19 C
Bakı
07 İyun 2026 10:24
DünyaSiyasət

Paşinyan udacaq, bəs Rusiya Ermənistanı necə saxlamağı planlayır?

Bu gün Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyanın hökuməti təkbaşına formalaşdırmaq hüququ verəcək qələbə qazanması ehtimalı kifayət qədər yüksəkdir. “Vətəndaş Müqaviləsi” Partiyasını təmsil edən Paşinyana qarşı əsas müxalif qüvvələr Rusiya meyilli siyasi düşərgəni təmsil edən eks-prezident Robert Koçaryan, “GE” blokundan Samvel Karapetyan və “ÇE” Partiyasından Qaqik Sarukyandır ki, onlar seçki kampaniyasında əsasən Qarabağ və Azərbaycan-Ermənistan münasibətlərindən istifadə edərək hakimiyyətə gəlməyə çalışırlar.

Lakin müxalifətin tam vahid lider ətrafında birləşmədən seçicilərin qarşısına çıxması faktiki olaraq Paşinyanın xeyrinə işləyib. Mövcud vəziyyət göstərir ki, həmin qüvvələrin nəinki qalib gəlməsi, hətta qanunla müəyyən edilmiş partiyalar üçün 4, bloklar (ittifaqlar) üçün isə 8 faiz keçid baryerini aşacağı ehtimalı belə zəif görünür. İctimai rəy sorğuları da göstərir ki, son günlər Paşinyanın lehinə olan dəstək müəyyən qədər artıb. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi ölkənin real müstəqilliyə nail olmasının və xüsusən də “Rusiyanın quberniyası” reallığını dağıtmaq istəyindədir və Paşinyanın irəli sürdüyü “Real Ermənistan” layihəsi seçicilər tərəfindən şans kimi qiymətləndirilir.

Ancaq Rusiya meyilli siyasi düşərgənin məğlubiyyəti sivil şəkildə qəbul edəcəyi o qədər də inandırıcı olmasa da, Moskva Paşinyanın qələbəsini qəbul etmiş kimi görünür və seçkidən sonrakı dövrə hazırlanaraq digər vasitələrlə, xüsusən də Ermənistanı “siyasi və iqtisadi regional bloklaşma” vasitəsilə təsir dairəsində saxlamağı planlayır.

O da var ki, Moskva üçün daha geniş strateji ağır nəticələr verə biləcəyindən istəmədiyi Ermənistana hərbi müdaxilə variantını da seçkidən sonrakı dövr üçün arxivləşdirməyib.

İnkaredilməz faktdır ki, Ermənistanın Rusiyadan siyasi, iqtisadi və enerji asılılığı məhz Azərbaycan vasitəsilə əvəzlənə bilər.

Bu kontekstdə də Rusiyanın son günlər Azərbaycanla münasibətləri normallaşdırmağa çalışması zərurətdən irəli gəlir. Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında görüşün keçiriləcəyinə dair məlumatlar bu mərhələdə əsasən Ermənistanla bağlı proseslərin tərkib hissəsi kimi şübhə doğurmur. Bu baxımdan Rusiya tərəfinin Azərbaycanla münasibətlərdə korrektələr etməyə çalışması həm də Ermənistanda seçkidən sonrakı proseslərə hazırlıq xarakteri daşıyır.

Mayın 28-də Astanada keçirilən Aİİ-nin iclasında üzv ölkələrin prezidentlərinin imzaladığı bəyanatla faktiki olaraq ya Aİ, ya da Aİİ və referendum seçimi qarşısında qoyulan Paşinyan iqtidarı elə həmin gün formal geri addım ataraq seçim tələbini müəyyən mənada masadan götürmüş oldu. Əslində də Paşinyan bir addım geri atmaqla iki addım irəlilədi. Artıq Paşinyan hakimiyyəti nəinki iki seçim, daha çoxvektorlu siyasi kurs əlamətlərini göstərir.

Ermənistanın Avropaya inteqrasiyası və Rusiyadan real müstəqillik əldə etməsi məsələsi isə hazırkı mərhələdə ölkənin iqtisadi və enerji asılılığı səbəbindən olduqca mürəkkəb olaraq qalır.

Rusiya Ermənistanı Gürcüstan və İran vasitəsilə iqtisadi və enerji blokadasına nəzarət edə biləcəyi halda, Azərbaycan və Türkiyə xətti ilə Ermənistanın əldən çıxa biləcəyinin mümkünlüyünü görür.

Mövcud şəraitdə Ermənistanın Rusiyadan asılılığının azaldılması istiqamətində əsas tranzit və regional tərəfdaş rolunu Azərbaycan oynaya bilər. Bu səbəbdən Rusiyanın Azərbaycandan müəyyən mənada dəstəyə “sığınması” siyasi zərurətdir. Azərbaycan və Türkiyənin prosesə münasibəti isə digər şərtlərlə yanaşı, ən azı Zəngəzura hüququn bərpası ilə də ölçülə bilər.

 

Vüqar Dadaşov
Tacxeber.com

Oxşar xəbərlər

“BYD” Türkiyədə Çin məhəlləsi qurur – 1 milyard dollarlıq invstisiya

admin

“Putinin birinci evliliyində nişanlısı toydan əvvəl qaçıb…”-Keçmiş “KQB” əməkdaşı

admin

Oğurluğa girdiyi evdə kitab oxuyarkən ev sahibinə yaxalandı

redaktor