DünyaSiyasət

Rusiya və İranın koordinasiyalı təzyiqləri: Zəngəzur dəhlizi uğrunda yeni geosiyasi qarşıdurma

ABŞ–İran müharibəsi, Hörmüz boğazı və Qırmızı dənizdə Bab əl-Məndəb boğazı ətrafında təhlükəsizlik risklərinin artdığı mürəkkəb geosiyasi şəraitdə Rusiya və İranın Zəngəzur dəhlizi (TRIPP layihəsi) əleyhinə paralel və koordinasiyalı ritorikası Moskva ilə Tehranın Cənubi Qafqazda ortaq maraqlarını daha açıq şəkildə bir daha üzə çıxarır.

Bir neçə gün əvvəl Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan deputat Aleksandr Tolmaçyovun Azərbaycanı faktiki olaraq “Ukrayna ssenarisi” ilə hədələməsi və paralel olaraq İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin də Zəngəzur marşrutu ilə bağlı Azərbaycana, ardınca isə Ermənistana ABŞ-ın TRIPP layihəsinə qarşı xəbərdarlıq etməsi barədə açıqlamaları müttəfiqlərin bir-birini tamamlayan siyasi-diplomatik gedişləridir.

Rusiyanın Azərbaycana qarşı təzyiqi yeni hal deyil. Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsi Moskvanı narahat edir. Ümumiyyətlə, Rusiya Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursuna baxmayaraq, Azərbaycanı müstəqil oyunçu, regional lider kimi qəbul etmək fikrində deyil. Bu səbəbdən Moskvanın siyasi və informasiya təzyiqləri davamlı xarakter daşıyır.

Rusiya ilə İranın Zəngəzur dəhlizi ilə bağlı eyni mövqeyi təkcə layihənin baş tutması ilə əlaqəli deyil. Əvvəla, Rusiyanın bu layihədə təsir imkanlarını itirmək təhlükəsi var. İran isə türk dünyasının birbaşa quru bağlantısının formalaşmasını öz milli təhlükəsizlik maraqlarına uyğun hesab etmir. Bu baxımdan hər iki dövlətin maraqları Zəngəzur dəhlizi məsələsində üst-üstə düşür.

İran hətta Ermənistanı öz təsir dairəsinə çəkmək niyyətini gizlətmir. Maraqlısı odur ki, ən son variantda Rusiya da öz forpostu olan Ermənistanın Qərbin, ardınca isə Türkiyə və Azərbaycanın təsir dairəsində olmağındansa, İranı daha məqbul variant hesab edir. Ermənistanın Qərbə inteqrasiyası, enerji təhlükəsizliyi sahəsində alternativlər sırasında Azərbaycanın iştirakının gündəmə gəlməsi Tehran üçün əlavə narahatlıq yaradıb. Bu fonda İranın Ermənistana neft və qaz ixracını artırmaq təşəbbüsü irəli sürməsi, təbii ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasının qarşısını almağa və Zəngəzur marşrutunun reallaşmasını ləngitməyə hesablanmış gedişdir.

Digər tərəfdən, Rusiya–Ukrayna müharibəsinin uzanması artıq Moskva üçün beynəlxalq sanksiyalar fonunda həm iqtisadi, həm də sosial baxımdan ciddi yük, siyasi risklər formalaşdırır, əhali narazılıqlarını genişləndirir. Bunlara baxmayaraq, Moskva xaricdən insan resursları cəlbini davam etdirir. Hətta qanunvericilik bazasında da xaricilərin vətəndaşlıq alması ilə bağlı əhəmiyyətli dəyişikliklər edib.

İran isə eyni vaxtda daha mürəkkəb geosiyasi oyun aparır. Tehran Hörmüz boğazı vasitəsilə enerji marşrutlarına və Körfəz ölkələrinə nəzarəti gücləndirməyə çalışır. Husilərin köməyi ilə Bab əl-Məndəb boğazının da bağlanması ehtimalından istifadə edərək tələblərini qəbul etdirməyə çalışır. Bu siyasət Körfəz ölkələrinin təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edir və gələcəkdə regionda daha geniş qarşıdurma riskini artırır. İranın Cənubi Qafqazdakı proseslərə, Orta Dəhlizə və Zəngəzur marşrutuna müdaxilə cəhdi də Qərb dövlətlərinin diqqət mərkəzindədir. İranın bu mövqeyi ona qarşı beynəlxalq hərbi koalisiyanın formalaşmasını sürətləndirir. Və çox güman ki, artıq İranın gələcək taleyi müəyyən edilib.

40 günlük müharibədə İranın ali dini lideri Əli Xamenei başda olmaqla 50 nəfərdən çox rəhbər şəxsin öldürülməsindən sonra hakimiyyətin faktiki olaraq SEPAH-ın əlinə keçməsi ilə İranın regional siyasətində daha sərt və ideoloji xətt güclənib. Bu da İranın gələcəyi ilə bağlı müxtəlif ssenarilərin masaya gətirilməsinə təsir edən amillərdən birinə çevrilib.

Variantlardan biri ölkənin ərazi bütövlüyünü qorumaqla siyasi sistemin dəyişdirilməsini nəzərdə tutur. İranın ərazi bütövlüyünün qorunması şərti ilə teokratik idarəetmə modelinin ləğvi, SEPAH-ın siyasi hakimiyyətdən kənarlaşdırılması həm İranın özü, həm də regionun təhlükəsizliyi baxımından daha sabit perspektiv yarada bilər. Əks halda İranın “Balkanlaşması”, hətta Hörmüz ətrafı ərazilərin İranın nəzarətindən çıxarılması da strateji hədəf kimi qarşıya qoyula bilər.

 

Vüqar Dadaşov
Milli Cəbhə Partiyası – MCP başqanı müavini, hüquqşünas.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski İranla bağlı cəsarətli bir açıqlama verdi

redaktor

“Bu gördüyüm ən dəhşətli mənzərə idi (Türk əsgərlərin dənizdə kütləvi boğulması)” – B. Napoleon

admin

Tokayev mesajı çatdırdı amma…..

redaktor