Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi raketlər məhdudiyyətləri aşaraq əldə edilən xarici komponentlərdən istifadə etməklə istehsal olunmağa davam edir. Ukrayna Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq üçün yeni addımlar atır.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiyanın son hücum zamanı hansı növ raket və dronlardan istifadə etdiyini dəqiq müəyyən etmək üçün hazırda ətraflı araşdırma aparılır.
İlkin məlumatlara görə, ruslar Kiyevdəki yaşayış binasını X-101 raketi ilə vurublar.
“Ekspertiza bu raketin bu ilin ikinci rübündə istehsal olunduğunu müəyyən etdi. Bu, Rusiyanın qlobal sanksiyalara baxmayaraq, hərbi-sənaye kompleksi üçün resurs və avadanlıq idxal etməyə davam etdiyini göstərir”, – deyə Zelenski qeyd edib.
Zelenski qeyd edib ki, sanksiyalardan yayınma sxemlərinin dayandırılması Ukraynanın bütün beynəlxalq tərəfdaşları üçün prioritet olmalıdır.
“Birgə cavabımızı gücləndirə biləcək addımlar hazırlayırıq: sanksiyalar Rusiya üçün daha ağrılı olmalıdır”, – deyə o vurğulayıb.
Xatırladaq ki, bu səhər Rusiya Ukraynaya bu günə qədər ən böyük hava hücumlarından birini həyata keçirib. Kiyevdə ölənlərin sayı 16-ya çatıb.
