Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, sitat: “Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır”.
Hörmətli Zaur müəllimin nə gözəl gözləntiləri, nə ülvi məqsədləri var – adam lap kövrəlir.
Hörmətli Zaur müəllim, 2020-ci ildə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 646 min 600 baş olub, 2026-cı ildə isə say 2 milyon 435 min 500 başa düşüb – son altı ildə 211 min 100 baş azalma var.
2020-ci ildə ölkə üzrə qoyun və keçilərin sayı 8 milyon 189 min 200 baş olub, 2026-cı ildə isə 6 milyon 757 min 800 başa düşüb – altı ildə 1 milyon 431 min 400 baş qoyun-keçi sayı azalıb.
Zaur müəllim, arzu, istək, gözlənti, məqsəd lap yaxşı – bəs bu günə qədər nazirlikdə oturub düşünmüsünüzmü ki, son 6 ildə nə baş verdi ki, mal-qara, qoyun-keçi sayında belə kəskin azalma oldu?! Səbəblər nədir?! Bu nəticəni, trendi dəyişmək üçün hansı addımlar atılmalıdır?!
Zaur müəllim, nazirliyin işi arzu-istək dilə gətirmək, tost demək deyil, işinizin məğzi problemləri təsbit etmək, və ən vacibi, onları aradan qaldırmaq üçün düşülünmüş, işlək plan-proqram tərtip etməkdir. Yəni, nəticədən danışmaq azdır axı, o nəticəni yaradan səbəblər aradan qaldırılmalıdır – çünki, səbəb dəyişməsə, nəticə də dəyişməz, bu qədər bəsit…
