28.4 C
Bakı
15 İyul 2026 01:24
DünyaSiyasət

Lindsi Qraham öldü – nəsə dəyişəcəkmi?

Suala cavab vermək üçün Qrahamın kim olduğuna baxaq.

L.Qraham 69 illik ömrünün 33,5 ilini Konqresin kreslosunda oturmaqla keçirib. 2 il (1993-1995) Cənubi Karolina ştatının Nümayəndələr Palatasının, 8 il (1995-2003) ABŞ-ın Nümayəndələr Palatasının, 23,5 il (2003-2026) ABŞ Senatının üzvü olub. 2025-ci ilin yanvarından Senatda çox vacib Büdcə komitəsinin rəhbəri idi.

Qraham C.Karolina ştatında anadan olub. Eyni adlı universitetdə hüquq üzrə bakalavr və doktorluq dərəcələri alıb. 1982-1988-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edib – Hərbi Hüquq Məsləhətçiləri Assosiasiyasının üzvü kimi Avropada vəkil və baş prokuror kimi çalışıb. Heç bir döyüşdə iştirak etməyib. Hərbi xidmətdən sonra Konqresə seçilənədək özəl sektorda vəkil kimi çalışıb. HHQ-nin ehtiyatda olan zabiti kimi 2014-cü ildə “Bürünc Ulduz” medalı ilə təltif edilib və polkovnik rütbəsinə yüksəldilib. 1992-ci ildən Respublikaçılar partiyasının üzvü, ən quduz neokonlardan biri olub.

C.Karolina ştatını ABŞ-ın hərbi-sənaye kompleksinin (HSK) bastionu adlandırmaq olar. Bu ştatda ABŞ-ın milli müdafiə və aviasiya sənayesində mühüm rol oynayan 400-dən çox özəl firma və qlobal korporasiya fəaliyyət göstərir – həm hərbi təyyarələr, həm atom sualtı qayıqları, həm dənizçilik sistemləri, həm də müdafiə texnologiyaları sahəsində böyük istehsal sahələri yerləşir. Hərbi sənaye sahəsində ixtisaslaşmış aviasiya və kosmik müdafiə nəhəngləri “Boeing” və “Lockheed Martin”in, ağır silahlar və hərbi qurğular istehsalçıları “BAE Systems USA” və “General Dynamics Electric Boat”ın, elektronika komponentləri təchizatçıları “L3Harris Technologies”, “Northrop Grumman”, RTX (“Raytheon”) və “Champion Aerospace”in, elmi-tədqiqat və inteqrasiya xidmətləri göstərən ATI-nin (“Advanced Technology International”) iri müəssisələri məhz burada yerləşir. ABŞ-ın sualtı qayıqları, esminesləri və aviadaşıyıcı gəmilərinin çoxu C.Karolinada tikilir. Bu müəssisələrdə yüz minlərlə adam işləyir.

Başqa sözlə, ABŞ-ın bütün dünyada hərbi kampaniyalarından ən çox birbaşa xeyir görən bu ştat və orada yerləşən HSK şirkətləridir. Ştatın bütün siyasətçiləri HSK-nin maraqlarını müdafiə edirlər. Burada HSK-nin satın ala bilmədiyi siyasətçi tapmaq ağlabatan deyil.

Yəqin ki, Qraham elə hərbi xidməti dövründə HSK tərəfindən alınmış və onlar tərəfindən də Konqresə “seçilmişdi”. Onun ölənə qədər konqresmen qalmasını, Büdcə komitəsinə rəhbərlik etməsini və Trampla guya dost olmasını da məhz arxasında dayanan nəhəng HSK ilə əlaqələndirmək olar.

HSK şirkətləri üçün müharibələr bayramdır. Qraham da onlar üçün bunu təmin etməli idi. O, bu işin öhdəsindən çox yaxşı gəlirdi. Son 20 ildə ABŞ-ın qarışdığı elə bir münaqişə olmayıb ki, Qraham onu körükləyib müharibəyə çevirməsin, qoşulduğu elə bir müharibə ocağı olmayıb ki, Qraham ona “benzin” tökməsin. Ümid edirəm ki, o dünyada da alovu bol olar.

