Tarix

Nasist hərbi cinayətkarların saxlanıldığı Şpandau həbsxanası

Şpandau qəsri 1876-cı ildə tikilib və 3 il sonra həbsxana kimi istifadə olunub. İkinci Dünya müharibəsindən sonra Berlinin Britaniya işğal zonasında yerləşirdi. Nürnberq məhkəməsinin hökmü ilə müxtəlif həbs cəzalarına məhkum edilən nasist cinayətkarlardan 7 nəfər burada cəza çəkirdi.

Baldur fon Şirax – “Hitlerjugend”in rəhbəri, daha sonra Üçüncü reyxin Vyana canişini;
Erix Reder – 1935-1943-cü illərdə kriqsmarinenin (hərbi dəniz donanmasının) baş komandanı, qross-admiral;
Karl Dönits – 1943-1945-ci illərdə kriqsmarinenin rəhbəri, qross-admiral, Hitlerdən sonra Üçüncü reyxin prezidenti;
Konstantin fon Neyrat – bir müddət xarici işlər naziri, 1939-1941-ci illərdə Çexiya canişini;
Albert Şpeer – hərbi sənaye naziri, reyxin baş memarı;
Valter Funk – iqtisadiyyat naziri, Reyxsbankın prezidenti;
Rudolf Hess – Hitlerin nasist partiyası üzrə müavini.

Həbsxananı dörd qalib dövlət rotasiya ilə mühafizə edirdi: Britaniya yanvar, may, sentyabr aylarında, Fransa fevral, iyun, oktyabrda, SSRİ mart, iyul, noyabrda, ABŞ aprel, avqust və dekabrda. Deyilənlərə görə, sovetin növbəsi gələndə məhkumların qanı qaralırdı, çünki yeməklərin həm keyfiyyəti aşağı düşürdü, həm də eyni yeməklər verilirdi.

Məhkumlardan fon Neyrat hamıdan tez azadlığa çıxdı. Onun 15 il həbs cəzası olsa da, 8 il “oturub” 1954-cü ildə səhhətinə görə əfv edildi.

Reder, Funk və Hess ömürlük həbsə məhkum edilmişdilər. Amma Reder 1955-ci ildə, Funk isə 1957-ci ildə səhhətlərinə görə vaxtından əvvəl azad olundular.

Dönits 10 illik cəzasını, Şirax və Şpeer 20 illik cəzalarını sona qədər çəkərək azadlığa çıxdılar: Dönits 1956-cı ildə, Şirax və Şpeer 1966-cı ildə.

1966-cı ildən sonra bu böyük qəsrdə cəmi bir dustaq vardı – Hess. Dörd dövlət onun keşiyini çəkirdi. Həbsxananın xərci isə Qərbi Berlin hökuməti üzərində idi. Onlar da bir nəfərin böyük bir həbsxanada ayrıca saxlanılmasına etiraz etdilər, Hessin başqa müəssisəyə və ya ev dustaqlığına köçürülməsini təklif etdilər, amma müttəfiqlər razılaşmadı.

Hess Şpandaunun yeganə dustağına çevriləndən sonra humanitar səbəblərdən azadlığa buraxılması üçün istər Almaniyada, istərsə də Qərb ölkələrində xeyli çağırışlar səsləndi. Amma əsasən SSRİ-nin mövqeyinə görə bu baş vermədi. Üstəlik, Hess də peşmanlıq ifadə etməyə və əfv istəməyə razı olmurdu.

Albert Şpeerin 1981-ci il sentyabrın 1-də ölümündən sonra Hess Şpandau dustaqları arasında həyatda olan son adam idi.

1987-ci il avqustun 17-də 93 yaşlı Rudolf Hess rəsmi versiyaya görə özünü asaraq intihar etdi. Amma bir çoxları bu versiyaya şübhə ilə yanaşır və Hessin öldürüldüyünü iddia edirlər. Həmin vaxt mühafizə növbəsi ABŞ-da idi.

Şpandau həbsxanası neonasistlərin ziyarətgahı olmasın deyə 1988-ci ildə söküldü. İndi həmin yerdə “Kaufland” hipermarketi yerləşir.

Hess əvvəlcə Britaniya hərbi bazasında dəfn edildi. Lakin ailəsinin israrlarından sonra cəsəd təhvil verildi və 1988-ci il martın 17-də Vunzidel şəhərindəki (Hess ailəsi əslən buradan idi) qəbiristanlıqda yenidən dəfn edildi. Baş daşında “Mən cəsarət etdim” devizi yazıldı. Arvadı İlze 1995-ci ildə, oğlu Volf Rüdiger Hess 2001-ci ildə vəfat edəndə onun yanında basdırıldılar.

Hessin məzarı neonasistlərin ziyarətgahına çevrildi. Cəmi 10 min əhalisi olan Vunzidel şəhərinə Hessin ölümünün hər ildönümündə minlərlə neonasist və onlara nəzarət etmək üçün yüzlərlə polis gəlirdi. İğtişaş ehtimalı səbəbindən şəhərdə bütün obyektlər bağlanırdı.

Hessin oğlu dəfn edilərkən ərazinin icarəsi ilə bağlı 10 illi müqavilə imzalanmışdı. İcarənin müddəti 2011-ci ildə bitəndə kilsə onu uzatmaqdan imtina etdi. Uzun çəkişmələrdən sonra gəlini Andrea Hessin razılığı ilə 2011-ci il iyulun 20-də məzarlar ləğv edildi, hər üç qalıq kremasiya olundu və külləri dənizə səpildi.

“Tarixçi” whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l

“Tarixçi” teleqram kanalı
https://t.me/yadigarsadigli

 

Tacxeber.com

Oxşar xəbərlər

Osmanlılar və Azərbaycan arasında məzhəb müzakirəsinə son qoyan tarixi fakt

redaktor

Həcəri istəsən, çənli beldə gəz…

redaktor

Nəsib Nəsiblinin “kəşfi”

redaktor