Bəzi təhlilçilərin “Sünni NATO”, bəzilərinin “İslam NATO-su” adlandırdıqları “Məkkə Birgə Müdafiə Sazişi”nin qeyri-ciddi bir məsələ olacağı əvvəlcədən də məlum olsa da, təsdiqlənməsi üçün 24 saatdan az vaxt lazım oldu.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dindar müsəlmanlar üçün ən müqəddəs şəhər olan Məkkədə “Məkkə Birgə Müdafiə Sazişi”nin yaradıldığını bəyan edən sazişə atdıqları imzalar qurumamış “husilər” adlandırılan Yəməndəki “Ənsarullah” təşkilatı Səudiyyə Ərəbistanının hərbi qüvvələrinə, silah və neft anbarlarına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdilər. Zərbələr nəticəsində neft anbarlarında yanğın baş verib. “Ənsarullah” təşkilatının yaydığı açıqlamada heç bir qüvvənin Səudiyyə Ərəbistanını qoruya bilməyəcəyi də ayrıca olaraq vurğulandı.
NATO-nun 5-ci maddəsinə bənzətmə edərək “Məkkə Birgə Müdafiə Sazişi”ni təsis edən ölkələrdən birinə hərbi müdaxilənin digər ölkələrə hərbi müdaxilə anlamına gələcəyi sazişinə imza atan Türkiyə və Pakistan husilərin hərbi zərbə endirdiyi Səudiyyə Ərəbistanını qorumaq üçün hərbi gücə əl atmaqdan çəkindilər.
Ümumiyyətlə, Pakistan Səudiyyə Ərəbistanını qorumaq üçün hərbi tədbirlərə əl atmaq niyyətdə olmadığını son 11 ayda dəfələrlə sübut edib. Ötən ilin sentyabrında Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanmış “Strateji Qarşılıqlı Müdafiə Sazişi”nin şərtlərinə görə tərəflərdən biri üçüncü bir ölkə tərəfindən hərbi müdaxiləyə məruz qalarsa, digəri onu müdafiə etməlidir. Strateji Qarşılıqlı Müdafiə Sazişinin imzalanmasından ötən 11 ay ərzində Səudiyyə Ərəbistanı dəfələrlə hücuma məruz qalsa da Pakistan müttəfiqini müdafiə etmək üçün hərbi gücə əl atmaqdan yayınıb. Bu da təsadüfi deyil.
Səudiyyə Ərəbistanından ciddi şəkildə maliyyə asılılığı olan Pakistan “Strateji Qarşılıqlı Müdafiə Sazişi” və “Məkkə Birgə Müdafiə Sazişi” kimi heç bir hüquqi qüvvəsi olmayan sənədlərə imza atmasına baxmayaraq Səudiyyə Ərəbistanını qorumaq üçün heç nə etmir və bundan sonra da etməyəcək. Çünki, Səudiyyə Ərəbistanını qorumaq üçün Pakistan İrana və onun proksi qüvvələrinə qarşı hərbi əməliyyatlara başlaya bilməz. Belə bir addımın Pakistandakı şiə icmasının hökumət əleyhinə çıxışlarına səbəb ola və bu İslamadın hər vəclə yayınmağa çalışdığı sünni-şiə qarşıdurmasını yenidən alovlandıra bilər.
Bəluc və puştunların hücumlarının artdığı bir zamanda sünni-şiə qarşıdurması ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər. Digər tərəfdən İslamabad İranın zəifləyərək parçalanmasından da qorxur. İranın bölünəcəyi halda Sistan və Bəlucistan əyalətinin dərhal müstəqilik qazanacağını, bunun isə Pakistanın Bəlucistan əyalətində öz müqəddratını təyin etmə hərəkatını tətikləyəcəyini İslamabadda yaxşı bilirlər. Bəlucistan əyaləti isə Pakistanın ərazinin təxminən 44 faizini təşkil edir.
