22.8 C
Bakı
10 İyun 2026 00:54
CəmiyyətQalmaqal

Akif Qurbanov: “Polislərin götürdüyü çantada 17 min manat olub, aqibəti bilinmir”

İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Proses çərçivəsində təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov məhkəməyə növbəti vəsatət təqdim edib.

Vəsatətdə o, 2023-cü ilin dekabrında baş vermiş hadisələr, itkin düşdüyünü bildirdiyi əşyalar və pul vəsaiti, həmçinin bu məsələlərin araşdırılması ilə bağlı tələblərini əks etdirib.

Həmin vəsatəti olduğu kimi təqdim edirik:

1. “Sərbəst ifadəmdə həbsdən əvvəl, 23.12.2023-cü il tarixində barəmizdə keçirilən əməliyyat haqqında ətraflı məlumat vermişdim. Həmin əməliyyatda III Respublika Platformasının qurucu heyət üzvü Araz Əliyevi saxlayan şəxslər mənim əl çantamı (içərisində “MacBook Air 13” markalı iş kompüterim, pul qabım, bank kartlarım və digər qiymətli əşyalarım olmaqla) da götürüblər. Bu məlumat dəfələrlə ictimailəşdirilib. Araz Əliyev və tərəfimdən Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə, mətbuat xidmətinə, prokurorluğa və digər qurumlara rəsmi və ictimai formada müraciətlər edilib.

Araşdırılıb, məlumat veriləcəyi deyilsə də, sonra heç bir rəsmi cavab verilməyib. İbtidai istintaqa rəsmi vəsatət vermişəm, təmin edilməyib. İfadə zamanı həmçinin Araz Əliyev məhkəmədə şahid kimi dindiriləndə, hadisəni olduğu kimi təsvir etdikdən sonra münasibətimi bildirərək araşdırılmasını istədim. Hakim Azər Tağıyev bildirdi ki, hər şey araşdırılacaq. İndi isə məlum olur ki, heç bir araşdırılma olmadan məhkəmə istintaqı yekunlaşdırmaq istəyir. Ona görə də yenidən yazılı formada vəsatət verirəm ki, əl çantamın içindəkilərlə tapılıb araşdırılması üçün müvafiq qərar verilsin.

2. Araz Əliyevi saxlayanların kimliyi bizə məlum deyil, özlərini aydın təqdim etməyiblər, sadəcə polis olduqlarını deyiblər. Dəqiq bilinən isə odur ki, həmin şəxslər Araz Əliyevi 24-cü polis bölməsinə təhvil veriblər. Yəni DİN dəqiq bilir ki, onu kim tutub və bölməyə gətirib. Belə olduqda, bu özbaşınalığın məsuliyyəti DİN və onun fəaliyyətinə nəzarət etməli olan Baş Prokurorluğun üzərindədir.

3. Bu vəsatətlə indiyə kimi, açıqlamadığım bir faktı da cəmiyyətə demək istəyirəm. Belə faktın ictimailəşməsi normal ölkədə skandala çevrilər, ən azı DİN rəhbərinin istefasına səbəb olardı. Lakin, ölkəmizdə nə belə siyasi idarəetmə tipi var, nə də siyasi mədəniyyət, nə də hüquqa bağlılıq məsuliyyəti var. Fakt isə ondan ibarətdir ki, çantada sadaladıqlarımla birlikdə, həm də dəyərli bir şey vardı.

Araz bəyin çantanın içində nə olduğundan xəbəri yox idi. Barəmdə keçiriləcək əməliyyat planını eşidəndə, o, sadəcə çantanı ofisdən özü ilə götürməli oldu. Araz Əliyevin həbsdən çıxmasını gözləməli olduq. Çünki onunla bu məsələni aydınlaşdırmadan hər hansı addım atsaydım, bu, onun əleyhinə istifadə oluna bilərdi.

Həbsdən çıxandan sonra bildirdi ki, sadəcə çantadakı “MacBook”u çıxarıb şifrəsini soruşublar. İstədikləri alınmayanda “MacBook”u çantaya qoyaraq, 4 nəfərdən 2-si onu özü ilə götürüb. Başqa maşına əyləşərək harasa aparıblar. Sonra Araz Əliyevin kompüterinin şifrəsini öyrənmək cəhdindən başqa nə çantanı göstəriblər, nə də içərisindəkilərə dair sual veriblər.

Bunu dəqiqləşdirəndən sonra qərarlaşdırdıq ki, rəsmi şikayətlər verib çantanı tələb edək, prosesin gedişini izləyək. Məsələnin detallarını sadəcə 5-6 nəfər bilirdi. Çox keçmədi, cavab almamış bizi həbs etdilər.

Gözlədim ki, yəqin istintaqda ortaya çıxacaq. İstintaq materialları ilə tanışlıq zamanı heç nə görmədim. Baxmayaraq ki, vəkilimin iştirakı ilə təkrar ifadə almaq istəyən müstəntiq Əlibala Hacıyevə şifahi məlumat vermişdim. İstintaq həqiqəti araşdırmaq istəyirsə, çantanı tapsın, içindəkiləri ortaya qoysun.

