18 iyun G7 sammitində İtaliyanın La7 telekanalı müxbirinin sualına cavab verərərkən Tramp dedi ki, sammitdə İtaliyanın baş naziri Ciorcia Meloni az qala ona yalvarırdı ki, birgə şəkil çəksinlər, o da axırda bezib və bir şəkil çəkdirib. Tramp Melonidən yanıqlıdır, çünki o, Melonini Avropada onu müdafiə edən nadir dövlət başçılarından biri hesab edirdi, lakin İran müharibəsində hətta Meloni də Trampı müdafiə etmədi.
Trampın alçaldıcı sözləri İtaliyada böyük qalmaqala, parlamentdə, mətbuatda müzakirələrə səbəb oldu. 19 iyunda Meloni X hesabında canlı efirə çıxmağa və Trampın yalan danışdığını bildirməyə məcbur oldu. İtaliyanın XİN başçısı Tayanı 21-22 iyunda ABŞ-a planlaşdırılmış səfərini ləğv etdi.
Lakin bundan sonra Tramp eyni sözləri ABŞ mətbuatına da söyləməyə başladı. 20 iyunda isə Tramp TruthSocial hesabında aşağıdakıları yazdı:
“İtaliyanın Baş naziri Ciorcia Meloni Fransada keçirilən G7 görüşündə dəfələrlə onunla şəkil çəkdirməyimi xahiş etdi. İtaliyada onun populyarlığı aşağıdır, bəlkə də ona görə ki, o, Birləşmiş Ştatlara, həqiqətən də, İtaliyanı sevən və qoruyan – xüsusən də İranın nüvə silahı yaratmasının qarşısının alınması məsələsində – bir ölkəyə imtina etdi. O hətta İtaliyanın uçuş-eniş zolaqlarından istifadə etməyimizə də icazə vermədi – bu da bizə əhəmiyyətli logistik çətinliklər yaratdı, hərçənd ABŞ İtaliya və NATO adlanan qurum üzrə digər müttəfiqlərimizin müdafiəsinə hər il yüz milyardlarla dollar vəsait xərcləyir. İndi ABŞ İranı hərbi yolla məğlub etdikdən sonra o yenidən bizim dostumuz olmaq istəyir ki, özünün dəstək reytinqini yüksəltsin. Xeyr, təşəkkür edirəm!!! Prezident DJT”
Meloni də borclu qalmadı və bir saat sonra X hesabında yenidən ona cavab verdi:
“Prezident Tramp,
bu sonsuz və əsassız hücumlar mənasızdır. Populyarlığıma gəldikdə isə, sizin müttəfiqiniz olmaq, əlbəttə ki, ona kömək etməyib və o mənim sizinlə münasibətimdən asılı deyil. Mənim populyarlığım İtaliyanın milli maraqlarını müdafiə etmək qabiliyyətimdən asılıdır və mən həmişə məhz belə etmişəm.
İtaliyadakı Amerika hərbi bazaları ilə bağlı da mən belə etmişəm. Onların istifadəsi həmişə hörmətlə yanaşdığımız müqavilələrlə tənzimlənir və mən baş nazir olduğum müddətcə onlar pozulmayacaq. İtaliya suveren dövlət olaraq qalacaq.
Bütün hallarda, mənim populyarlığım sizin işiniz deyil. Özünüz haqda düşünməyinizi tövsiyə edirəm.”
Yəqin, davamı olacaq…
Müasir siyasət hoqqabazlığa dönüb, siyasətçilər də daha çox stəndapçılara oxşayırlar.

