Suriyada Əşara çevrilişi baş verəndən sonra İranın “Şiə hilalı” faktiki olaraq param-parça oldu. Çevrilişdən əvvəl “Şiə hilalı”nın İrandan başlayıb İraq-Suriya-Livan üzərindən Aralıq dənizinə qədər uzanan şimal qanadı arasında irtibat kəsildi. Hazırda İrandan Livana quru yolu ilə silah və hərbi yük göndərmək müşkül məsələyə çevrilib. ABŞ əsgərlərinin Hörmüz gərginliyi səbəbilə Ədən körfəzinə lövbər salması Ayparanın cənub qolunu da iflic etdi. İran istəsə belə, Yəmən husilərinə hərbi yardım göndərə bilməz. Husilərin Babül-Məndəb boğazını bağlaması Səudiyyə Ərəbistanı, Sudan, Misir, Efiopiya, Somali kimi və s. kimi region dövlətlərinin milli maraqlarını təhdid etdiyindən ABŞ-ın bu ölkələri Yəmənlə müharibəyə həvəsləndirməsinə münbit şərait yaradır. Yəqin ki, bu ilin sonuna qədər Yəməndə yeni cəbhənin yaranmasının şahidi olacağıq.
Hələlik isə əsas müzakirələr “Şiə hilalı”nın şimal qütbündə gedir. Yəni İraq və Livanda.
Livan
Sirr deyil ki, “Şiə hilalı”nın ən zəif nöqtəsi Livandır. Suriya İran proksilərindən təmizləndikdən sonra hər tərəfdən mühasirəyə alınmış Hizbullaha son zərbənin Livan daxilindəki qüvvələr tərəfindən endiriləcəyi gözlənilir. Təsadüfi deyil ki, ABŞ-İsrailin İrana son hücumundan bir neçə həftə sonra – 9 apreldə Livanla İsrail liderlərinin Vaşinqtonda bir araya gəldikləri və müzakirələrə başladıqları bildirildi. O dövrdən indiyədək görüşmələrin 6 turu arxada qalıb. İtaliyanın paytaxtı Romada düzənlənən 7-ci tur avqustun 4-də başlayıb və 15 avqusta qədər davam edəcək. Bu uzun sürən müzakirələrdə müəyyən razılaşmalar əldə olunub. İyunun 26-da keçirilən 5-ci turda tərəflər arasında “çərçivə sazişi” imzalanıb. Əldə olunan razılaşmaya görə, Beyrut hökuməti Hizbullahı Livan ordusuna inteqrasiya edəcək və bundan sonra İsrail əsgərləri işğal etdikləri ərazilərdən çıxacaq, Livanda asayişin təminatı öz ordularına həvalə olunacaq. Livan ordusunun bu öhdəliyi yerinə yetirməsi üçün ABŞ-ın ona 100 milyonlarla dollarlıq yardım ayırdığı da gələn bilgilər arasındadır.
Nə var ki, Livan dövləti ilə İsrail arasında əldə olunan razılaşmaların öz başında çatlayacağını anlayan Hizbullah açıq şəkildə Beyrutun bu öhdəliklərinə əməl etməyəcəyini bəyan edib. Hizbullahın baş katibi Naim Qasim dəfələrlə verdiyi açıqlamalarında İsraillə danışıqlara gedən rəsmi Beyrutu vətənə xəyanətdə günahlandırıb. Son zamanlara qədər Hizbullahın bu ittihamlarını görməzdən gələn Livan hökuməti suçlamalardan elə zinhara gəlib ki, artıq susmaq fikrində deyil. Livanın baş naziri Nəvaf Salam dünən nəhayət Hizbullahın ittihamlarına cavab verməli olub. O, Livana ən böyük xəyanəti öz ölkəsindən çox, İranın maraqlarını qoruyan Hizbullahın etdiyini vurğulayıb.
“Həqiqət budur ki, İsrailə ən böyük xidməti Livanı birtərəfli şəkildə “dəstək cəbhəsi”nin absurd müharibə macəralarına sürükləyənlər edir. Onlar İsrailə ölkəmizə hücum etmək, suverenliyimizi pozmaq, şəhərlərimizi və kəndlərimizi dağıtmaq, insanlarımızı öldürmək və yüz minlərlə insanı didərgin salmaq üçün bəhanələr verirlər”, – deyən Livanın baş naziri bunları qeyd edib: “Müharibəyə girmək qərarını inhisara alan və öz dövlətini xarici hesablaşmaların tərəfinə çevirən, livanlıların maraqlarını nəzərə almadan, dövlətin qərarvermə prosesinə nəzarəti ələ keçirməyə çalışanların vətənpərvərlikdən, xüsusən də suverenlikdən dəm vurmaq haqqına sahib deyillər”.
