Azərbaycanda 2026-cı ilin iyulunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,8 faiz artıb. İyun ayı ilə müqayisədə isə qiymətlərdə 0,1 faiz azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk yeddi ayında istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib.
Ən yüksək artım qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında qeydə alınıb – bu qrup üzrə qiymətlər 6,8 faiz bahalaşıb. Ödənişli xidmətlər 5,7 faiz, qeyri-qida məhsulları isə 3,8 faiz bahalaşıb.
İyulda qida məhsullarının qiyməti iyunla müqayisədə 0,4 faiz azalsa da, ötən ilin iyuluna nəzərən 7,3 faiz yüksək olub.
Ay ərzində uzun düyü, makaron, mal və qoyun əti, qatıq, kəsmik, yumurta, marqarin, limon, albalı, gilas və ərik kimi məhsullar bahalaşıb. Ağ kələm, göyərti, yerkökü, soğan və süfrə duzunda da qiymət artımı qeydə alınıb.
Eyni zamanda, mövsümi meyvə-tərəvəzlərin bir hissəsi ucuzlaşıb. Banan, alma, armud, gavalı, şaftalı, qarpız, yemiş, üzüm və çiyələyin, eləcə də xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, sarımsaq və kartofun qiyməti aşağı düşüb.
Qeyri-qida məhsullarının qiyməti iyunla müqayisədə dəyişməyib, ötən ilin iyuluna nəzərən isə 3,7 faiz artıb. Boya, avtomobil ehtiyat hissələri və mühərrik yağları bahalaşıb, zərgərlik məmulatları isə ucuzlaşıb.
Ödənişli xidmətlərdə aylıq qiymət artımı 0,3 faiz, illik artım isə 5,4 faiz olub. İyulda mənzil kirayəsi, ölkədaxili istirahət turları, kafe və restoran xidmətləri bahalaşıb.
Mərkəzi Bank qiymət artımında xarici amillərin rolunu önə çəkir. Qurumun iyunun 24-də yaydığı açıqlamada dünya ərzaq və gübrə qiymətlərinin yüksəlməsi, nəqliyyat və logistika xərclərinin artması, əsas ticarət tərəfdaşlarından inflyasiyanın idxalı və manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempinin zəifləməsi əsas risklər sırasında göstərilib.
Müstəqil iqtisadçılar isə xarici amillərlə yanaşı, daxili struktur problemlərinin də qiymətlərə təsir etdiyini deyirlər. Onların fikrincə, Azərbaycanın idxaldan asılılığı qlobal bahalaşmanı daxili bazara ötürür.
Eyni zamanda rəqabətin zəifliyi və bazardakı monopoliyalar problemlər sırasında göstərilir, yerli istehsalın gücləndirilməsi, biznes xərclərinin azaldılması və əsas ərzaq məhsulları üzrə vergi-gömrük siyasətinə yenidən baxılması təklif edilir. (AbzasMedia)
