29 C
Bakı
16 Avqust 2026 14:04
CəmiyyətHadisə

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

Abşeron Rayon Məhkəməsi həyat yoldaşına azı 27 il fiziki və psixoloji zorakılıq göstərərək onu özünü öldürmə həddinə çatdırmaqda təqsirli bilinən kişiyə 3 il həbs cəzası verib.

Bu, Cinayət Məcəlləsinin 125-ci maddəsinin nəzərdə tutduğu minimum cəzadır. Məhkəmə cəzanı müəyyən edərkən mərhum qadının hüquqi varisi olan oğlunun atası ilə “barışmasını” və kişinin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini yüngülləşdirici hal sayıb.

Qadının 2025-ci ildə Abşeron rayonunun Məmmədli qəsəbəsindəki evində həyatına son qoyduğu bildirilir. Ölümündən əvvəl o, polisə ərinin özünü və uşaqlarını döydüyü barədə müraciət etsə də, cinayət işinin başlanması rədd edilib. Prokurorluq sonradan bu qərarı əsassız sayaraq ləğv edib.

Kişi barəsində cinayət işi qadının ölümündən sonra başlanıb.

Hökm avqustun 3-də Abşeron Rayon Məhkəməsində hakim Elvin Teymur-Zadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Məhkəmə zorakılığın azı 27 il davam etdiyini müəyyən edib

İttihama görə, 1967-ci il təvəllüdlü kişi həyat yoldaşına ən azı 1998-ci ildən mütəmadi zorakılıq edib.

Hökmdə 1998, 2000, 2017, 2018, 2019, 2020, 2021, 2022 və 2025-ci illərə aid ayrı-ayrı zorakılıq epizodları qeyd edilib.

İttiham tərəfi bildirib ki, kişi əvvəlcə Gədəbəydə, 2000-ci ildən Bakının Balaxanı qəsəbəsində, daha sonra Məmmədlidə yaşadıqları evdə qadını döyüb, təhqir edib, evdən qovmaq və ona daha ağır xəsarət yetirməklə hədələyib.

İstintaq zorakılığın azı 27 il davam etdiyi nəticəsinə gəlib. Qadın isə yaxınlarına göndərdiyi mesajlarda ərindən 35 il ərzində zorakılıq gördüyünü yazıb.

Sonuncu münaqişə onun ölümündən əvvəlki axşam, saat 22 radələrində baş verib. Qadın ertəsi gün həyatına son qoyub.

“Otuz beş ildə mənə vermədiyin əzab-əziyyət qalmadı”

İş üzrə əsas sübutlardan biri qadının telefonundan götürülən mesajlar və səs yazıları olub.

O, yaxınlarına göndərdiyi mesajlardan birində belə yazıb:

“Bu otuz beş ildə mənə vermədiyin əzab-əziyyət qalmadı”.

Başqa mesajında qadın ərinə müraciətlə yazıb:

“Məni aclıqla imtahana çəkməyə çalışdın, amma mən acından ölmədim, ancaq sənin əlindən öldüm… məni sən öldürdün”.

Digər mesajda isə belə deyilir:

“Mən bu həyatda bir ay yeddi gün nəfəs alıb insan kimi yaşamışam”.

Telefon yazışmalarına əsasən, kişi ailə üzvlərinə “siz acından öləcəksiniz, siz dolana bilməyəcəksiniz, mənə möhtac qalacaqsınız” deyirmiş.

Qadın polisə müraciətindən nəticə əldə edə bilməməsini də mesajlarında təsvir edib:

“Sən məni görünən yerimə vurmamışdın, boynumun dalına vurmuşdun… polislərə də heç nə sübut edə bilmədim”.

Polis şikayətdə cinayət tərkibi görməyib

Qadın 2025-ci ildə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək ərinin onu və uşaqlarını döydüyünü bildirib.

Müraciət Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırılıb. Araşdırmanı polis əməkdaşı Faiq Bədəlov aparıb.

