DünyaSiyasət

Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?

Rusiyada hər kəs müharibə bitəndən sonra “Rusiyanın taleyi necə olacaq?”- sualına cavab tapmağa çalışır. Milyarder Andrey Melniçenko “The Economist”-də dərc olunan “Parçalanmış Rusiya dünya üçün daha təhlükəlidir” başlıqlı yazısında Rusiyanın gələcəyi ilə bağlı Qərbdə müzakirə olunan dörd ssenari olduğundan bəhs edir. Müəllif həmin ssenarilər arasında “Qərbin ətəklərində ilişib qalmış, alçaldılmış Rusiya”, “Çinin təsir dairəsinə düşmüş Rusiya”, “Parçalanmış Rusiya” və “Təcrid edilmiş, mühasirəyə alınmış Rusiya” prespektivlərinin olduğunu qeyd edir.

Rusiyanın ən böyük mineral gübrə istehsalçısı olan “EuroChem” şirkətinin və Sibir Kömür Enerji Şirkətinin sahibi Andrey Melniçenkonun “The Economist”-dəki məqaləsinin tək hədəfi var. Milyader Qərbin siyasi elitasını inandırmağa çalışır ki, Rusiyanın parçalanması Qərbin maraqlarına uyğun deyil və hətta təhlükəlidir. Ferbes-ə görə 20 milyard dollardan artıq sərvəti olan Andrey Melniçenko üçün “The Economist”-də dərc olunmaq çətin olmasa da, Qərbin siyasi elitasını Rusiyanın parçalanmasının Qərbin maraqlarına uyğun olmadığına inandırması mümkün görünmür.
Rusiya müxalifətinin bütün günahı Putinin və komandasının üzərinə atmağa çalışması da Rusiyanın bütüövlüyünü qorumaq üçün Qərbin dəstəyini qazanmağa yönəlib. Rusiya cəmiyyəti isə illərlə ona təlqin edilən “Putin varsa, Rusiya var; Putin yoxdursa, Rusiya yoxdur” tezisisinin təsiri altında Putindən sonra Rusiyanın parçalanacağına inanır.

Rusiya cəmiyyətini bürümüş bu qorxu əsassız deyil. Politologiyadan azacıq anlayışı olan hər kəs Putinin avtoritar hakimiyyətinin institutsional olaraq Rusiyanın tarixindəki digər mütləqiyyət rejimləri, monarxiya quruluşu və totalitar sistemlə müqayisədə daha zəif olduğunu bilir. Eyni zamanda monarxiya və totalitar sistemlə müqayisədə avtoritar rejimdə hakimiyyətin varisliyinin ligitim yolla təmin edilmsinin mümkünsüz olduğu da azacıq siyasi bilgilərə malik olan hər kəsə məlumdur. Monarxiyanın (1917) və totalitar sistemin (1991) çöküşünün imperiyanın parçalanmasına səbəb olduğunu nəzərə alanda avtoritar rejimin çöküşünün siyasi sunami effekti yaradacağı qaçılmaz görünür. Bir çox təhlilçilərin Rusiyanı faciəli sonluğun gözlədiyi haqqında proqnozları da diqətə layiqdir. Yorucu müharibə Rusiya cəmiyyətini partlayışa doğru sürükləməkdədir.

Qərbin 1917 və 1991-ci illərdə olduğu kimi Rusiyanın bütövlüyünü qorumaqdan çəkindirmək, Rusiya əsarətindəki müstəmləkə xalqlarını öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizəyə cəsarətləndirmək üçün indi müstəqil dövlət olan keçmiş sovet respublikalarının aydın mövqelərinin olması çox zəruridir. Bu mənada Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın və yekun sənədi birgə bəyannamənin qəbulu mühüm hadisədir. Qənaətimcə, Qazaxıstan, ardınca da Özbəkistan bu prosesə qoşulmalı, Rusiyada etnik azlıqların – çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsinə etiraz səsini ucaltmalıdır.

Şuşa konfransı öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizə aparan Rusiyanın müstəmləkə xalqlarının azadlıq mübarizlərinə böyük təsir göstərib. Rusiya əsarətindəki xalqların milli fəalları azadlıqlarını əldə edəcəkləri haqqında müstəqiliklərinin tanınacağına ümidləri artıb. Dünya dövlətlərinin 1991-ci ildə Çeçen İçkeriya Respublikasının müstəqiliyini tanımaqdan imtina etməsi Rusiyanın çeçen xalqına qarşı üçüncü soyqırımını həyata keçirməsinə imkan yaratdı. Rusiya əsarətindəki xalqlar bu fəlakətin yenidən təkrar olmayacağına əmin olmalıdırlar. Rusiya əsarətindəki xalqlar beynəlxalq ictimaiyyətin Moskvanın yeni bir soyqırımı həyata keçirməsinə imkan verməyəcəyinə əmin olsa bu Rusiyanın dekolonizasiyasını tətikləyə bilər.

Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyin etmə uğrunda mübarizəsinə ən ciddi töfhə verəcək addım isə Rusiya İmperiyasının Çərkəzlərə (Adıgey) qarşı siyasətinin soyqırımı kimi tanınması ola bilər. Demokratiya Naminə Ukraynaya Dəstək Platforması hələ may ayının 20-də bəyannatla çıxış edərək Rusiya İmperiyasının Çərkəzlərə (Adıgey) qarşı siyasətinin soyqırımı kimi tanınmış, Azərbaycan xalqını 21 mayı bütün çərkəz xalqı ilə birlikdə Xatirə və Ümid Günü olaraq qeyd etməyə çağırmışdı. Təəssüf ki, ictimai-siyasi təşkilatlar bu prosesə ciddi dəstək vermədilər. Lakin yenə gec deyil. Siyasi partiyalar, ictimai təşkilatlar Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının çağrışına qoşulmalı, Rusiya İmperiyasının Çərkəzlərə (Adıgey) qarşı siyasətini soyqırımı kimi tanımalıdırlar.
Azərbaycanda bu prosesin başlaması Türkiyə və Türküstana ciddi təsir edə bilər. Nəhayət ki, çərkəzlərin məruz qaldığı soyqırıma görə mənəvi məsuliyyət daşıyan Osmanlı Dövlətinin varisləri olduqlarını bəyan edənlər tarix və çərkəz xalqı qarşısındakı borclarını yerinə yetirərək Rusiya İmperiyasının Çərkəzlərə (Adıgey) qarşı siyasətini soyqırımı tanımalıdırlar. Bu addım eyni zamanda Türkiyədə Qəzza isterikasını səngidərək Azərbaycan diplomatiyasının İsrail hökuməti tərəfindən qondarma “erməni soyqırımı”nın tanınması prosesinin qarşısını almaq üçün apardığı gərgin işin uğurla nəticələnməsi üçün imkan yaradar.

Rusiya müstəmləkəsindəki əsir türk və müsəlman xalqlarının bir neçə yüz illik əsarətinə son verilməsi üçün tarixi şərait yaranır. Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Türk Dövlətləri Təşkilatını, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türmənistanı tarixi məsuliyyətlərini dərk etməyə, Rusiya müstəmləkəsindəki əsir türk və müsəlman xalqlarının öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizəsinə dəstək verməyə çağırır.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Sistani niyə Xameneinin cənazəsi üstünə getmədi?

redaktor

Tramp İrandan qorxmur: görünən oyunun arxasındakı plan

redaktor

Almaniyanın avtomobil sənayesi haqda bəzi məlumatlara baxaq

redaktor