Argentina-İngiltərə matçı deyərkən hamının yadına 1986-cı il dünya çempionatının 1/4 final oyunu düşür. Bu da təsadüfən deyil. Maradonanın əvvəlcə əllə, sonra da meydanın Argentinaya aid hissəsindən başladığı uzun reydlə vurduğu qollar həmin matçı dünya çempionatlarının ən yaddaqalan oyunlarından biri etdi. Onu da əlavə etmək lazımdır ki, iki ölkə arasında Folklend (Malvin) adalarına görə 4 il əvvəl baş verən hərbi konflikt həmin matça əvvəlcədən prinsipial çalar vermişdi.
Amma az adam bilir ki, həmin komandalar arasında 1966-cı ildə baş tutan matç yaddaqalan olmasa da, futbol tarixində daha önəmli rol oynayıb. Yenə 1/4 finala təsadüf edən həmin oyunun 35-ci dəqiqəsində hakim argentinalıların kapitanı Antonio Rattini meydandan qovdu.
O zaman sarı və qırmızı kartlar yox idi. Hakim şifahi şəkildə xəbərdarlıq edir və meydandan qovurdu. Bir çox hallarda isə hakim və oyunçu eyni dili bilmirdi. Rattin də bundan istifadə edərək özünü elə apardı ki, guya hakimi anlamır, sonra da meydandan çıxmaqdan imtina etdi. Onu yalnız 10 dəqiqə sonra meydanı tərk etməyə razı salmaq mümkün oldu.
Üstəlik, İngiltərənin hücumçusu Bobbi Çarlton həmin oyunda hakimin ona xəbərdarlıq etdiyini qəzetdən oxumuş və bunu dəqiqləşdirmək üçün Hakimlər Kollegiyasının mətbuat xidmətinə müraciət etmişdi.
Çempionatda FİFA-nın hakimlər kollegiyasına rəhbərlik edən ingilis hakim Ken Aston həmin gün evə qayıdanda bu xəbərdarlıq və qovulma hallarındakı anlaşılmazlığı aradan qaldırmaq haqqında düşünürdü. İşıqforda durub yaşıl işığın yanmasını gözləyərkən ağlına parlaq fikir gəldi. İşıqforda sarı “diqqətli ol”, qırmızı “dayan” deməkdirsə, bu prinsipi futbolda da tətbiq etmək olar. Buradan da sarı və qırmızı kartlar ideyası yarandı.
FİFA ideyanı bəyəndi və kartların tətbiq olunduğu ilk beynəlxalq yarış 1968-ci il olimpiya oyunlarının futbol turniri oldu.
Dünya çempionatlarında isə ilk dəfə 1970-ci ildə tətbiq olundu. Sarı kartı ilk dəfə vizual olaraq görən sovet futbolçusu Kaxi Asatiani oldu (Meksika-SSRİ matçında). Amma maraqlıdır ki, həmin çempionatda heç kəs meydandan qovulmadı (yalnız 1950 və 1970 çempionatlarından heç kəs meydandan qovulmayıb).
Dünya çempionatlarında qırmızı kartı vizual olaraq görmək “şərəfi” çilili Karlos Kaselliyə qismət oldu. O, 1974-cü ildə Qərbi Almaniyada keçirilən çempionatda ev sahiblərinə qarşı oyunda meydandan qovuldu. Türk Doğan Babacan isə dünya çempionatlarında qırmızı kart göstərən ilk hakim kimi tarixə düşdü.
Beləcə, 1966-cı il dünya çempionatındakı İngiltərə-Argentina qarşılaşması sarı və qırmızı kartların ortaya çıxmasında tətikləyici rol oynadı.
