Ukraynaya qarşı cinayətkar müharibənin başlamasından 4 il beş ay ötdü. Bu müddətdə Ukraynaya qalib gələ bilməyən Putin “SVO” (Xüsusi Hərbi Əməliyyat) adlandırdığı cinayətkar müharibənin bitməsindən sonra nə edəcəklərini anlaya bilmədiyini bəyan edib. Əlbətdə, bu çox ucuz təbliğat elementindən başqa bir şey deyil. Putin gözəl bilir ki, media onun hər bir sözünü tirajlayaraq beyinləri yuduğu kimi, bu fikirini də tirajlayaraq Rusiya cəmiyyətini uydurmağa çalışacaq.
Putin gözəl bilir ki, indi Rusiyanın qarşısında dayanan dilemma “SVO”-dan sonra Rusiyanın nə edəcəyi deyil, “SVO”-dan sonra Rusiyanın bütövlüyünü sağlayıb-saxlamayacağıdır. Hətta Rusiya bütövlüyünü qoruyub saxlaya bilsə belə, “SVO”-dan sonrakı dünyanın “SVO”-dan öncəki, hətta Krımın işğalından öncəki dünya olmayacağı ən məhdud bilgiləri olan insana da bəllidir.
Çinin xarici işlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib ki, Pekin və Moskva İkinci Dünya Müharibəsinin nəticələrini qorumalı və Yaponiyanın “yenidən silahlanmasına” heç bir halda imkan verməməlidir. Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Lavrov çinli həmkarını əmin edib ki, Rusiya ən yüksək dərəcədə ayıqlığını saxlayır və qətiyyətlə Yaponiyanın “sürətlənmiş remilitarizasiyası və nüvə silahı potensialına yiyələnməsi” prespektivinə qarşı çıxır.
“Yaponiyanın sürətlənmiş remilitarizasiyası” ifadəsinin gündəmə gəlməsi gerçəklikdən daha çox Moskva və Pekinin qorxusunun ifadəsidir. Doğrudur, bu il üçün təsdiqlənmiş 58 milyard dollarlıq hərbi büdcə Yaponiya üçün rekord həddir. Ancaq bu rəqəm Yaponiya üçün rekord hədd olsa da, bu ilki hərbi xərcləri 901 milyard dollar təşkil edən, 2027-il üçün isə hərbi büdcəsini 1.5 trilyon dollara çatdırmağa çalışan ABŞ-ın hərbi xərcləri ilə müqayisədə dəryada damla kimidir. Rusiya və Çini qorxusuna səbəb olan Yaponiyanın 58 milyard dollarlıq hərbi büdcəsi hərbi xərclərini 2030-cu ilə qədər 1 trilyon avroya (1.15 trilyon dollar) çatdırmağı hədəfləyən Avropa İttifaqının hərbi xərcləri ilə müqayisədə də dəryada damla kimidir. Rusiya və Çinin yuxusunu qaçıran Yaponiyanın hərbi xərcləri Böyük Britaniyanın 89 milyard dollarlıq hərbi büdcəsi ilə müqayisədə də çox azdır.
Çin “Yaponiyanın sürətlənmiş remilitarizasiyası”na qarşı Rusiyanı dəstəyini qazanmağa çalışmaq əvəzinə, Qərb blokunun sürətlə silahlanmasının səbəbi və doğuracağı nəticə haqqında düşünməlidir.
Qərb blokunun sürətlə silahlanmasının səbəbi aydındır. Bu Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsidir. Putin “fatehlik” niyyətinə düşməzdən əvvəl ABŞ hərbi xərclərini azaltmağa və qabaqcıl silah proqramlarını ixtisar etməyə başlamışdı. Məsələn, 2011-ci ildə qəbul edilmiş qanun növbəti il üçün ABŞ-ın hərbi xərcləri 10 fazi azaldılmasını, Boeing-in təyyarə və vertolyotun imkanlarını birləşdirən B-22 tiltrotor nəqliyyat təyyarəsi istehsal etmək planlarını ixtisar etməsini nəzərdə tuturdu. Bu qanunun qəbul olunduğu 2011-ci ildə Pentaqonun büdcəsi 739 milyard dollar idi.
ABŞ-la yanaşı Avropada hərbi xərclərin kəskin azaldılması prosesi gedirdi. Rusiya Ukraynaya qarşı cinayətkar müharibəyə başlamaqla Qərb blokunu sürətlə silahlanmaya vadar etdi. İndi isə Yaponiyanın hərbi xərclərini 58 milyard dollara çatdırmasından qorxuya düşür. Rusiya və Çini qorxutmalı olan məqam isə Qərb blokunun hərbi xərclərini kəskin artırması və bunu təxminən 3 trilyon dollara çatdırmaq ərəfəsində olması olmalıdır.
Ukraynaya qarşı cinayətkar müharibədə qalib gələ bilməyən Putinin hələ də “SVO” (Xüsusi Hərbi Əməliyyat) adlandırdığı müharibənin bitməsindən sonra Rusiyanın nə edəcəyini anlaya bilmədiyini bəyan edəcək dərəcədə ağlını itirmiş ola bilər, bəs Si Cinpin necə?
