Bu gün Britaniyanın baş naziri Kir Starmer istefa verdi, lakin yeni baş nazir seçilənədək vəzifəsində qalacaq.
Britaniyada baş nazir xalq tərəfindən seçilmir.
Britaniya vətəndaşları 5 ildən bir ölkənin aşağı palatası olan İcmalar Palatasının 650 üzvünü seçmək üçün səs verirlər. Seçkilərdə parlamentdə ən çox yer (mandat) qazanan partiyanın lideri monarx tərəfindən avtomatik olaraq baş nazir təyin edilir.
Baş nazir növbəti parlament seçkilərinə qədər öz istəyi ilə istefa verərsə və ya partiya liderliyindən kənarlaşdırılarsa, yenidən ümumi seçkilər keçirilmir. Hakim partiya öz daxilində yeni lider seçir və həmin şəxs parlamentin qalan müddəti üçün yeni baş nazir olur.
Yəni normal halda baş nazir 5 il fəaliyyət göstərə bilər. Hakim partiya növbəti parlament seçkilərində də qalib gələrsə, eyni baş nazir növbəti 5 ildə də fəaliyyət göstərə bilər. Məsələn, Toni Bler 10 il (1997-2007, LP), Con Meycor 7 il (1990-1997, MP), Marqaret Tetçer 11 il (1979-1990, MP) baş nazir olub. Britaniyada bir adamın neçə il və neçə dəfə baş nazir ola bilməsi üçün məhdudiyyət yoxdur.
Amma 2015-ci ildən bəri heç bir baş nazir 38 aydan çox vəzifəsində qala bilməyib. Onların baş nazir vəzifəsində işlədiyi müddətlər aşağıdakı kimi olub:
Devid Kemeron, MP – 429 gün (2-ci baş nazirlik dövrü, 1-ci baş nazirlik dövründə tam – 5 il fəaliyyət göstərib)
Tereza Mey, MP – 1106 gün
Boris Conson, MP – 1140 gün
Liz Trass, MP – 49 gün
Rişi Sunak, MP – 619 gün
Kir Starmer, LP – 717 gün +
MP – Mühafizəkarlar partiyası,
LP – Leyboristlər partiyasıdır.
Yeni baş nazir Mançesterin meri Endi Bernem olmalıdır. Onun da 2 ildən artıq baş nazir olacağına inanmıram. Növbəti parlament seçkiləri isə 2029-cu ildə olacaq.
Ölkədə isə iqtisadi vəziyyət ildən-ilə pisləşməkdə davam edir – hökumətlər dəyişir, vəziyyət isə yaxşılığa doğru dəyişmir. Artıq əhali Britaniya üçün ənənəvi olan sistem partiyalarının (MP və LP) nəyisə dəyişə biləcəyinə inanmır. Növbəti parlament seçkilərində qeyri-sistem (ifrat sağçı və ifrat solçu) partiyaların qalib gələcəyi şəksizdir. Onlar artıq bələdiyyə seçilərində MP-ni də, LP-ni də arxada qoyublar.