Ağır sosial-iqtisadi böhran keçirən Türkiyə də Səudiyyə Ərəbistanına görə sonu görünməyən, məzhəb savaşı görüntüsü ala biləcək hərbi qarşıdurmaya qoşulmaqda maraqlı ola bilməz. Suriyadakı ələvi icmasına qarşı qətliamlara Türkiyədəki ələvi icmasının sərt reaksiyası da Ankaranı diqqətlə hərəkət etməyə vadar edir. Xatırladım ki, Suriyada ələvi icmasına qarşı qətliamlar törədilərkən Türkiyədəki nüfuzlu ələvi təşkilatları Ankaranı ələvilərə qarşı soyqırımda iştirakda ittiham etmişdi.
Digər tərəfdən Pakistan kimi Türkiyə də İranın zəifləyərək bölünməsindən qorxur. İranın bölünəcəyi halda müstəqil kürd dövləti yaranacaq ki, bu da Türkiyənin bütövlüyünü təhlükəyə atacaq.
Sual yarana bilər ki, Türkiyə bunu bilə-bilə nə üçün “Məkkə Birgə Müdafiə Sazişi”nə qoşulub. Pakistan kimi Türkiyə də ağır sosial-iqtisadi böhran keçirir və Ankara İslamabad kimi Ər Riyyadın maliyyə dəstəyini qazanmağa çalışır.
Heç bir təsiri olmayan “Məkkə Birgə Müdafiə Sazişi”ni doğuran əsas səbəb Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın maraqlarıdır. Belə məlumatlar var ki, Səudiyyə Ərəbistanın kral ailəsində vəliəhd şahzadə Məhəmməd bin Salmanın mövqeləri zəifləyib. Kral ailəsinin bəzi üzvüləri vəliəhd şahzadə Məhəmməd bin Salmanın ölkənin maraqlarını qoruya bilməməkdə də, xüsusilə ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edirlər. Vəliəhd şahzadəyə qarşı ittihamlardan biri də ondan ibarətdir ki, Pakistanla heç bir əməli nəticəsi olmayan “Strateji Qarşılıqlı Müdafiə Sazişi”ni imzalamaqla dünyanın böyüyən iqtisadi gücü Hindistanla münasibətlərini zədələyib. Kral ailəsində Pakistanla əlaqələrə görə Hindistan bazarının itiriləcəyindən narahatdırlar. Tez-tələsik “Məkkə Birgə Müdafiə Sazişi”nin imzalanması vəliəhd şahzadə Məhəmməd bin Salmanın ölkənin təhlükısizliyini qorumaq üçün hər şey etdiyini göstərməyə xidmət edir.
Bütün bunların göz önündə olmasına baxmayaraq Türkiyə və Azərbaycanda islamçı dairələr “Məkkə Birgə Müdafiə Sazişi”ni “İslam NATO-su”nun yaranması, mehmetçiyin 110 il sonra Məkkənin müdafiəsinə dönməsi kimi təqdim edirlər. Daha radikal islamçılar isə “Məkkə Birgə Müdafiə Sazişi”ni “kafirə qorxu, ümmətə ümid” kimi təqdim edirlər. Bütün bunlar faydasız olduğu kimi, həm də zərərli işlərdir. Təəssüf ki, Türkiyədə bəziləri, o cümlədən xarici işlər naziri Hakan Fidan Azərbaycanın da “Məkkə Birgə Müdafiə Sazişi”nə qoşula biləcəyinə işarələr vurub. Qənaətimcə, Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama ilə çıxış edərək ölkəmizin belə bir hədəfinin olmadığını rəsmən bəyan edərək siyasi spekulyasiyaya son qoymalıdır.
Radikal islamçıların“kafirə qorxu, ümmətə ümid” kimi təqdim etdikləri “Məkkə Birgə Müdafiə Sazişi”nin dini mahiyyət alacağı halda nə qədər təhlükəli olacağına başqa bir yazıda aydınlıq gətirəcəm.

