Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının dəstəklənməsi ilə bağlı yeni Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsini dövlət hesabına geri ala biləcəklər.
Lakin fərman hələ konkret məhsulları, ölkələri və kompensasiya məbləğlərini müəyyən etmir. Bunun üçün müvafiq qurumlara 3 ay müddətində mühüm tapşırıqlar verilib. Yəni növbəti mərhələdə hansı qeyri-neft məhsullarının dəstək alacağı, hansı ölkələrə ixrac zamanı kompensasiya veriləcəyi, bir bəyannamə üzrə maksimum dəstək məbləğinin nə qədər olacağı, müraciət və ödəniş mexanizminin necə işləyəcəyi müəyyən ediləcək.
Başqa sözlə, bu fərman ixracın dəstəklənməsi üçün yeni maliyyə mexanizminin hüquqi əsasını yaradır. Bu addım qeyri-neft ixracının artırılması, yerli xarici bazarlarda rəqabət qabiliyyətinin gücləndirilməsi və ixracatçıların xərclərinin azaldılması baxımından əhəmiyyətli qərar kimi qiymətləndirilə bilər.
Düşünürəm ki, fərmandan irəli gələn mexanizm hazırlanarkən 5 məsələyə xüsusi diqqət yetirilməsi ümumi işın xeyrinə olardı.
Birincisi, dəstək bütün qeyri-neft məhsullarına avtomatik şəkildə tətbiq edilməməlidir. Məhsullar seçilərkən onların strateji əhəmiyyəti, daxili tələbatın ödənilməsindəki rolu və ixrac potensialı nəzərə alınmalıdır. Əgər hər hansı məhsulun daxili bazarda istifadəsi və ölkə iqtisadiyyatına və Azərbaycan istehlakçısına verdiyi fayda onun ixracından əldə olunan faydadan daha yüksəkdirsə, həmin məhsulun ixracı təşviq edilməməlidir. Dəstək əsasən ölkəyə əlavə gəlir gətirən və ixracı milli maraqlara uyğun olan məhsullara yönəldilməlidir.
İkincisi, ixrac ölkələri və ya ölkə qrupları müəyyən edilərkən daha uzunmüddətli perspektivdən yanaşmaq məqsədəuyğun olar. Hüquqi bazanın tez-tez dəyişdirilməsi praktik olmadığı üçün potensial ixrac bazaları mümkün qədər geniş nəzərə alınmalıdır. Nəticədə, dəstək yalnız faktiki ixrac həyata keçirildikdə veriləcəyindən, geniş yanaşma gələcək imkanların qarşısını almadan çevikliyi təmin edə bilər.
Üçüncüsü, dövlət vəsaitinin necə bölüşdürüləcəyi aydın və şəffaf meyarlarla müəyyən edilməlidir ki, sahibkarlar hansı şərtlərlə dəstək ala biləcəklərini əvvəlcədən bilsinlər.
Dördüncüsü, müraciət prosesi mümkün qədər sadə olmalıdır. Kiçik və orta sahibkarlar əlavə bürokratik maneələrlə qarşılaşmamalıdırlar.
Nəhayət, beşincisi, bu dəstəyin necə real nəticə verib-vermədiyini ölçmək üçün konkret göstəricilər müəyyən edilməli və proqram mütəmadi olaraq qiymətləndirilməlidir. Yəni dövlət vəsaiti ayrılırsa, bunun ixracın artmasına, yeni bazarların qazanılmasına və sahibkarların xərclərinin azalmasına nə dərəcədə təsir etdiyi də izlənilməlidir.
Düşünürəm ki, bu məqamlar nəzərə alınarsa, yeni mexanizm həm sahibkarlar, həm də ölkənin qeyri-neft ixracının inkişafı baxımından daha faydalı ola bilər.
