Azərbaycan Texnologiya Universitetində (ATU) əsassız pul tələb olunması ilə bağlı iddialar səngimir. Bu barədə sosial şəbəkələrdə mütəmadi olaraq tənqidi məlumatlar dərc edilirdi.
Redaksiyamıza daxil olan növbəti “WhatsApp” səs yazısı da universitetdə qanunsuz pul yığımlarının davam etdiyini sübut edir. Sözügedən səs yazısının Texnologiya Universitetinin Xarici dillər kafedrasının müdiri əvəzi Aysel Məmmədliyə məxsus olduğu bildirilir. Səs yazısından aydın olur ki, müəllimlərdən və universitetin müxtəlif şöbələrindən müəyyən məbləğdə əsassız pullar tələb edilir.
İddialara görə, universitetdə dekan, kafedra müdiri və ya şöbə rəhbəri vəzifəsinə təyin olunmaq üçün namizədlər öncə öz vəsaitləri hesabına təhsil müəssisəsinin daxilində təmir işləri aparmalıdırlar.
Diqqət çəkən digər məqam: Universitetin rektoru Yaşar Ömərovun fəaliyyətinə qarşı heç bir tədbir görülmədiyi, dövlət qurumlarının bu vəziyyətə səssiz qaldığı vurğulanır. İddia olunur ki, Elm və Təhsil nazirinin yaxın dostu kimi tanınan Y.Ömərov universiteti şəxsi maraqlarına uyğun idarə edir. Rektorun əsassız pul tələblərini rəhbər heyətdəki digər şəxslər vasitəsilə topladığı, redaksiyamızda buna dair ciddi fakt və əsasların olduğu bildirilir.
Bu prosesdə Xarici dillər kafedrasının müdiri Aysel Məmmədlinin rektorun ən yaxın adamı kimi universitetdə əsas fiqura çevrildiyi və ali məktəbdə nüfuzlu şəxs qismində tanındığı qeyd edilir.
Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən hələ ki heç bir rəsmi reaksiya verilməyib. Universitet rəhbərliyinə bu “toxunulmazlığı” kimin verdiyi isə sual doğurur.
Azərbaycan Texnologiya Universitetinin rektoru və digər rəhbər şəxsləri haqqında yeni səs yazıları, foto və video materiallar da redaksiyamıza daxil olub. Mövzu diqqətimizdədir.
Ardı var..
Ofeliya Davudqızı
P.S. Tacxeber.com olaraq mövzu ilə əlaqədar qarşı tərəfində fikrini paylaşmağa hazırıq.
