İtaliyalı mütəxəssis Andrea Pirlo İtaliya millisinin baş məşqçisi vəzifəsinə mümkün təyinatı ətrafında yaranan müzakirələrə münasibət bildirib.
O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada adının Rusiya mərc şirkəti ilə əməkdaşlığı səbəbindən mübahisələrə səbəb olmasından təəssüfləndiyini deyib.
Pirlo bildirib ki, Rusiya mərc şirkəti ilə əməkdaşlığı Birləşmiş Ərəb Əmirliklərində işlədiyi dövrdə yaranıb, yalnız kommersiya və idman xarakteri daşıyıb və buna siyasi məna yüklənməsi doğru deyil. O, karyerası ərzində hər zaman çalışdığı ölkələrin qanunlarına və imzaladığı müqavilələrə uyğun fəaliyyət göstərdiyini vurğulayıb.
Andrea Pirlo paylaşımında artıq ölkə yığmasının baş məşqçisi vəzifəsinə namizəd olmadığını da açıqlayıb. “Dünən axşam öyrəndim ki, artıq İtaliya millisinin baş məşqçisi vəzifəsinə namizəd deyiləm”, – deyə Pirlo bildirib. (Qol.az)
