2391 il öncə, eramızdan əvvəl 365-ci il iyulun 21-də dünyanın 7 möcüzəsindən biri – Artemidanın Efesdəki (indi İzmir vilayətində Selçuk şəhəri) məbədi yandırıldı. Cinayətkar tezliklə müəyyən olundu və həbs edildi .
O, etiraf etdi ki, bu vəhşiliyi adının tarixdə qalması naminə törədib. Efes sakinləri onu edama məhkum etdilər, üsyəlik, arzusunun həyata keçməməsi üçün adının heç zaman çəkilməməsi barədə qərar verdilər. Lakin qədim yunan tarixçisi Feopomp öz əsərində onun adını xatırlatdı və o ad bugünə qədər gəlib çatdı – Herostrat. Sonralar ədəbiyyatda “Herostrat şöhrəti” ifadəsi yarandı, bu da mənfi, biabırçı hərəkətlə şöhrət qazanmağa deyilir.
Efeslilər Artemida məbədini yenidən tikdilər. Lakin IV əsrdə xristianlığın yayılması ilə əlaqədar bütpərəst məbədlər qapadıldı. Baxımsız qalan məbəd sonrakı əsrlər ərzində dağıldı, materialları müxtəlif tikintilərdə istifadə edildi. Hətta yeri də itirildi. Yalnız 1869-cu ildə ingilis arxeoloq Con Tertl Vud məbədin yerini tapdı. Hazırda məbədin parçalarından sonradan bərpa edilmiş bircə sütun qalıb.
