Türkiyə hökuməti Rusiya‐Ukrayna müharibəsi ilə bağlı siyasətini Kiyev lehinə korrektə etmək qərarına gəlib.
Ankara Türkiyə Silahlı Qüvvələrinin arsenalındakı ABŞ istehsalı olan bəzi silah‐sursat növlərinin Ukraynaya göndərilməsi (re‐eksportu) üçün Vaşinqtondan rəsmi icazə istəyib. Söhbət aşağıdakı silah‐sursat növlərindən gedir:
– 12 ədəd M270 reaktiv yaylım atəş sistemi. (M270 təkərli və 1 konteyner‐6 raketli HİMARS‐ın tırtıllı və 2 konteyner‐12 raketli versiyasıdır);
– M270 və HİMARS üçün 2524 ədəd M26 raketi;
– M270 və HİMARS üçün 70 ədəd M39 ATACMS taktiki ballistik raketi;
– 47 min ədəd 203 mm‐lik artilleriya mərmisi. (Bu mərmilərdən Ukrayna ordusundakı ABŞ istehsalı A110 və sovet istehsalı “Pion” artilleriya qurğularında istifadə edilir).
Türkiyənin indiyə qədər Ukraynaya birbaşa hərbi yarıdımları məhdud olub. Müharibə ərəfəsində Ukraynaya “Bayraktar” PUA‐ları, müharibə dövründə isə “Kirpi” zirehli maşınları, zirehli gödəkçələr və üçüncü ölkələr vasitəsilə 155 mm‐lik artilleriya mərmiləri satılıb. Ankara Ukrayna və Rusiya arasında vasitəçilik missiyası həyata keçirib, müharibənin ilk aylarında taxıl dəhlizinin açılmasında mühüm rol oynayıb. Eyni zamanda, həmin dövrdə bəzi türk şirkətləri Qərb sanksiyalarından yayınmaqda Rusiyaya kömək ediblər və işğalçı ölkəyə sanksiya altındakı məhsulların ixracını həyata keçiriblər. Sanksiyaya məruz qalmış bəzi rus oliqarxların yaxtaları Türkiyə sahillərində dolaşır, texniki xidmət alır. Bu səbəblərdən Ankara‐Moskva münasibətləri son vaxtlara qədər çox yaxşı səviyyədə olub.
Lakin Tramp hakimiyyətə qayıtdıqdan sonra ABŞ‐Türkiyə münasibətlərində dönüş yaranıb və tərəflər müttəfiqliyə yeni nəfəs verməyə başlayıblar. Ukraynaya hərbi yardım da bu prosesin tərkib hissəsidir. Ərdoğan hökuməti cinayətkarcasına Türkiyəni məhrum etdiyi F‐35 proqramına indi təkrar qayıtmağa çalışır. (Türkiyə bu proqramın 9 müəllifindən, istehsalçılarından biriydi və ilk mərhələdə 100 ədəd təyyarə alacaqdı). ABŞ‐ın əsas şərti Rusiyadan alınan S‐400 ZRK‐nın ölkədən çıxarılmasıdır. S‐400‐ün Körfəz ölkələrindən birinə (BƏƏ‐nin adı çəkilir) göndəriləcəyi barədə məlumatlar var. Lakin bu məsələyə Rusiyanın da razılığı lazım olduğu üçün Moskva ilə də danışıqlar gedir. Hakan Fidanın Rusiyaya son səfərində müzakirə mövzularından biri bu olub.
Onu da qeyd etməyə ehtiyac var ki, Ərdoğan hökumətinin Qərblə müttəfiqliyi restart etməsi və Türkiyənin Qərb üçün geostrateji əhəmiyyətinin yenidən “soyuq müharibə” dövründə olduğu kimi artması türk demokratiyasına baha başa gəlir. Əvvəlki CHP, hazırkı Yeni Partiyaya qarşı repressiyalar Qərbdə səssizliklə (Avropa solunun cılız etirazları xaricində) qarşılanır, başqa sözlə, bu repressiyalara “xeyir‐dua” verilib. ABŞ başda olmaqla Qərb Türkiyədə Ərdoğan kimi tək qərarverici, güclü liderin hökmranlığında maraqlıdır.
