şeyxülislam və Müfti isə Mustafa Əfəndizadə seçildi.

Azərbaycan Parlamenti işə başlayan gün və digər bayram günlərdə Axund Ağa Əlizadə və Müfti Mustafa Əfəndizadə parlament kürsüsündən yanaşı duraraq birgə dualar oxumuşdular.

1) Nuri Paşa Təzəpir də ( süni intellekt ilə düzəlib)

2) Fotoda Ənvər Paşa Kərbəlada İmam Hüseyn (ə) məzarını ziyarət edir. Orjinal foto

Prof.Dr. Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Həcəri istəsən, çənli beldə gəz…

redaktor

Nəsib Nəsiblinin “kəşfi”

redaktor

Ziyaülhəqqin müəmmalı ölümü: qəza, yoxsa sui-qəsd?

redaktor