40 gün əvvəl Avropa qaza gəlib, Rusiyanı sentyabradək yenidən diz çökdürmək planı qurmuşdu. Hətta onların sözçüsü Zelenski ultimatumla danışırdı. O vaxt onlar, həqiqətən də, Rusiyanı onların şərtlərini qəbul etməyə məcbur edə biləcəklərinə inanmışdılar. Belə düşünmək üçün əsasları aşağıdakılar idi:
İlon Mask Rusiyanı Starlink rabitə şəbəkəsindən məhrum etmişdi, Rusiyanın isə analoji keyfiyyətə və sürətə uyğun rabitə şəbəkəsi yoxdur. Qərarqəbuletmədə sürətin birinci dərəcəli rol oynadığı müasir müharibədə rabitə qədər əhəmiyyətli heç nə yoxdur.
ABŞ və Avropa süni intellektlə təmin olunmuş on minlərlə yeni dronlar istehsal etmiş və Ukraynaya vermişdi. Onların sayəsində Ukrayna “middle strike” əməliyyatına başlamışdı. “Middle strike” orta məsafəyə (30-300 km) zərbələri nəzərdə tutur. Bunun əhəmiyyəti nədir? Cəbhənin bütün təchizat şəbəkəsi orta məsafədə yerləşdirilir və ya daşınmalar bu məsafədə aparılır. Minlərlə Ukrayna dronu istər quru, istər dəniz üzərində bu məsafədə uçur və dronun “beyninə” yüklənmiş proqram üzrə hədəfə oxşar nə görürdüsə, özü avtomatik ona hücum edir. Bunun nəticəsində cəbhə xəttinə və Krıma nəinki hərbi, heç mülki yüklər də daşımaq mümkün deyildi – bütün yük maşınları vurulurdu. Sürücülər yola çıxmaq istəmirdilər. Dronlar sərbəst qərar qəbul etdiklərindən onların operatorla radioelektron əlaqəsi yoxdur, bu isə onlara qarşı REM istifadəsini mənasız edir.
Qərbin kosmik kəşfiyyatı və idarəetməsi sayəsində Ukrayna uzaqmənzilli dronlarla Rusiyanın bütün NEZ-lərini vurmalı və onun yanacaq istehsalını iflic etməli idi. Paralel olaraq, Rusiya daxilində çoxsaylı diversiyalar olmalı idi. Kütləvi istehlak mallarının ən böyük anbarları da vurulmalı idi ki, müəyyən qıtlıq yaransın və əhali etirazlara qalxsın.
Bütün bunları necə kütləvi siyasi etirazlara çevirmək isə Qərbin dəfələrlə sınaqdan çıxarılmış Maydan texnologiyasının işi idi.
Sanki hər şey yaxşı planlaşdırılmışdı. Amma… yenə hər şey tərsinə çevrildi.
Rusiya sadalanan bütün problemlərə çarə tapdı – bu ayrı söhbətin mövzusudur. Ukraynaya qarşı isə onun taktikasını (“middle strike”) tətbiq etdi. Tezliklə Ukraynanın Qara dənizdəki hər 3 limanı (Odessa, Çernomorsk və Nikolayev) iflic oldu, Dunay çayı üzərindəki limanların (İzmail, Kiliya və Reni) tam dayanması isə zaman məsələsidir. Ukrayna üçün dəniz limanlarının işləməməsi fəlakətdir. Onun ərzaq (taxıl və bitki yağları) və metal (dəmir, mis və s.) ixracını, silah-sursat və yanacaq idxalını dəniz daşımalarısız təsəvvür etmək mümkün deyil. Limanlar 2 ay işləməsə, bu özünü cəbhədə və mülki həyatda aydın şəkildə göstərəcək. Artıq metallurgiya şirkətləri fəaliyyətlərini dayandırırlar, fermerlər məhsullarını ixrac edə bilmədiklərinə görə etiraz edirlər…
Avropa başladığı avantüraya görə peşman olub. Onsuz da onlar qışda Ukraynanı saxlamağın çox baha başa gələcəyini düşünüb, qışa qədər Rusiyanı çökdürməyi planlaşdırmışdılar. Amma indiki şərtlərlə Ukraynanı qışda saxlamaq əvvəlkindən də baha başa gələcək.(!!!)
Buna görə də 40 gün əvvəl ultimatumla danışanlar indi atəşkəsə nail olmaq üçün vasitəçilər axtarırlar:
Əvvəl Rusiyaya müxtəlif kanallarla mesajlar göndərdilər ki, onlar atəşkəsə razıdırlar. Hətta İsveçrədə Rusiya nümayəndələri ilə gizli görüş keçirtdilər. Lakin Rusiya müharibənin kök səbəbləri həll edilmədən atəşkəsə razı olmadığını bildirdi.
İndi Aİ Braziliyanın prezidentindən xahiş edir ki, Putini atəşkəsə razı salmaq üçün dilə tutsun.
Türkiyə XİN təklif edir ki, dənizdə atəşkəs elan olunsun – Rusiya eyni cavabı verdi.
Zelenski son günlər bir neçə dəfə quru və dənizdə mülki obyektlərə hücum üzrə atəşkəs elan etməyi təklif etdi. Hərçənd “Wildberries” anbarlarını vuranda sevinci yerə-göyə sığmırdı. İndi Rusiya da eyni təyinatlı Ukrayna anbarlarını vurur deyə bəzi şəhərlərdə satış şəbəkələrinin piştaxtaları boş qalıb.
Avropa Trampdan xahiş edir ki, Uitkof-Kuşner cütlüyünü Moskvaya tez göndərsin və atəşkəsə nail olmaq üçün əlindən gələni etsin…
İnanmıram ki, bu dəfə Rusiya güzəştə gedəcək.
