Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Haber Global”a verdiyi açıqlama son illərdə Türkiyə cəmiyyətinin müəyyən kəsimlərində aparılan anti-Azərbaycan təbliğatına tutarlı cavab idi.
Məlum olduğu kimi, son illər bəzi Türkiyə media subyektlərində ardıcıl şəkildə “Azərbaycan İsrailə neft və qaz satır”, “İsrail Azərbaycan nefti ilə fələstinli uşaqları öldürür”, “Azərbaycana boykot” kimi çağırışlar səsləndirilir, hətta Azərbaycan dövlətinin başçısına qarşı neqativ çıxışlar edilir.
Aydındır ki, bunu edən dairələr “Bir millət, iki dövlət” prinsipinə xələl gətirməyə çalışan, Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmaq istəyən və müəyyən mərkəzlərdən təlimat alan, Türkiyənin daxilində yerləşdirilmiş destruktiv qüvvələrdir. Lakin onların anlamadığı bir həqiqət var: Türkiyə–Azərbaycan münasibətləri düşündükləri qədər kövrək deyil. Eyni zamanda, Azərbaycan da kiminsə təsiri altında hərəkət edən “çadır dövləti” deyil.
Bəzi dairələr, eləcə də həmin çevrələrə xidmət edən ünsürlər unudurlar ki, Azərbaycanın kifayət qədər güclü diplomatiyası və peşəkar diplomatik korpusu var. Hikmət Hacıyev də məhz peşəkarlığı ilə seçilən dövlət rəsmilərindəndir.
Prezidentin köməkçisi müsahibəsində qeyd edib ki, İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat edib. Çünki qardaş Türkiyənin maraqları hər zaman Azərbaycan üçün prioritet və “qırmızı xətt” olub.
Bu məqam xüsusi diqqət tələb edir. Məsələ ondadır ki, bu gün Türkiyə–Azərbaycan və İsrail–Azərbaycan münasibətləri Türkiyə ictimaiyyətinin müəyyən hissəsinə məqsədyönlü şəkildə yanlış təqdim olunur.
İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Yəni iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mövcuddur. Türkiyə isə Azərbaycanın müttəfiqi, qardaş dövlətidir. İki ölkə arasında münasibətlər təkcə milli maraqlara deyil, həm də ortaq tarixə, mənəvi dəyərlərə, dilə, mədəniyyətə və qardaşlığa söykənir.
Azərbaycanın bundan sonra İsrail kimi çoxsaylı strateji tərəfdaşları ola bilər. Necə ki, Rusiya, Çin və ABŞ ilə də strateji tərəfdaşlıq sənədləri imzalanıb. Lakin Bakı bu günə qədər Türkiyə istisna olmaqla heç bir ölkəyə “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yanaşmayıb. Hətta demək olar ki, bu yanaşma digər türk dövlətlərinə münasibətdə də bu qədər qabarıq şəkildə tətbiq edilmir.
Türkiyə mediasında tez-tez tirajlanan iddialardan biri də budur ki, guya Türkiyə ilə İsrail arasında hərbi qarşıdurma baş verərsə, Azərbaycan İsraili seçəcək. Halbuki bunun belə olacağını düşünmək üçün heç bir əsas yoxdur. Xatırlayaq ki, İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat edib və cənab Prezidentin tapşırığı ilə rəsmi Bakı intensiv diplomatik fəaliyyətə başlayıb. İsrail tərəfi də Azərbaycanın mesajlarını ciddi qəbul etdi. Bu isə onu göstərir ki, Bakının Təl-Əvivlə qurduğu münasibətlər o qədər əhəmiyyətlidir ki, İsrail Azərbaycanın mövqeyinə laqeyd yanaşmadı.
Hikmət Hacıyev müsahibəsində daha bir mühüm mesajı verdi:
“Türkiyənin olmadığı masada Azərbaycan var, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı atılan hər bir addıma qətiyyətlə cavab veririk və bundan sonra da verəcəyik”.
Bu sözlər təsadüfi deyil. Azərbaycan bu gün Türkiyənin istəyi ilə Suriyada bərpa və quruculuq prosesində, o cümlədən enerji layihələrində iştirak edir. Bakı Ankaranın maraqları naminə müxtəlif beynəlxalq platformalarda dəfələrlə Türkiyəyə açıq dəstək verib. Əlbəttə, bu, müttəfiqliyin yaratdığı öhdəlik və mənəvi borcdur.
Lakin Ankara da belə məsələlərdə daha diqqətli olmalı, Azərbaycanı hədəfə alan və iki ölkə arasındakı qardaşlığa zərbə vurmağa çalışan qüvvələrə qarşı daha sərt və prinsipial mövqe nümayiş etdirməlidir.
Fələstin, Qəzza və Qüds məsələləri, şübhəsiz ki, Ankara qədər Bakını da yaxından düşündürür. Amma heç bir regional və ya beynəlxalq siyasi proses Azərbaycan üçün Türkiyədən daha mühüm deyil. Bakının gözləntisi də məhz budur.
