Ukrayna Respublikasının prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının müharibədəki itkiləri haqqında danışıb:
“Rusların ümumi itkisi 1.600.000 nəfərdir. Rusiyanın təxminən 700.000 hərbçisi həlak olub”.
O, həmçinin Ukrayna Respublikasının itkiləri barədə məlumat verib:
“Düzünü desəm, bu mövzuda çox açıq danışmaq istəmirəm. Çünki ruslar ordumuzda nə baş verdiyini anlayacaqlar. Təxminən 50.000 hərbçimiz həlak olub, 400.000 nəfər hərbçimiz isə yaralanıb”.
Amma maraqlıdır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təsbit etdiyi aybaay meyit dəyişmə statistikası tamamilə fərqli rəqəmləri ortaya çıxarır:
1) 2026-cı il yanvar ayının 29-da həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:
– Ukrayna Rusiyaya 38 rusiyalı hərbçinin nəşini qaytarıb.
– Rusiya isə Ukraynaya 1.000 ukraynalı hərbçinin nəşini təhvil verib.
2) 2026-cı il fevralın 26-da həyata keçirilmiş.
meyit mübadiləsi çərçivəsində:
– Ukrayna Rusiyaya 35 rusiyalı hərbçinin nəşini qaytarıb.
– Rusiya isə Ukraynaya həlak olmuş 1.000 ukraynalı hərbçinin nəşini təhvil verib.
3) 2026-cı il aprel ayının 9-da həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:
– Ukrayna Rusiyaya 41 rusiyalı hərbçinin nəşini qaytarıb.
– Rusiya isə Ukraynaya 1.000 ukraynalı hərbçinin nəşini təhvil verib.
4) 2026-cı il may ayının 16-da həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:
– Ukrayna Rusiyaya 41 rusiyalı hərbçinin nəşini qaytarıb.
– Rusiya isə Ukraynaya 528 ukraynalı hərbçinin nəşini təhvil verib.
5) 2026-cı il iyun ayının 18-də həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:
– Ukrayna Rusiyaya 33 rusiyalı hərbçinin nəşini qaytarıb.
– Rusiya isə Ukraynaya 522 ukraynalı hərbçinin nəşini təhvil verib.
6) 2026-cı il iyul ayının 16-da həyata keçirilmiş meyit mübadiləsi çərçivəsində:
– Ukrayna Rusiyaya 31 rusiyalı hərbçinin nəşini qaytarıb.
– Rusiya isə Ukraynaya 501 ukraynalı hərbçinin nəşini təhvil verib.
Ukrayna Respublikası prezidentinin dedikləri ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi informasiya arasında belə bir ziddiyyətin iki izahı ola bilər:
1. Ukrayna ordusu Rusiya ordusundan daha ağır itkilər verir. Hər ay stabil olaraq 500-1.000 nəşin itirilmiş mövqelərdə qalması o deməkdir ki, bundan da çox ukraynalı hərbçi aviasiya bombalamaları, artilleriya, dron və raket zərbələri, Ukrayna ordusunun əks-hücumları, rusların kəşfiyyat-təxribat əməliyyatları, eləcə də hər iki tərəf üçün nəticəsiz qalan mövqe döyüşləri zamanı həyatını itirir.
2. Rusiya ordusu sürətlə irəlillədiyinə görə Ukrayna ordusu özünün həlak olmuş hərbçilərinin nəşlərini döyüş mövqelərindən vaxtında təxliyə edə bilmir.
Təcrübədən bəllidir ki, adətən hücum edən tərəf müdafiə olunan tərəfdən bəzən 2-3 dəfə çox itki verir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi statistik göstərici (tərəflərin itkiləri arasında gördüyümüz kəskin fərq), sözsüz ki, ümumi vəziyyəti tam əks etdirmir. Nəzərə almalıyıq ki, Rusiya ordusu hər dəfə yeni mövqeləri ələ keçirəndə hər iki tərəf müəyyən itkilər verir.
Bu zaman həm Rusiyanın, həm də Ukraynanın həlak olmuş döyüşçülərinin nəşləri rusların nəzarəti altına düşmüş məntəqələrdə qalır. BQXK-nin iştirakı ilə keçirilən meyit mübadiləsi zamanı isə təbii ki, yalnız ukraynalıların itkiləri barədə məlumatlar hesabata salınır. Rusiya hərbçilərinin nəşləri isə Ukrayna ordusunun uğurlu əks-hücumları və ya Rusiya ordusunun kəşfiyyat-təxribat dəstələrinə qarşı müvəffəqiyyətli əməliyyatları zamanı, yaxud digər obyektiv səbəblərə görə ukraynalıların nəzarət etdikləri ərazilərdə qalır.
Beləliklə, Ukraynaya qaytarılan nəşlərin sayına əsasən həm də Rusiya ordusunun irəliləmə tempi barədə fikir yürütmək olar. Məsələn, 2026-cı ilin yanvar, fevral, mart aylarının hər birində 1.000, həmin ilin aprel, may, iyun aylarının hər birində isə 500 ukraynalı hərbçinin nəşinin verilməsi həm də onun əlamətidir ki, son üç ayda rusların irəliləmə tempi iki dəfə zəifləyib. Lakin bununla yanaşı təşəbbüs hələ də tam şəkildə Rusiya ordusunun əlindədir.
