Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə müzakirə edilən məsələlər və qarşıya qoyulan hədəflər təqdirəlayiqdir; son illər aqrar sektorda baş verən durğunluğu ortadan qaldırmağa müəyyən təkan verəcəyinə ümid edirəm.
Amma mənə maraqlı gələn, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun aqrar sahədəki geriləmələri və idxaldan asılılığı necə ustalıqla malalaması oldu.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov: “Son beş il ərzində heyvanların sayında azalma müşahidə olunur. Bununla belə, ət istehsalında və adambaşına ət istehlakında artım müşahidə edilir. Artan ət istehsalı, təəssüf ki, artan ət istehlakını qarşılaya bilmir və buna görə də ət idxalı son illərdə artmışdır”.
Kim nə başa düşdü, özü bilər. Əsas odur ki, cənab nazir özündə heç bir səhv, yarıtmaz fəaliyyət, işbilməzlik və məsuliyyət görmür.
Keçək real statistikaya:
Azərbaycana ildə orta hesabla 40-45 min ton qırmızı ət, 25-30 min ton quş əti və hissələri, 800-1200 ton arası donuz əti idxal edilir. Balıq, krevet və digər dəniz məhsullarının idxalı ümumilikdə 55-58 milyon dollar dəyərində qiymətləndirilir ki, bu da çəki olaraq təxminən 12 000 – 15 000 tona bərabərdir.
Ölkəyə gətirilən diri heyvanlar isə bu rəqəmlərə daxil deyil. Amma həmin diri heyvanlar ölkəyə gətirilib kəsildikdən sonra Dövlət Statistika Komitəsi tərəfindən yerli ət istehsalı kimi qeydiyyata alınır. Ölkəyə illik təxminən 80 000 – 100 000 baş arası diri iribuynuzlu, 120 000 – 150 000 baş qoyun və keçi idxal edilir.
Bəs bu ölkənin qoyun kecisi hara getdi ?
Ölkədə xırdabuynuzlu heyvanlarda (Qoyun-keçi): 2022-ci ildəki 8.16 milyon başdan bu gün 6.75 milyona qədər azalma baş verib. Bu da son 4-5 ildə təxminən 1 milyon 410 min baş qoyun və keçinin azalması deməkdir. (təxminən 17.2% azalma).
İribuynuzlu heyvanlarda (Mal-qara): 2.66 milyon başdan 2.43 milyona düşüş qeydə alınıb. Bu isə ölkə üzrə mal-qara sayının təxminən 230 min baş azalması deməkdir (təxminən 8.6% azalma).
Keçək cənab nazirin dediyi kimi, son illər də əhalinin ət istehlakındakı “artımına”.
Gəlin qonşu ölkələrlə müqayisəli təhlil edək.
Adambaşına İllik Ət İstehlakı:
Avropa İttifaqı (Orta göstərici): 75 – 85 kq
Ermənistan: 61.8 kq
Gürcüstan: 45.0 kq
Azərbaycan: 42.6 kq
Düzdür, qonşu ölkələrdə əhalinin ət istehlakında donuz, quş və balıq əti xüsusi çəkiyə malikdir. Amma cənab nazir aydınlıq gətirməlidir ki, necə ola bilir , ərazisi Azərbaycanın üçdə biri (1/3) qədər olan Gürcüstan Azərbaycana ən çox diri heyvan idxal etməklə yanaşı, Ermənistan, İraq və Ərəb ölkələrinə daha çox ət məhsulları ixrac edə bilir?
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər. Amma tapa bilsələr…
Deyirlər:
— Filankəsin dədəsi acından öldü.
Deyir:
— Öldü, yemədi?