Qraham İsrailin və Ukraynanın ən sadiq dostu kimi tanınır. 2022-ci ildən Ukraynada 10 dəfə olmuş yeganə konqresmendir. Əslində o nə Ukraynanın, nə də İsrailin dostu idi – o özünün bir dəfə də iştirak etmədiyi müharibələrin dostu idi. O, Ukraynanı silahlandırmasını ABŞ-ın “ən yaxşı investisiyası” adlandırmışdı. Əlbəttə, slavyanların bir-birini öldürməsi və bu zaman heç bir amerikalının ölməməsi onun üçün əla layihə idi, Lakin bu sözləri o, Kiyevdə Zelenskinin kabinetində demişdi və kabinetdəkilərdən heç biri buna etiraz etməmişdi. Bəlkə də bunu da anlamaq olar – axı o kabinetdə slavyan yox idi. Qraham Ukraynadan və İsraildən lobbiçilik fəaliyyətinə görə yaxşı haqq alırdı: https://www.facebook.com/asif.shafaggatov.3/videos/1333698798318166

Əslində, rüşvətsiz də Qraham bu ölkələrdə müharibələrin getməsinə kömək edəcəkdi, çünki o elə buna görə konqresmen saxlanılmışdı. Amma artıq pul heç kimə artıqlıq eləmir – puldan milyonlarla insanın, körpənin qanının iyi də gəlmir… İsraildə neçə dəfə olduğunu saymaq mümkün deyil. O, Qəzzanın yerlə bir edilməsini tələb edirdi: https://www.facebook.com/reel/2003928637004129

Lindsi artıq ölüb, cəhənnəmə qovuşub. Amerika qanunvericiliyinə görə onun yerinə seçiləcək şəxs 2027-ci ilin 20 yanvarında fəaliyyətinə başlayanadək onu Senatda əvəz edəcək şəxsi təmsil etdiyi ştatın qubernatoru təyin edir. Çox adam Qrahamın yerinə göz dikmişdi. Bəziləri Trampdan dəstək istəmişdilər ki, qubernatora tapşırsın. Mətbuatın yazdığına görə, Tramp fikirləşmək üçün 1 həftə vaxt istəmişdi. Lakin gözlənilmədən vakant yerə Qrahamın bacısı Darlini təklif etdi. Aydındır ki, Tramp fikirləşmək adı altında ona sponsorluq edən HSK şirkətlərinin rəylərini öyrənib. Güman ki, Darlinin namizədliyini də onlar tövsiyə ediblər. Bundan sonra Trampın “təklifi” (əmri də demək olar) əsasında qubernator Darlini senator təyin etdi.

Darlin Lindsidən 11 yaş kiçikdir. Linsinin 22 yaşı olanda valideynləri ölüb və həmin vaxt o, bacısını himayəsinə götürüb. Lindsi evlənməyib, gey olduğu haqda şayiələr gəzir. Hazırda Leksinqton şəhərində (C.Karolina) yaşayan Darlin ailəlidir, iki qızı, bir nəvəsi var. Lindsinin bacısından sirri olmayıb. Deyilənə görə, Darlin HSK ilə olan bütün sövdələşmələrin içində olub. Buna görə də HSK yeni adam tapana qədər Darlinin namizədliyini irəli sürüb ki, Lindsinin yarımçıq qoyduğu bütün işləri (“tapşırıqları”) tamamlasın.

Uzun sözün qısası, Linsi Qrahamın ölməsi heç nəyi dəyişməyəcək, çünki senator öz fikirlərini ifadə etmir, onu seçənlərin – xalqın yox a, sponsorların lobbiçiliyini edir. Sponsorlar isə elə həmin şirkətlər, həmin maraqlardır.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Mətbuatı Afrikanın böyük hissəsindən geridə qalan Azərbaycan

redaktor

Azərbaycanın dəyişməz mövqeyi və Peskovun iddiası

redaktor

Peskov Ukrayna ilə bağlı fikir ayrılıqlarının Azərbaycanla münasibətlərə mane olmayacağını bildirib

redaktor