Polis Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsini – əməldə cinayət tərkibinin olmamasını – əsas gətirərək cinayət işinin başlanmasını rədd edib. Sabunçu rayon prokuroru daha sonra həmin qərarı “əsassız olduğu üçün” ləğv edib.

Buna baxmayaraq, qadın sağ olduğu müddətdə əri barəsində cinayət işi başlanmayıb.

Yerli inzibati ərazi nümayəndəliyinin kişiyə verdiyi xasiyyətnamədə də onun barəsində “heç bir yazılı və ya şifahi şikayətin daxil olmadığı” bildirilib.

Qadın ərindən maddi asılı vəziyyətdə olub

Məhkəmənin müəyyən etdiyinə görə, qadın uzun illər işləməyib və ərinə məxsus evdə yaşayıb. Onun ayrıca mənzil almaq və ya kirayələmək üçün maddi imkanı olmayıb.

O, ölümündən təxminən bir ay əvvəl şirniyyat sexində aylıq 400 manat maaşla işə başlayıb.

Gəlininin ifadəsinə görə, qadın öz maaşı ilə paltar alanda belə əri buna etiraz edib və onun qazancını necə xərclədiyinə nəzarət edib.

İttihamda kişinin qadını qida ilə təmin etməməklə və aclıq vəziyyətində saxlamaqla onun iradəsini sarsıtmağa çalışdığı da göstərilib.

Ekspertiza qadının vəziyyəti ilə ərinin davranışları arasında əlaqə müəyyən edib

Məhkəmə-tibb ekspertizası qadının bədənində ölümündən 3-5 gün əvvəl küt əşyanın təsirindən yarandığı bildirilən sıyrıq və qançırlar aşkarlayıb.

Ölümündən sonra aparılmış psixoloji-psixiatrik ekspertiza isə qadının düşdüyü depressiv vəziyyətlə ərinin davranışları arasında səbəb-nəticə əlaqəsinin olduğu qənaətinə gəlib.

Ekspertlər mütəmadi alçaltma və fiziki zorakılıqla yanaşı, kişinin övladlarını təhqir etməsini və onlara əl qaldırmasını, gəlinini azyaşlı uşağı ilə evdən qovmasını, həyat yoldaşının gözü qarşısında başqa qadına yaxın münasibət nümayiş etdirməsini də qadının psixoloji vəziyyətinə təsir edən hallar sırasında göstəriblər.

Şahid ifadəsinə görə, kişi toy məclislərindən birində müğənni qadınla yaxınlığını həyat yoldaşının, uşaqlarının və digər qonaqların gözü qarşısında nümayiş etdirib.

Kişinin özünün psixiatrik müayinəsi zamanı xroniki ruhi xəstəlik aşkarlanmayıb. O, anlaqlı hesab edilib, ekspert rəyində xarakterində “psixopatik cizgilərin” olduğu qeyd olunub.

Övladları məhkəmədə ifadələrini yumşaldıblar

Kişi məhkəmədə özünü təqsirli bilməyib. O, həyat yoldaşını heç vaxt döymədiyini və təhqir etmədiyini, aralarında problem olmadığını deyib.

Məhkəmə onun bu ifadəsini “məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə mövqeyi” kimi qiymətləndirib.

Cütlüyün övladları ibtidai istintaq zamanı analarının ölümündə atalarını günahlandırıblar. Ancaq məhkəmədə ifadələrini yumşaldıblar.

Məhkəmə bu dəyişikliyi onların atalarına cəza veriləcəyindən qorxmaları ilə əlaqələndirib və ilkin ifadələri daha mötəbər sayıb.

Bununla belə, mərhumun hüquqi varisi kimi tanınan oğlunun atası ilə “barışıq əldə etməsi” cəzanı yüngülləşdirən hal kimi qəbul edilib.

Kişinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması da onun xeyrinə nəzərə alınıb. Məhkəmə cəzanı ağırlaşdıran hal müəyyən etməyib.

