Cəmiyyət

AYNA-nın “pulsuz avtobus mümkün deyil” arqumenti nə dərəcədə əsaslıdır?

Bu gündən “28 May”–“Nizami” arasında metro hərəkəti dayandırılıb. Qırmızı və Yaşıl xətlərin ayrılması üçün görülən işlər, sərnişin yükünü azaltmaq məqsədilə ekspress avtobusların təşkili vacib və faydalı addımlardır.

Amma bir məsələ açıq qalır. Sərnişinlərə, xüsusilə həssas qruplara özlərindən asılı olmayan məcburi transfer və əlavə xərclərə görə güzəşt verilə bilərmi?

AYNA rəhbəri Anar Rzayev bu gün Real TV aparıcısının məhz bu mahiyyətdə olan sərrast və haqlı sualını cavablandırıb.
Məni cavabın mənfi olması deyil, onun əsaslandırılması çox təəccübləndirdi. Məəttəl qaldım.

AYNA rəhbəri bildirdi ki, pulsuz daşınma daha çox aeroport kimi qapalı sistemlərdə mümkündür. Şəhərdə isə ekspress avtobuslara yalnız metrodan çıxanlar deyil, digər sərnişinlər də minəcək. Metrodan çıxanların bir hissəsi isə başqa ümumi marşrutlardan da istifadə edəcək. Yəni, “qarışıqlıq” olacaq.

Klassik, oflayn sərnişin idarəetməsi baxımından bu izahda müəyyən məntiq var. Amma rəqəmsal transformasiya baxımından bu arqumentlə razılaşmaq birmənalı olaraq mümkünsüzdür.

Axı rəqəmsallaşma elə bu tip problemləri həll etmək üçündür.
Dünyada belə məsələlər sərnişini fiziki olaraq “metrodan çıxan” və “küçədən minən” kimi ayırmaqla deyil, rəqəmsal ödəniş sisteminin transferi tanıması ilə həll edilir. Bunun müxtəlif texnoloji modelləri var.

Elə bizim özümüzdə , Bakıda bunun üçün baza da mövcuddur. BakıKart metro və avtobuslarda işləyir, ölkədə QR və NFC kimi rəqəmsal ödəniş imkanları tətbiq olunur. Prezidentin 7 may 2026-cı il Fərmanı ilə BakuBus Metropolitenə birləşdirilib və müxtəlif nəqliyyat növlərinin inteqrasiyası, vahid idarəetmə və rəqəmsal ödəniş həllərinin tətbiqi qarşıya məqsəd qoyulub.
Məsələn, sistem metrodan çıxmış sərnişinin müəyyən vaxt ərzində avtobusa keçidini tanıya və ona pulsuz və ya güzəştli transfer tətbiq edə bilər.

Çox təəccüblüdür. AYNA-nın öz informasiya sistemlərinin təkmilləşdirilməsi üçün bu yaxınlarda təxminən 14 milyon manatlıq satınalma elan etməsi fonunda “sərnişinləri ayırmaq mümkün deyil, hamı ekspressə minəcək” arqumenti xüsusilə təəccüblü səslənir.

Bir daha vurğulayıram. Metroda görülən işlər, ekspress avtobusların təşkili, ictimai dinləmələrin keçirilməsi, dayanacaqlarda əlavə şərait yaradılması və digər tədbirlər təqdirəlayiqdir.

Amma dövlətin zəruri layihəsi nəticəsində sərnişinlərin, xüsusilə tələbələrin aylarla əlavə xərc çəkməsini normal hesab etmək olmaz.

Həm də axı AYNA-nın belə bir imkanı var. Ən azı xərclərin bir qismi qarşılana bilər. AYNA RİNN-in tabeliyindədir. Metropoliten də AZCON tərkibindədir. Bunları birləşdirən ortaq xətt RİNN-dir. Düşünürəm ki, RİNN məsələyə müdaxilə etməli, rəqəmsal güzəştli transfer modelinin hazırlanmasına dəstək verməlidir.

Ölkənin vahid rəqəmsal arxitekturasının qurulması ilə bağlı bir müddət öncə Prezidentin verdiyi tapşırıqların mahiyyəti də məhz budur.
Rəqəmsal transformasiyanın üstünlüyü ondadır ki, fiziki olaraq ayıra bilmədiyimizi data və texnologiya ilə ayıra bilək.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor

Heç kim unudulmur, heç nə yaddan çıxmır…

redaktor