CəmiyyətDünya

Azərbaycan da Türkmənistan kimi?

Professor Altay Göyüşov maraqlı bir məsələyə diqqət çəkib.

İnsan Bakıdan Tiflisə qatar bileti alır, amma geriyə bilet tapa bilmir. Ona deyilir ki, narahat olma, Tiflisdə taparsan. Gedib orada da tapa bilməyəndə qarşısında daha bahalı alternativ qalır: təyyarə.

Göyüşov bunu istehza ilə belə yozur: quru sərhədlərini illərlə bağlı saxlamısan, AZAL-a alternativləri məhdudlaşdırmısan, indi də vətəndaş qatarla ucuz gedib-gəlmək istəyir?

Azərbaycanda bu fikrə inananların çox olmasına təəccüblənmirəm. Çünki problem bir qatar biletindən daha böyükdür.

Düzdür, qayıdış biletlərinin qəsdən məhdudlaşdırılaraq insanların AZAL-a yönəldildiyini sübut edən fakt hələ yoxdur. Bunun araşdırılması lazımdır. Ancaq bunu kim araşdıracaq ki. Jurnalistlər daha ciddi işlərlə məşğuldurlar. Bununla belə, sərnişinlərin Tiflisdən qayıdış bileti tapa bilməməsi barədə real şikayətlər var. Özü də həddindən artıq çoxdur.

Əslində, Azərbaycan burada dünyada tək deyil.

Məsələn, Türkmənistanda dövlət vətəndaşların xaricə səfərinə ciddi məhdudiyyətlər qoyur. Human Rights Watch insanların bəzən izahat verilmədən beynəlxalq təyyarələrə buraxılmadığını sənədləşdirib. OCCRP-nin araşdırmasında isə dövlətin nəzarət etdiyi aviasiya sektorunda rəqabətin boğulması, monopoliya və bunun nəticəsində insanların həddindən artıq yüksək bilet qiymətləri ödəməsi təsvir olunur.

Belə sistemlərin biznes məntiqi qəribə dərəcədə sadədir:

Əvvəl alternativi məhdudlaşdırırsan.
Sonra öz xidmətini təklif edirsən.
Axırda vətəndaş “müştəri” olur.

Amma buna normal bazar iqtisadiyyatında müştəri demirlər.

Çünki müştərinin əsas hüququ seçməkdir.

Seçim yoxdursa, rəqabət də yoxdur. Rəqabət yoxdursa, qiyməti və keyfiyyəti müəyyən edən vətəndaş deyil — monopolist olur.

Ona görə məsələ Tiflis qatarından və ya AZAL-dan da böyükdür.

Dövlət vətəndaşa xidmət etmək üçün mövcuddur. Vətəndaşı özünün yaratdığı çətinlikdən çıxmaq üçün yenidən dövlətə pul ödəməyə məcbur etmək üçün yox.

Altay Göyüşovun istehzasındakı ən ağrılı cümlə də bəlkə budur:

“Rəiyyət mağmun olanda nə olar, gərək elə sıxıb suyunu çıxardasan?”

Problem ondadır ki, XXI əsrdə artıq “rəiyyət” deyilən anlayış olmamalıdır.

Vətəndaş olmalıdır.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

Özünə xəyanət etmiş adamlara heç nəyi əmanət etmək olmaz

redaktor