Yoxsa, məhkəmədə Vilayət Eyvazova sürprizim olacaq, dedim. O da rəhbərliyə çatdıracağını bildirmişdi. 23 cildlik materiallar arasında bu barədə heç nə görməyəndə yazılı vəsatət verdim, lakin təmin edilmədi.

Artıq bu faktın nə olduğunun açıqlamağın zamanı gəldi. Çantanın içərisində qeyd edilən qiymətli əşya 17 min manat dəyərində pul vəsaiti olub.

4. Qeyd edilən pul vəsaiti şəxsi halal qazancımızın (rəsmi qaydada əldə edilmiş) bir hissəsidir. Qeyd edim ki, ifadəmdə istintaqın 9 nəfərin adına saxta yolla şişirtdiyi rəqəmin cəmindən 200 726 AZN artıq vəsaitin legitim mənbəyini göstərən 3 sənəd təqdim etmişəm.

Vəsaiti həmin gün evdən birbaşa ofisə çantada gətirməkdə əsas məqsəd işdən sonra dostumla görüşərək göstərilən “RAV4” markalı avtomobilin gömrük rəsmiləşdirilməsi və təmiri xərclərini ödəmək idi. Elə ona görə də Araz Əliyev soruşanda ki, çantanı kimə verim, dedim: “Gözlə, indi xəbər edirəm”.

İşdə şahid kimi adı keçən həmin dostumla danışdım, götürə biləcəyini dedi. Araz Əliyevin nömrəsini verdim. Araz bəyə də bildirəndə cavab yazdı ki, artıq danışıblar, dostumla görüşə gedir.

O, deyilən ünvanda taksidən düşüb görüş yerinə gedərkən həbs edildi. Həbs yeri də dostumun yaşadığı ərazi olan Bəhruz Nuriyev küçəsidir. Həmin ünvan Araz Əliyevin inzibati həbsinə dair məhkəmə qərarında da görünür.

Qeyd edim ki, Araz Əliyevlə dostum nə tanış idilər, nə də görüşmüşdülər. İlk dəfə idi ki, həmin anda mənim xahişimə görə danışırdılar, lakin görüşmələrinə imkan verilmədi.

5. İndi buradan prezident İlham Əliyevə və onun hakimiyyətinə ünvanlayacağım suallar var. Bu çantanı götürən polislərin naziri Vilayət Eyvazov çantanın içərisində nə olduğuna dair məlumatı sizə məruzə etməyibmi?

Məntiq deyir ki, məlumatı gizlətməyiblərsə, onda bu pullar haradadır, kimə verilib? Sizə verilibsə, buna çoxmu ehtiyacınız var? Əgər sizdən gizlədə biliblərsə, naziriniz Vilayət Eyvazovun bu pullara ehtiyacı varmı? Doymurmu onların gözləri?

Yox, əgər əməliyyata rəhbərlik edənlər nazirə belə bir məlumatı verməyiblərsə, onda oğru, soyğunçu və quldur olanlar onlardırmı? Bu nəyi göstərir? Polislər o qədər acizdir ki, siyasi işlərdən də qazanc götürürlər?

Yoxsa artıq “Tək adam” idarəetmə sistemi o qədər çürüyüb ki, əlinə fürsət keçən şəxsi qazanc üçün yuxarıdakılara “atış” gəlir? Nədir bunun adı?

İlham Əliyev hakimiyyətindən, onun hüquqi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovdan və propaqanda işini aparan digər köməkçisi Hikmət Hacıyevdən rəsmi açıqlama tələb edirəm.

Baş prokuror Kamran Əliyev dərhal tədqiqat başlatmalıdır. DİN və Vilayət Eyvazov mövqelərini ictimai formada bəyan etməklə məsələyə aydınlıq gətirməlidirlər. Dövlət Təhlükəsizliyi Xidməti bu məsələyə dair qanunla üzərinə düşən vəzifəni yerinə yetirməlidir. İctimai-siyasi şəxslərlə bağlı “Bollywood” filmləri çəkməyin başını buraxmalıdır.

Yuxarıda qeyd edilənləri Azərbaycan Respublikasının Konstitusiyasını, Avropa Konvensiyasını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını və Cinayət-Prosessual Məcəlləsinin müvafiq müddəalarını rəhbər tutaraq tələb edirəm:

1. Çantanın içindəkilərlə birlikdə tapılması və araşdırılması üçün müvafiq qərar çıxarılsın.

2. Tapılan çanta və içindəki əşyalar, “MacBook” cihazı, pul vəsaiti və digər predmetlər tədqiq olunsun və onlara hüquqi qiymət verilsin.

3. Bu işdə məsuliyyət daşıyan bütün vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə müvafiq qərar verilsin.” (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem – Bitməyən internet özbaşnalıqları

admin

“Bəzi qadınlar evliliyə cinsi tələbatının ödənilməsi kimi baxır”

redaktor

İsti havalarda kondisionerin ən optimal temperaturu açıqlanıb

redaktor