Araşdırmamızın ilk hissəsində tikintisində ciddi nöqsanlar aşkarlanan Qəbələ və Şuşa Rayon Mərkəzi Xəstəxanaları layihələrini həyata keçirən şirkətin sonradan da milyonlarla manatlıq yeni dövlət sifarişləri almağa davam etdiyini göstərmişdik.
Oxşar mənzərə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti və bərpa layihələrində də müşahidə olunur. Araşdırmamız zamanı ortaya çıxıb ki, Hesablama Palatasının auditlərində maliyyə və satınalma pozuntularının qeydə alındığı bəzi layihələri icra edən şirkətlər sonradan da iri həcmli dövlət sifarişlərinin qalibi olublar.
Prosedur pozulur, iş şişirdilir, müqavilə dəyəri artırılır
Hesablama Palatasının 24 yanvar 2025-ci il tarixində dərc etdiyi audit hesabatı göstərir ki, iri dövlət tikinti və bərpa layihələrində əsas problemlər satınalma prosedurlarının pozulması, smeta sənədlərində iş həcmlərinin şişirdilməsi, ekspertizasız layihələrin icrası və müqavilə dəyərlərinin süni şəkildə artırılması ilə bağlı olub. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə bəzi layihələrin dövlət ekspertizasından keçirilmədən satınalmaya çıxarıldığı, eyni iş və materialların smetalara təkrar daxil edildiyi qeyd olunur.
Auditdə diqqət çəkən məqamlardan biri Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisi ilə bağlıdır. Hesablama Palatası iş üzrə qeyd edilən pozuntular nəticəsində müqavilə dəyərinin 146 min manatdan çox artırıldığını bildirir. Oxşar problemlər 996 min manat dəyərin şişirdilməsi ilə Cəbrayıl rayonunun Horovlu kəndində yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi, eləcə də “3 ədəd müvəqqəti yaşayış şəhərciyi” layihəsində də aşkarlanıb. Eyni avadanlığın iki lot üzrə təkrar smetaya salınması nəticəsində müqavilə məbləğinin yüz minlərlə manat artırıldığı qeyd edilir.
Hesablama Palatası auditində Cəbrayıl rayonunun Horovlu kəndində yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisini hansı şirkətin icra etdiyini bildirməsə də, apardığımız araşdırma ilə söhbətin 4700367351 VÖEN kodu ilə fəaliyyət göstərən “19 Saylı Tikinti Təmir İdarəsi” MMC-dən getdiyini müəyyən etdik.
Palatanın auditi 2021-2023-cü illәri vә 2024-cü ilin ilk rübünü təşkil edib. Qeyd edilən illərdə “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (köhnə adı ilə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi) ilə “19 Saylı Tikinti Təmir İdarəsi” MMC arasında ard-arda iri həcmli tender müqavilələri bağlanıb.
Qurumla MMC arasında auditin aparıldığı dövrdəki ilk müqavilə 2023-cü ilin 29 avqust tarixinə təsadüf edir. 4 milyon manat dəyərində (4.100.259,7 AZN) açıq tender yolu ilə keçirilmiş müqavilədə Horovlu Kənd Yaşayış Məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə topraq işlərinin satın alınmasını həyat keçirmək nəzərdə tutulub.
Foto: etender.gov.az portalından ekran görüntüsü
Daha sonra tərəflər arasında əməkdaşlıq növbəti müqavilə ilə daha da möhkəmlənib. 2023-cü ilin dekabrında Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi” işlərinin satın alınması müqaviləsi üzrə 46 milyon manata yaxın məbləğdə növbəti irihəcmli tender müqaviləsinin icrasına başlanılıb.
Foto: etender.gov.az portalından ekran görüntüsü
Hesablama Palatasının auditində qeyd edilən 2024-cü ilin ilk rübündə – 2024-cü il martın 27-də isə “Cəbrayıl Rayonu, Horovlu Kənd Yaşayış Məntəqəsində Qeyri-Yaşayış Obyektlərinin Tikintisi” İşlərinin Satın Alınması üzrə “19 Saylı Tikinti Təmir İdarəsi” MMC ilə növbəti 14 milyon manatlıq müqavilə imzalanıb.
Foto: etender.gov.az portalından ekran görüntüsü
Auditdən sonra 114 milyon manatlıq yeni sifariş
Maraqlıdır ki, Hesablama Palatasının həmin layihələr üzrə smeta şişirtməsi, artıq iş həcmləri və satınalma pozuntuları ilə bağlı məlumatların dərcindən sonra da tərəflər arasında iri həcmli müqavilələr üzrə əməkdaşlıq davam edib. 2025-ci ilin avqust ayında Cəbrayıl rayonu, Soltanlı kəndi üzrə fərdi yaşayış evləri və s. işlərinin satın alınması üzrə “KESZ Group Azerbaijan” MMC və “19 Saylı Tikinti Təmir İdarəsi” MMC “Cəbrayıl, Qubadlı Və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi ilə 114 milyon manatlıq (114.499.593,2 AZN) növbəti bir mənbə yolu ilə satınalma müqaviləsi bağlayıb. Halbuki Palatanın eyni iş üzrə bir mənbə yolu ilə bağlanılan müqavilələrlə bağlı qeydlərində açıq formada deyilirdi:
“Dövlәt sifarişli öhdәliklәrin icrası üçün maliyyәlәşdirilmiş vәsaitin istifadәsindә bir mәnbәdәn satınalma metodu tәtbiq edilmәklә bağlanılmış әhәmiyyәtli sayda satınalma müqavilәlәri üzrә ehtimal olunan qiymәtin müәyyәnlәşdirilmәmәsi dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı rәqabәt mühitinin dә pozulmasına sәbәb olmuşdur”.
