DünyaSiyasət

Ərdoğan Türkiyəsi bazarlığa Yunanıstana gedir?

Almaniyanın ən nüfuzlu nəşrlərindən olan “Frankfurter Allgemeine Zeitung (FAZ)”da Bülent Mumay “Bereust du, dass du die Wahrheit schreibst?” (Həqiqəti yazdığına görə peşmansanmı?) adlı məqalə ilə çıxış edib. Əlbəttə, Azərbaycanın “müstəqil mediası” Ərdoğan Türkiyəsini qətiyyən tənqid edən yazı verə bilməz. Ona görə də siz bu yazını saytlarda oxuya bilməyəcəksiz. Düzdür, AKP ilə YAP arasında souyuq küləklər əsəndə araya qırğın düşür. Sonra yenidən dil tapırlar…

Bu yazı Türkiyədən bəhs edir. Ancaq Azərbaycanla son dərəcə oxşarlıq insanı heyrətdə qoyur. Bu oxşarlıq isə avtoritar rejimin mahiyyətindən doğur.

Bülent Mumayın yazısında bir neçə detal var ki, insanı sarsıdır.

Bu yazıda sadəcə faktlar var. Və həmin faktlar bir ölkənin necə sürətlə sosial-iqtisadi böhrana sürükləndiyini göstərir.

Ən diqqət çəkən məqam qiymətlərdir.

Britaniyalı jurnalist Lizzie Porter İstanbul və London supermarketlərində qiymətləri müqayisə edib və məlum olub ki, eyni 19 məhsuldan ibarət səbət İstanbulda 62 faiz daha bahadır. Halbuki Türkiyədə minimum əmək haqqı Böyük Britaniyadakının təxminən dörddə biri qədərdir.

Yəni insan daha az qazanır, amma daha baha yaşayır.

Bu artıq sadə inflyasiya deyil. Bu, iqtisadi sistemin pozulmasıdır.

Bunu daha da ağırlaşdıran başqa fakt var. Son illərdə Türkiyədə ərzaq qiymətləri 833 faiz artıb. Dünyada isə bu göstərici cəmi 101 faizdir. Bu fərq artıq bazar mexanizmləri ilə izah edilə bilməz.

Vəziyyət o həddə çatıb ki, insanlar daha ucuz bazarlıq etmək üçün ölkədən çıxır. İstanbuldan Yunanıstanın Aleksandrupolis şəhərinə gedərək ərzaq alırlar. Bu, artıq iqtisadi göstərici deyil, sosial faciənin göstəricisidir.

Bunu edə bilməyənlər isə qidalanmanı məhdudlaşdırır, gündəlik xərclərini kəsir və təbii olaraq hökumətə qarşı qəzəbi artırır. Amma hakimiyyət bu narazılığı anlamaq əvəzinə tamam fərqli reaksiya verir. 67 yaşlı bir pensiyaçı sosial şəbəkədə sadə süfrəsini paylaşaraq istehza ilə yazmışdı ki, “əjdaha meyvəsi, camış yoğurdu, krevetka kimi bahalı məhsullarla işimiz yoxdur.” Video dərhal viral oldu. Amma hökumət bu acı mesajı oxumaq əvəzinə pensiyaçını “alkoqol təbliğatı”nda ittiham etdi. İndi onu 62 min avroya qədər cərimə gözləyir — bu isə təxminən 14 illik pensiyasına bərabərdir.

Daha da absurd mənzərə elmdə ortaya çıxır. Dövlət qurumu TÜBİTAK “yağış duası” adlı layihəyə 57 min avro vəsait ayırır. Halbuki real elmi layihələr sistemli şəkildə rədd edilir, alimlər isə ölkəni tərk etməyə məcbur qalır. Məsələn, maqnit vasitəsilə maye səviyyəsini ölçən innovativ sistem hazırlayan bir alim Türkiyədə dəstək ala bilmədi, amma Polşada beynəlxalq mükafat qazandı və layihəsi sonradan NASA proqramına daxil edildi. Bu artıq təkcə prioritet problemi deyil — bu, gələcəyin şüurlu şəkildə itirilməsidir.

Bu mənzərə təkcə iqtisadiyyat və elm sahəsi ilə məhdudlaşmır.

Jurnalistlər də bu sistemin hədəfinə çevrilir.

Jurnalist Yelis Ayaz məktəbdə baş verən zorakılıq haqqında yazdığı üçün həbs olunub. Səbəb isə sadədir — yazıda hakim partiyadan olan deputatın oğlunun adı keçirdi.

O, həbsxanadan yazdığı məktubda iki sadə, amma taleyüklü suala cavab verir. Birincisi: yazdıqları doğrudurmu? O, bütün faktların doğru olduğunu detalları ilə sübut edir. İkinci sual isə daha ağırdır: peşmansanmı? Onun cavabı isə bu ölkədə jurnalistikanın mahiyyətini açıq göstərir: “Əgər jurnalist həqiqəti yazdığına görə peşman olarsa, cəmiyyətin məlumat alma hüququ səssizcə ölür. Mən həbsdəyəm, amma vicdanım azaddır. İnsan jurnalistlərdən yox, cəmiyyətin həqiqəti danışmağı dayandırmasından qorxmalıdır.”

Bu sözlər bütün mənzərəni yekunlaşdırır.

Həqiqəti yazanın həbs olunduğu yerdə problem jurnalistdə deyil — problem həqiqətin özündədir.

Xatırladım ki, Azərbaycanda da 30-a yaxın jurnalist saxta ittihamlarla həbs olunub…

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Zakir Həsənov sülhməramlılarla bağlı TAPŞIRIQ VERDİ

redaktor

İngiltərədən erməni lobbisinə qarşı həmlə – Türkiyə ilə sürpriz anlaşma

admin

Qızılın qiyməti artdı

redaktor