DünyaSiyasət

Donald Trampın Çinə səfərinin nəticələrinin müzakirəsi səngiməyib

ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin nəticələrinin müzakirəsi səngiməyib. Bu təbiidir. Dünyanın iki böyük gücü aralarındakı oyun qaydalarını müəyyələşdirməyə çalışır.

Trampla çinli həmkarı Si Cinpin arasında görüşlər və müzakirə ediləcək mövzular aylar öncə müəyyənləşdirilir və razılaşma üçün imkanlar öyrənilir. Misal üçün Trampın Çinə səfərindən əvvəl bəlliydi ki, Ağ Ev sahibi Tayvan məsələsində mövqeyini dəyişdirməyəcək, yəni ABŞ əvvəlkitək bu adanın Çinə güc yoluyla birləşdirilməsinin əleyhinədir. Bu o deməkdir ki, ABŞ-la Tayvan arasında hərbi əməkdaşlıq davam edəcək. Eyni ilə Si Cinpinin də Trampın “Pekin İran hakimiyyətinə təzyiq etsin” istəyini yerinə yetirməyəcəyi əvvəlcədən bəlli idi. Doğrudur, Pekin Vaşinqtonun “İran nüvə silahı əldə etməməlidir” və “Hörmüz boğazı açılmalıdır” tezisləriylə şifahi şəkildə razılaşıb, ancaq bu o demək deyil ki, Çin hakimiyyəti bunların yerinə yetirilməsi üçün Tehrana təzyiq edəcək. Əksinə, Pekin İrandakı rejimin ABŞ-ın təzyiqi qarşısında geri çəkilməsinin və zəifləməsinin qarşısını almağa çalışacaq. Bu o deməkdir ki, Pekin əvvəlkitək ABŞ-la bağlı kəşfiyyat məlumatlarını Tehranla bölüşəcək və imkan daxilində tərəfdaşına zəruri hərbi texnika göndərəcək.

İran və Tayvan mövzuları Pekinlə Vaşinqtonun qırmızı çizgiləridir. Vaşinqton Tayvan məsələsində Pekinin istəklərini, Çin hakimiyyəti isə Amerikanın İranla bağlı istəklərini yerinə yetirməyəcək. Halbuki, “Hörmüz boğazı”nın bağlı qalması Çinin iqtisadi maraqlarına ziddir. Buna baxmayaraq, Tehran Çin üçün nəzərdə tutulan neftlə dolu tankerlərin “Hörmüz boğazı”ndan keçidinə şərait yaradıb. Donald Tramp isə ABŞ hərbi komandanlığına taşırıq verib ki, həmin tankerlərin “Hörmüz boğazı”ndan keçidinə əngəl yaratmasınlar. Çünki, “Hörmüz boğazı”ndan Çinə istiqamətlənən tankerlərə əngəl yaradılsaydı, bu Trampın Pekində əldə etdiyi şifahi razılaşmaları heçə endirəcəkdi. Tramp isə hazırki şərtlər daxilində Si Cinpinlə münasibətlərin yenidən gərginləşdirmək istəmir.

Təsadüfi deyil ki, Tramp Çinlə dialoqda insan haqları mövzularını qaldırmır. Halbuki, Trampın Çinə səfərindən bir neçə gün əvvəl ABŞ-da fəaliyyət göstərən uyğur təşkilatlar Ağ Ev sahibinə açıq məktub ünvanlamışdılar. Həmin təşkilatlar Donald Trampdan Si Cinpinlə görüşdə Çində uyğurlara tətbiq edilən məhdudiyyətlərin ortadan qaldırılması mövzusunun müzakirəsini xahiş etmişdilər. Tramp çinli həmkarıyla bu mövzunu müzakirə etmək istəməyib. Trampın uyğur məsələsini gündəmə gətirməməsi Ağ Ev sahibinin ümumiyyətlə insan haqları mövzusuna maraq göstərməməsiylə əlaqəlidir.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Baş Qərargah rəisi: “İsrail ordusu Qəzzanı mühasirəyə alıb”

redaktor

Nikol Paşinyan: Ermənistan Qarabağ hərəkatını davam etdirir, ya yox?

admin

Bayden və müşavirləri Harrisin seçkidə Trampa qalib gələ biləcəyinə inanmırlar – KİV

redaktor