Ölkənin ÜDM-də payı ~5%-dir. Onun geniş iqtisadi təsirləri, tədarük zəncirləri və xidmət sahələri də nəzərə alınmaqla bu pay 10%-dən çoxdur.
Ölkədə ümumi sənaye məhsulları satışının ~25%-ni təşkil edir.
Avtomobil sənayesinin əldə etdiyi ümumi gəlirlərin ~77%-i ixracatın payına düşür.
Ölkənin ümumi ixracatının isə ~20%-ni avtomobillər təşkil edir.
Bu sənayedə birbaşa olaraq 730 mindən çox, onunla əlaqəli iş yerləri ilə birlikdə milyonlarla insan çalışır.
Bir sözlə, avtomobil sənayesi Almaniya iqtisadiyyatının bel sütunudur. Bunları niyə yazdım?
Bir neçə gün əvvəl Çin avtomobillərinin Avropa bazarındakı payının son 6 ildə 120 dəfə (!!!) artaraq, 12%-ə çatması haqda yazmışdım (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4417357931913617). Çin bu templə Avropa bazarına girərsə, 5-10 il sonra yerli avtomobil şirkətləri sıradan çıxacaqlar. Bunun isə ən ağır zərbəsi Almaniyaya dəyəcək. Avropa Çin sənayesi ilə rəqabət aparmaq gücündə deyil – onun bu rəqabətdə uduzması labüddür.
Almaniya avtomobil sənayesini (və ya bu sənayenin əvvəlki gücünü) itirsə, çox şey dəyişəcək. Almaniya Avropa iqtisadiyyatının lokomotivi idi. Aİ-nin əsas “sponsoru” idi, çünki illərlə xarici ticarət dövriyyəsində müsbət saldoya malik olub. Avtomobil sənayesindən əvvəlki gəlirləri itirsə, Almaniya nə elmə, nə texnologiyasını modernləşdirməyə, nə hərbi sənayesini gücləndirməyə, nə də Aİ-nin saysız-hesabsız məmurlarını saxlamağa pul tapmayacaq.
Aİ Avropanın, xüsusən də Almaniyanın avtomobil sənayesini inzibati yollarla qoruya bilər, amma bu da çıxış yolu olmayacaq. Tutaq ki, Aİ Çin avtomobillərinin Avropada satılmasına qadağa qoyur və ya elə gömrük rüsumu qoyur ki, onların idxalı sərfəli olmur. Bu halda Çin də əks tədbirlər görə bilər:
Avropa avtomobillərinin Çinə idxalını məhdudlaşdıra bilər;
Avropa avtomobil markalarının Çindəki zavodlarının fəaliyyətini əngəlləyə bilər;
Avtomobil sənayesi üçün zəruri olan materialların və detalların xeyli hissəsi Çindən idxal olunur – Çin onların ixracını əngəlləyə bilər.
Bundan başqa, Çin avtomobillərinin Avropadan sıxışdırılması da Almaniyaya kömək etməyəcək. Almaniya avtomobil sənayesi daxili bazar sayəsində yaşamır, yuxarıda qeyd etdiyim kimi, onun məhsulunun 77%-i ixrac olunur. Çinin Almaniyanın ixrac bazarlarını ələ keçirəcəyi şəksizdir. ABŞ Çin avtomobillərinin ölkəsinə idxalını məhdudlaşdırıb, yəni formal olaraq bu böyük bazarda Çin Almaniyanı sıxışdıra bilməz. Lakin ABŞ Avropa avtomobillərinin idxalına 25%-lik əlavə gömrük tarifi tətbiq edib. ABŞ-ın məqsədi pis vəziyyətə düşən Almaniya avtomobil şirkətlərini Amerikaya köçməyə məcbur etməkdir və bu proses artıq başlayıb.
Avtomobil sənayesi çöksə, Almaniya sıradan bir Avropa dövlətinə çevriləcək. Nəticədə Aİ ya dağılacaq, ya da kiçiləcək.
Mən bu prosesin alternativi olmadığını düşünürəm.
