İrana qarşı ABŞ və İsrail birgə hərbi əməliyyatı başlayandan bəri iki ölkə, Türkiyə və Pakistan münaqişə tərəfləri arasında vasitəçilik təşəbbüsü etməyə başladılar. Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” kanalına müsahibəsində tərəflər arasında vasitəçiliyin Pakistan vasitəsilə həyata keçirildiyi, Türkiyənin də danışıqlar prosesində aktiv iştirak etdiyini bəyan etmişdi.
Türkiyənin və Pakistanın vasitəçilik təşəbbüsünün yanlış olduğunu, hər iki ölkənin bu münaqişədən məsafə saxlamalı olduğunu ifadə edəndə bəziləri Türkiyə və Pakistanın böyük dövlət olduqlarını, mənim məsləhətimə ehtiyacları olmadıqlarını yazırdılar. Nə oldu?
Pakistan artıq bu vasitəçiliyin “fayda”sını görməyə başlayıb. ABŞ-ın xarici siyasətinin müəyyən olunmasında əsas söz sahiblərindən biri olan respublikaçı senator Lindsi Qrem Pakistanın səmimi olmadığını qeyd edərək prezident Trampı İslamabada qarşı sərt mövqe tutmağa çağırıb. ABŞ-ın aparıcı media quruluşları da Pakistanı sərt tənqid edirlər.
CBS News kanalı Pakistanı İranın hərbi təyyarələrini ABŞ-ın hücumundan qorumaq üçün öz ərazisində gizlətməkdə ittiham edib. CNN isə Pakistanı danışıqlarda iştirak edən İran rəsmilərinin fikirlərini ABŞ-a yumşaldaraq çatdırdığını və beləliklə də Tramp adminstarsiyasını aldatdığı iddiasını irəli sürüb.
ABŞ-dan fərqli olaraq Birləşmiş Ərəb Əmirliyi dərhal əməli addım atıb və Pakistanı bu vasitəçiliyinə görə cəzalandırıb. Birləşmiş Ərəb Əmirlikləri Pakistanın Mərkəzi Bankından 3.5 milyard dollarlıq depozitin geri qaytarılmasını tələb etməsi rəsmi İslamabadı çətin vəziyyətə saldı. Bu isə təsadüfi deyil.
Belə ki, BƏƏ-nin 3.5 milyard dollarlıq depozit Pakistanın valyuta “ehtiyatları”nın təxminən 21 faizini təşkil edirdi. Səudiyyə Ərəbistanın köməyi sayəsində Pakistan BƏƏ-nin borcunu geri ödəyə bilib. Ancaq təhlükə sovuşmayıb. İrana qarşı hərbi müdaxilədə iştirak etmiş, hərbi əməliyyatların növbəti mərhələsində də iştirak edəcəyi gözlənilən Səudiyyə Ərəbistanı da Pakistandan tərəfini müəyyən etməyi tələb etsə, İslamabad çox ciddi seçim qarşısında qalacaq. Məsələ ondan ibarətdir ki, ABŞ və Səudiyyə Ərəbistanın maliyyə dəstəyi olmasa Pakistanın bank-maliyyə sistemi tamamilə çökər və ölkə xaosa yuvarlanar.
Ərəblərin Pakistandan borclarını geri istəməsi Türkiyəni də narahat etməyə başlayıb. Ankara narahatdır ki, BƏƏ Türkiyəyə qarşı da eyni addımı ata bilər. Bu isə çox kövrək olan Türkiyənin milli valyutasının kəskin dəyər itirməsinə səbəb olaraq ölkəni sosial partlayışa sürükləyə bilər. Tramp adminstarsiyası Türkiyədə sabitliyin pozulmasından ehtiyyatlanır və buna görə borc neft verməyə başlayıb.
Türkiyə ilə ABŞ, Pakistanla ABŞ arasındakı hazırkı normal münasibətlər önəmli ölçüdə Trampa görə mövcuddur.
Trampdan sonra bu münasibətlər önəmli ölçüdə dəyişəcək. Lindsi Qrem Pakistanı tənqid edir, digər respublikaçı senator Rik Skott isə Türkiyəni HƏMAS və Müsəlman Qardaşlarını maliyyələşdirməkdə, Rusiya və İrana rəğbət bəsləməkdə ittiham edir. Buraya aparıcı beyin mərkəzlərin, media orqanlarının Türkiyə və Pakistanla bağlı fikirlərini, mövqelərini əlavə edəndə Trampdan sonra Vaşinqtonun həm Ankara, həm də İslamabadla münasibətlərinin tamamilə fərqli olacağını görmək çətin deyil.
Bir tərəfdən də BƏƏ və Səudiyyə Ərəbistanı İrana qarşı müharibədə hər kəsdən tərəfini seçməyi tələb etməyə başlayıb. Bu tələb qətiləşərsə, Türkiyə və Pakistan ciddi təhlükə ilə üzləşə bilərlər. Çünki, hər iki ölkənin maliyyə vəziyyəti elə gündədir ki, ərəblərlə münasibətin pozulması da, İrana qarşı hərbi əməliyyatlarda iştirak da həm Pakistan, həm də Türkiyə üçün fəlakətli ola bilər.
İsraildə ümid edirlər Azərbaycan müstəqil mövqeyini qoruyaraq anti-İsrail qövsünün əlavəsinə çevrilməyəcək.
