İyulun 22-si gecəsi Rusiyanın Krasnodar və Stavropol diyarlarına dronlar hücum etdi. Wildberries logistika mərkəzlərində böyük yanğınlar baş verdi. Neft emalı zavoduna da dron hücumları edilib.
Krasnodarda partlayışlar baş verib. Yerli sakinlər böyük yanğın baş verdiyini bildiriblər.
İlkin məlumatlara görə, Wildberries-in Rusiyadakı ən böyük logistika mərkəzlərindən birinə zərbə endirilib.
Krasnodar diyarının təcili yardım mərkəzi bildirib ki, “Krasnodarda anbar kompleksi dronların qəzaya uğraması nəticəsində yanğına məruz qalıb”. Onlar həmçinin qeyd ediblər ki, dron parçaları Dinskaya kəndində iki fərdi evə dəyib.
Yerli Telegram kanallarına görə, Armavirdəki neft anbarına hücum edildiyi, partlayışların ardından yanğının baş verdiyi iddia edilir. Krasnodar diyarı xüsusi təyinatlı qrupu bildirib ki, “Armavirdəki müəssisələrdən birinin ərazisində yanğın baş verib”. Meriyanın mətbuat xidməti yanğının Armavirdəki neft anbarında 16 dron hücumu nəticəsində baş verdiyini bildirib. Yanğın 80 kvadrat metr ərazini əhatə edib.
Dünən gecə dronlar Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən daha bir Wildberries logistika mərkəzinə hücum edib.
Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Nevinnomıssk şəhərinin kənarındakı anbar kompleksinin dron hücumu nəticəsində yanğına uğradığını təsdiqləyib.
Wildberries şirkəti Stavropol diyarının Nevinnomıssk şəhərindəki logistika kompleksinin təhlükəsizlik tələblərinə uyğun olaraq boşaldıldığını elan etdi.
