Həbsdə olan “Toplum TV”nin həmtəsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin səhhətində problemlərin davam etdiyi, son günlər isə qida zəhərlənməsi keçirdiyi bildirilir.
Bu barədə avqustun 16-da onun həyat yoldaşı Günay Məmmədli sosial şəbəkədə məlumat yayıb.
Günay Məmmədlinin sözlərinə görə, həyat yoldaşı ilə telefon danışığı zamanı onun səsi yorğun və zəif gəlib. O bildirib ki, Ələsgər Məmmədlinin ürəklə bağlı analizləri hələ götürülməyib, yüksək ürəkdöyünməsi və arabir sancmaları davam edir.
Məmmədlinin həyat yoldaşı həmçinin onun bir neçə gün əvvəl qida zəhərlənməsi keçirdiyini və bu səbəbdən iki gün yemək yeyə bilmədiyini yazıb.
“Vəziyyət daha da pisləşir. Ağır xəstəlikləri olan, yalnız təzə və dietik qidalar qəbul etməli olan 58 yaşlı insan niyə həbsdə olmalıdır ki, qalmış qidanı məcburiyyət qarşısında qəbul edib zəhərlənsin?” – Günay Məmmədli bildirib.
O, həyat yoldaşının saxlanma şəraitini işgəncə kimi qiymətləndirib və bunun həm Məmmədliyə, həm də ailəsinə mənəvi və fiziki əziyyət verdiyini deyib.
Ələsgər Məmmədlinin ailəsi daha əvvəl də onun təcridxanada ürək tutması keçirdiyini və bir müddət ağrılar içində qaldığını bildirmişdi.
Penitensiar Xidmət Məmmədlinin hazırkı səhhəti, qida zəhərlənməsi ilə bağlı deyilənlər və ona göstərilən tibbi yardım barədə hələlik açıqlama verməyib.
Ələsgər Məmmədli 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən saxlanılıb. Həbsindən sonra ailəsi və vəkilləri onun səhhətindəki problemlərlə bağlı dəfələrlə narahatlıq ifadə ediblər.
Vəkilləri səhhətini əsas gətirərək Məmmədlinin ev dustaqlığına buraxılması üçün vəsatətlər qaldırsalar da, məhkəmələr onları təmin etməyib.
İyulun 27-də “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və siyasətçi Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və institutun əməkdaşı Əli Zeynal 14 il, Ramil Babayev, İlkin Əmrahov və “Toplum TV” əməkdaşı Müşfiq Cabbar 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Daha sonra onlara qarşı əlavə ittihamlar irəli sürülüb.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, cinayət işinin siyasi sifariş olduğunu, peşəkar və ictimai-siyasi fəaliyyətlərinə görə həbs edildiklərini bildirirlər. (AbzasMedia)