Beləliklə, 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutan 125-ci maddə üzrə kişiyə ən aşağı hədd – 3 il həbs verilib.

İttihamda ona Cinayət Məcəlləsinin 133.1-ci – “əzab vermə” maddəsi də irəli sürülüb. Lakin məhkəmə bu maddəni ittihamdan çıxarıb və mütəmadi döyülməni ayrıca cinayət deyil, 125-ci maddədə nəzərdə tutulan “amansız rəftar”ın tərkib hissəsi hesab edib.

Kişi istintaq və məhkəmə prosesi ərzində azadlıqda qalıb. Onun barəsində yalnız “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. O, hökm oxunarkən məhkəmə zalında həbs olunub.

“Özünü öldürmə həddinə çatdırma” maddəsi Azərbaycanda məhkəmə praktikasında nadir tətbiq olunan maddələrdəndir. Baş Prokurorluğun Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda da intihar faktları üzrə araşdırmaların əksəriyyətinin cinayət təqibi ilə nəticələnmədiyi, qanunvericilikdə isə “amansız rəftar” anlayışının məzmununun açıqlanmadığı qeyd olunub.

Azərbaycanda son illərdə məişət zorakılığı ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilib. 2024-cü ildə qüvvəyə minən dəyişikliklərlə qısamüddətli mühafizə orderinin verilməsi məcburi xarakter alıb, onun müddəti 30 gündən 60 günədək artırılıb. Eyni zamanda, məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət hesabına hüquqi yardımla təmin edilməsi və bu sahədə monitorinq və əlaqələndirmə qruplarının yaradılması nəzərdə tutulub.

2024-cü ilin dekabrında qanuna edilən başqa dəyişikliklə cinayət əlamətləri müəyyən edilməyən məişət zorakılığı şikayətlərinə, bir qayda olaraq, beş gün ərzində baxılması müəyyənləşdirilib. Təcili müdafiə tədbirlərinin tələb olunduğu hallarda isə müraciətə 24 saat ərzində baxılmalıdır. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilməli, araşdırmanın nəticəsindən asılı olaraq mühafizə orderinin verilməsi, sığınacaqla təminat və digər tədbirlərdən eyni vaxtda bir neçəsi tətbiq oluna bilər.

2025-ci ilin sonunda isə uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət edən məişət zorakılığı qurbanları dövlət rüsumundan azad ediliblər.

Bununla belə, qadın hüquqları müdafiəçiləri əsas problemlərdən birinin qanunların praktikada icrası olduğunu bildirirlər. Feminist fəal Gülnara Mehdiyeva 2025-ci ildə yazırdı ki, qanunvericilikdə irəliləyişlər olsa da, polisin zorakılığa “şəxsi məsələ” kimi yanaşması, mühafizə orderlərinin əldə edilməsinin çətinliyi və onların zəif icrası ilə bağlı problemlər qalır. İnsan hüquqları üzrə hüquqşünas Zibeydə Sadıqova da dövlətin qadınların müdafiəsi üçün yetərli tədbir görmədiyini, polisə müraciətdən və sığınacaqdan sonra belə zərər çəkmiş qadınların təhlükəsiz və müstəqil həyata keçməsi üçün mexanizmlərin yetərli olmadığını bildirib.

Azərbaycan qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınmasına dair İstanbul Konvensiyasını indiyədək nə imzalayıb, nə də ratifikasiya edib. Avropa Şurası Parlament Assambleyasının komitəsi 2026-cı ilin martında Azərbaycanı Konvensiyaya qoşulmağa çağıran ölkələr sırasında göstərib. (AbzasMedia)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Taliban Əfqanıstanı qadınlar üçün cəhənnəmə çevirib

redaktor

AYNA-nın “pulsuz avtobus mümkün deyil” arqumenti nə dərəcədə əsaslıdır?

redaktor

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor