Biri sosial şəbəkədə iş tapa bilmədiyini, ailəsini dolandıra bilmədiyini deyir. Həbs olunur. Başqası atası ilə bağlı ədalət axtardığını bildirir. Həbs olunur. Digəri Rusiyada fəhləlik edib ailəsini dolandırdığını danışır. Deyir ki, uşaqlarımı WhatsApp üzərindən tərbiyə edirəm. (Vicdanı olan hər bir kəsin iç dünyasını darmadağın edən bir fikirdir) Ona əlləri çatmır. Ailəsin incidirlər. Cənub bölgəsindən bir ata isə deyir ki, bəzən uşağı məktəbə gedəndə ona səhər yeməyi vermək üçün bir yumurta belə ala bilmir. Bu kimi yüzlərlə video-müraciətlər yayılır, özü də mütəmadi şəkildə. Hamı da görür. Yəni bunu görməmək sadəcə mümkün deyil…
Belə hallarda dövlətin ilk reaksiyası nə olmalıdır?
İnsanların niyə bu vəziyyətə düşdüyünü araşdırmaq, yoxsa onların səsini kəsməyə çalışmaq?
Əgər vətəndaş sosial şəbəkədə kömək istəyirsə, deməli, o, problemin başqa yolla həll olunacağına inanmır. Əgər insanlar problemlərini internetdə danışmağa üstünlük verirlərsə, bu, dövlət qurumları ilə vətəndaş arasında etimadın zəiflədiyini göstərən siqnaldır.
Şikayət etmək cinayət deyil.
Əksinə, şikayət dövlət idarəçiliyində problemləri görmək üçün ən vacib mexanizmlərdən biridir.
Əgər insanlar şikayət etdiklərinə görə özlərini təhlükə altında hiss edirlərsə, onda başqaları da susmağa üstünlük verəcək. Susqunluq isə problemi həll etmir, sadəcə onu görünməz edir.
Azərbaycanda iqtisadi problemlərin kökü barədə də illərdir eyni fikri deyirik. İş mühitində rəqabət güclənməli, inhisarçılıq aradan qaldırılmalı, sağlam biznes ortamı formalaşdırılmalıdır. İnsan işləyib ailəsini normal dolandıra bilməlidir. Heç bir valideyn uşağını ac məktəbə göndərmək məcburiyyətində qalmamalıdır. Heç bir vətəndaş zibil konteynerində dolanışıq axtarmağa məcbur olmamalıdır.
Dövlətin gücü tənqidi susdurmaqla yox, tənqidə səbəb olan problemləri aradan qaldırmaqla ölçülür.
İnsanları qorxutmaq mümkündür.
Amma problemləri qorxutmaq mümkün deyil.
Problemlər yalnız onları görüb həll etməklə aradan qalxır. Mən bir daha ölkə rəhbərliyini Azərbaycanda mövcud olan və getdikcə kəskinləşən çoxsaylı problemlərin həllinə çağırıram…
Hər şey bir tərəfə. Axı siz özünüzə necə sığışdırırsınız ki, sizin rəhbər olduğunuz ölkədə bu qədər səfil vətəndaş var…