Salam həmçinin Qasimin Livan hökumətinə “müqavimət yolu ilə dialoq qapısını açmaq” çağırışını da sərt tənqid edib: “Dialoq və birlik yalnız həqiqəti qəbul etmək cəsarətini göstərməklə və livanlıların ağır bədəl ödəməyə davam etdiyi məsuliyyətsiz seçimlərə görə məsuliyyət daşımaqla qurula bilər. Xəyanət ittihamlarından imtina etmək, dialoq və milli həmrəylik çağırışlarında səmimiyyət göstərmək Livanın bu böyük çətinliklərlə üzləşmək qabiliyyətini gücləndirməyin ən təsirli yoludur.”
Hizbullahın tərksilah edilməsi qərarını Livanın suverenliyi ilə əlaqələndirən Nəvaf Salamın fikrincə, bu ölkənin “vahid və müstəqil qərarı olmadan, vahid ordusu yaranmadan və bütün ərazisi üzərində hakimiyyətini yalnız öz vasitələri ilə həyata keçirən bir dövlət qurulmadan suverenlik ola bilməz.”
Qısası, Nəvaf Salamın fikrincə, Hizbullahın tərk-silah olunması heç də İsrailin tələblərinin yerinə yetirilməsi üçün həyata keçirilmir. İsraildən çox bu qərar Livanın suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün vacibdir.
Yeri gəlmişkən, Hizbullahın bir başqa lideri, millət vəkili Həsən Fəzlullah bir müddət əvvəl “Əl-Mədain” TV-yə verdiyi bəyanatda açıq şəkildə rəsmi Beyrutun İsraillə bağladığı razılaşmanı qəbul etməyəcəklərini, lazım gələrsə, yerli hökumətlə savaşacaqlarını dilə gətirərək demişdi:
“Biz administrasiyanın bu kimi hərəkətinə müqavimət göstərəcəyik, müqavimətimizdən və silahlarımızdan daha möhkəm yapışacağıq. Etirazımızda ciddiyik və bu administrasiyanın vədlərini yerinə yetirməsinə imkan verməyəcəyik”.
Görünən budur ki, Livan Hizbullahı öz hakimiyyətini və İran rejimini qorumaq naminə ölkəsini dünyanın super gücünün bombardmanı altına atmaqdan çəkinmir, hər cür fədakarlığa hazır vəziyyətdə gözləyir. Fəda ediləcək tərəf isə təkcə özü yox, bütünlüklə Livan xalqı olacaq.
İraq
İlk baxışdan “Şiə hilalı”nın ən çətin ayağı İraq görünür. Çünki bu ölkənin hardasa 65%-i şiədir və onlar əksər hallarda məzhəb təəssübkeşi kimi davranırlar. Məncə, bu yanaşma yanlışdır. İraqda yaşayan ən böyük şiə mənəvi lideri Sistani dəfələrlə İranın proksisi sayılan Həşdi-Şabi birliklərinin buraxılması barədə çıxışlar edib, fitvalar verib. Həşdi-Şabi birlikləri hələ də bu fitvanın həyata keçirilməsinə mane olsalar da son zamanlar yaranmış siyasi vəziyyət rəsmi Bağdadı bu tələbi yerinə yetirməyə məcbur edə bilər. Əks halda ABŞ İraqın Nyu-york burjasında saxlanılan ehtiyat fonduna əl qoyacaq, nəticədə maaşlarını ala bilməyən hərbi qüvvələr İran proksilərini ayaqları altına alıb əzəcək.
Yəmən
Yəmən husilərinin də vəziyyəti ürəkaçan deyil. Səudiyyə Ərəbistanın huslərə qarşı yaratdığı hərbi ittifaq artıq fəaliyyətə keçib və İraqdakı Həşdi Şabi qüvvələri ilə yanaşı husiləri də ağır bombardman altında saxlayır.
Bunları deyərkən, heç də onu iddia etmirəm ki, İraq və Yəmən ABŞ müttəfiqləri tərəfindən işğal olunacaq. Əksinə, mənim fikrimcə, ABŞ-ın 1 nömrəli hədəfi Hörmüz və ya Babül-məndəb boğazını açmaq deyil. Tramp hakimiyyəti qarşıdan gələn seçkilərə qədər İrana hücumları yumşaltmaq, onun əl-qolunu bağlayaraq iqtisadi blokadaya almaq və daxilən çökdürməyə çalışır. Belə olan təqdirdə ona İranı olduğundan daha güclü göstərmək öz silahlarını baha qiymətə körfəz dövlətlərinə satmaq, bu regionda ərəb-fars və məzhəb müharibələri çıxarmaq lazımdır. Dərd burasındadır ki, İran da, yumşaq desək, öz düşünülməmiş addımları ilə buna xidmət edir.