Auditdən sonrakı dövrdə “19 Saylı Tikinti Təmir İdarəsi” MMC digər dövlət qurumları ilə də iri həcmli müqavilələr bağlamaqda davam edib. Şirkət “Azərişıq” ASC ilə ümumilikdə 5 milyon (5.083.361,40 AZN) manat dəyərində dörd tender müqaviləsi imzalayıb.
Qusar Rayonu, Qusar Ş, Karl Marks, ev.67 hüquqi ünvanında qeydiyyatdan keçmiş şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb. 890 min manat nizamnamə kapitalı olan “19 Saylı Tikinti Təmir İdarəsi” MMC-nin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur. Şirkət iki il ərzində MİDA MMC-nin ard-arda 7 tenderinin qalibi olub ki, onların ümumilikdə məbləği 22 milyon manatdan çox edib. Bununla yanaşı, şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Gəncə Dövlət Universiteti, Elm və Təhsil Nazirliyi, Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi və s qurumlarla milyonlarla manatlıq müqavilələri icra edib.
Hesabatda eyni zamanda, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri” ilə bağlı nöqsanlar da qeyd edilib. Bununla bağlı auditdə yer alan məlumatlarda deyilir
“Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrinin 146942,89 manat artmasına sәbәb olmuşdur”.
Auditdə qeyd edilən tarixlər üzrə tender məlumatlarını təhlil etdikdə iş üzrə qalib olan şirkətin 9900062801 VÖEN kodu ilə fəaliyyət göstərən “Protean Construction” ASC olduğunu müəyyən etdik. Tərəflər arasında 2024-cü ilin fevral ayında 11 milyon 500 min manat məbləğində tender müqaviləsi bağlanılıb.
Foto: etender.gov.az portalından ekran görüntüsü
Görülən işlərlə bağlı nöqsanların qeyd edilməsinə baxmayaraq, audit dərc olunduqdan sonra da tərəflərin əməkdaşlığı genişləndirilib. “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə “Protean Construction” ASC arasında növbəti 1 milyon manatlıq (1.088.601,18 AZN) müqaviləyə imza atılıb. 2025-ci ilin noyabr ayında bağlanan müqaviləyə görə, Açıq Səhmdar Cəmiyyəti Zəngilan şəhəri yaşayış məhəlləsində mühəndis təminatı və transformator binası işlərinin satın alınması işini həyata keçirib.
Auditin dərc olunduğu tarixdən sonra ASC təkcə adıçəkilən publik hüquqi şəxslə deyil, digər dövlət əsaslı qurumlarla da iri həcmli müqavilələr bağlayaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini davam etdirib. “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsinin elan etdiyi Füzuli, Hadrut, Ağalı, Məmmədbəyli kəndlərində su təchizat qurğularının tikilməsi üzrə ümumilikdə 36.549.955,22 manat, eləcə də Lənkəran şəhərinin su təchizatı və kanalizasiya işləri üçün ayrılıqda 38.558.538,26 AZN manat olmaqla ümumikdə 73 milyon manatlıq (73.099.910,44) tenderin qalibinə çevrilib.
Bakı Şəhəri, Xətai Rayonu, Kazımağa Kərimov, ev.236 ünvanında qeydiyyatdan keçən “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. 2004-cü ildə qeydiyyatdan keçən şirkətin nizamnamə kapitalı 160 672 AZN-dir. Şirkət 4 il ərzində “Azərsu” ASC-nin ard-arda 10 tender müqaviləsinin qalibi olub ki, layihələrin ümumilikdə məbləği 102 milyon manatdan çox edib. Bununla yanaşı, şirkət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC və s. dövlət qurumlarının iri məbləğli satınalmalarının da qalibi olub.
Büdcədən artıq vəsaitin xərclənməsinə və ciddi nöqsanlara səbəb olma ilə bağlı nə “19 Saylı Tikinti Təmir İdarəsi” MMC-nin, nə “Protean Constructıon” ASC-nin, nə də adıçəkilən publik hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı mediada hər hansı informasiyaya rast gəlinir. Bu barədə Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, publik hüquqi şəxslərə göndərdiyimiz sorğulara da cavab verilməyib.
Beləliklə, növbəti araşdırmamız da göstərir ki, Hesablama Palatasının auditlərində ciddi nöqsanların qeydə alındığı bəzi layihələri icra edən şirkətlər sonradan da iri həcmli dövlət sifarişləri almağa davam ediblər.
Dövlət Satınalmaları haqqında Qanunun 4-cü maddəsinə görə, dövlət satınalmalarının əsas prinsipləri maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə olunması, eləcə də satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik şəraitində həyata keçirilməsidir. Qanunun 23.4.1-ci maddəsinə əsasən isə təchizatçının xüsusi uyğunluq tələblərindən biri satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığa və təcrübəyə malik olmasıdır.
Qeyd edilən pozuntularla bağlı şirkətlərin sonradan yenidən milyonlarla manatlıq dövlət sifarişlərinin icrasına cəlb olunması həmin peşəkarlıq və təcrübə meyarlarının hansı əsaslarla qiymətləndirilməsi, eləcə də auditlərdə aşkarlanan pozuntuların hansı hüquqi nəticələr doğurması suallarını yaradır. Bu sualları isə aidiyyəti dövlət qurumları növbəti dəfə cavabsız saxlayır. (AbzasMedia)
