DünyaSiyasət

NATO sammiti, yoxsa 256 illik məğlubiyyətin revanşı?

NATO zirvəsinin bu gün Ankarada keçirilməsi təsadüfi deyil. Məncə, zamanlamanın başlıca səbəbinin 256 il yaşı var.

Söhbət 1770-ci ilin 7 iyul tarixində baş verən Çeşmə dəniz müharibəsindən gedir. Həmin müharibə zamanı Baltik dənizində yerləşən rus hərbi donanması uzun bir yolçuluqdan sonra Aralıq dənizi sahillərində yerləşən Çeşmə limanına gəlmiş və Osmanlı donanması ilə döyüşmüşdü. Osmanlı donanması say etibarilə Rus donanmasından çox olmasına baxmayaraq, Türk admirallarının taktiki və strateji səhvləri nəticəsində ağır məğlubiyyətlə üzləşmişdi. Döyüş nəticəsində Türk donanmasının demək olar ki, bütün gəmiləri yandırılmış, 10 mindən artıq Osmanlı dənizçisi şəhid edilmişdi. Rusların itkisi isə xeyli az idi. Bildirildiyinə görə, ruslar bu döyüşdə bir neçə gəmi və 700 dənizçi itirmişdir.

Çeşmə dəniz müharibəsinin nəticələri Osmanlı üçün çox ağır olmuşdur. Bu döyüşdən sonra özünə gələ bilməyən Osmanlı ordusu 1774-cü ildə bağlanan Kiçik Qaynarca müqaviləsinə görə, Qara dənizi ruslarla paylaşmaq məcburiyyətində qalmışdır. Bundan əlavə, Kerç boğazı və Krım da həmin anlaşma ilə rusların nəzarətinə keçmişdir. Üstəlik, Osmanlı dövləti Aralıq dənizində rusların donanma saxlamasını da qəbul etmişdir.

Qısası, yüzillər boyu davam edən Rus-Osmanlı müharibələrində məğlubiyyətin əsas səbəbi 256 il əvvəl baş verən Çeşmə dəniz savaşından qaynaqlanıb. Bu gün Ankarada keçirilən NATO zirvəsinin də gündəliyində Rusiya, Krım, Ukrayna, Qara dəniz kimi məsələlər var. Maraqlıdır ki, döyüşlərin əsas qızışdırıcıları da dəyişməyib. O vaxt ingilislər rusların yanında yanında idisə, bu gün mövqe dəyişdirib Türklərin yanında yer alıblar.

Dəyişilməyən bir başqa fiqur da var – yunanlar. 1770-ci ildə ruslar Osmanlıya qarşı öz məzhəbdaşları yunanların guya dini haqlarını müdafiə etmək bəhanəsi ilə Aralıq dənizinə gəlmiş və onları da öz tərəflərinə çəkə bilmişdilər. Bu gün isə ABŞ prezidenti Donald Trampın barmaq silkələməsi nəticəsində Yunanıstan Türkiyə ilə hərbi ittifaqda yer alıblarsa da, altdan-altdan İsrailin fitnəsi ilə hərəkət etməyə meylidirlər. NATO-nun son zirvə görüşündən sonra yenidən qızışacağı gözlənilən Türk-Rus gərginliyi prosesində yunanların hansı istiqamətə yönələcəyi isə bəlli deyil.

Bir sözlə, anqlo-sakslar 256 il əvvəl ruslara uduzdurduqları Osmanlının revanşını Türkiyəyə aldırmaq eşqindədirlər. Bəs bu plan baş tutacaqmı? Böyük ehtimalla, tutacaq. Və Türkiyə də bu ravanşı almaq məcburiyyətindədir. Əks halda yenidən tənzimlənən dünya düzənində layiq olduğu möqveni əldə edə bilməz. Amma yenə də Ankara onu gözləyən təhlükələri, yunan-İsrail hiyləsini də gözardı etməməlidir.

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Norveç, İsveç və Danimarka

redaktor

Anakliya layihəsində Azərbaycan üçün yeni fürsət

redaktor

Müharibə maniya-həvəsinin nəticəsi…

redaktor