DünyaSiyasət

Trampın Çin səfərindən nə gözlənilir?

Sabah ABŞ Prezidenti Donald Trampın ən böyük rəqibi olaraq gördüyü Çinə səfəri başlayır. İki gün davam edəcəyi bildirilən səfərdə İran məsələsinin də müzakirə olunacağı gözlənilir. Bəs Si-Tramp görüşü İran məsələsinin diplomatik yolla həllində önəmli rol oynaya bilərmi?

Qısaca cavab verərsək, xeyr. Məsələ burasındadır ki, İran probleminə bu iki dövlət bir-birindən tamamilə fərqli aspektlərdən yanaşırlar. Ən əsası isə, ABŞ təkcə İranı deyil, həm də Çinin idxal etdiyi neftin yarısından çoxunu aldığı Fars körfəzini əlində saxlamadan qlobal rəqabətdə Pekinlə bacara bilməyəcəyinə anlayır. Belə ki, dünyanın alternativ enerji mənbəyi sayılan nadir torpaq elementlərinin 60%-i, hasil olunan ehtiyatlarının isə 90%-i Çinin əlindədir. ABŞ-ın da bu təbii sərvətlərə böyük ehtiyacı var. Çinin öz fosil yanacaq ehtiyatının əksəriyyətini aldığı Fars körfəzinə çıxış sərbəst olarsa, dünyanın bütün enerji qaynaqları Pekinin nəzarətinə keçə bilər. Trampın bununla razılaşması mümkün deyil və odur ki, ABŞ Fars körfəzinə tam nəzarəti təmin edib yalnız nadir torpaq elementləri məsələsində Çinlə rəqabət aparmaq istəyir.

Əslində Çinin də ABŞ-ın bu iradəsi ilə razılaşmaqdan başqa çarəsi yoxdur, əks halda Çin ABŞ-la müharibəni gözə almalıdır. Çünki bu baş verərsə, həm mövcud, həm də potensial enerji mənbələrinin önəmli hissəsini ya öz əlində cəmləşdirən, ya da ona sərbəst çıxış imkanı qazanan Çin yaxın zamanlarda dünyanın əsas super gücünə çevrilə və ABŞ hegemoniyasına son qoya bilər. Təbii ki, ABŞ bununla razılaşmaz. Üstəlik, ABŞ-ın başının İranda qarışması Çinin də işinə yarayır. İran məsələsi olmasa, ABŞ Çinlə uğraşacaq və bu da Pekinə də sərf etmir.

Məhz bu səbəbdən də sabah Si Çinpinqlə Donald Tramp arasında başlayan danışıqlarda Tayvan məsələsinin ön plana çıxacağına inanıram. Məlumdur ki, Tayvanı özünün ərazi bütövlüyü daxilində görən Çin ABŞ-ın bu ada ilə siyasi əlaqələrindən narahatdır. Vaşinqton guya, Tayvanı Çinin ərazisi olaraq tanısa da, onu silahlandırmağı da dayandırmır. Xüsusilə Tramp hakimiyyətə gələndən sonra ABŞ bu adaya indiyədək ən iri məbləğli silah satışını reallaşdırdı – 11.1 milyard dollarlıq. Çinlə Tayvan arasında müəmmalı ələqlər bununla da bitmədi, 8 may 2026-cı il tarixində Tayvan parlamenti yeni qanun qəbul etdi. Qanun 2033-cü ilə qədər ABŞ-dan 25 milyard dollar dəyərində silah sistemlərinin alınmasını nəzərdə tutur. Sözsüz ki, Trampın Çinə səfəri ərəfəsində Pekinin əsəblərini tarıma çəkən bu addımların atılması təsadüfi deyil. ABŞ Prezidenti səfərdən əvvəl ikitərəfli münasibətləri qəsdən gərginləşdirərək müzakirələr masasında əlində güclü kozırlarla oturmaq istəyir.

Üstəlik, Tayvanla Çin arasında ixtilafları qəsdən körükləmək Trampın MAGA (“Make America Great Again” (Amerikanı Yenidən Böyük Et)) strategiyasına da uyğundur. Sirr deyil ki, Tramp özündən əvvəlki hakimiyyətlər zamanı ucuz işçi qüvvəsi səbəbindən xaricə axan ABŞ kapitalını geri gətirməyə çalışır. Hətta bu məqsədlə idxal məhsullara ağır gömrük rüsumları qoyub xaricdə istehsalla məşğul olan ABŞ şirkətlərini öz ölkələrinə investisiya qoymağa çağırıb.

ABŞ sərmayəsinin dirçəltdiyi Tayvan da onun gözündən yayınmayıb. Bu ilin yanvar ayında ada yarım-dövləti ilə bağlanan müqavilələrə əsasən, Tayvandan ABŞ-a 250 milyard dollarlıq investisiya qoyulacağı təqdirdə, Tramp hakimiyyəti bu diyarın məhsullarına gömrük rüsumunu 20%-dən 15%-ə endirəcək. Tayvanın dünyanın ən qabaqcıl mikrocip istehsalçısı olduğunu nəzərə alsaq, ABŞ-ın ondan umduğu investisiyaların hansı istiqamətə yönələcəyini də təxmin etmək mümkündür. Dünyanın yeni enerji mənbələrinə keçdiyi indiki zamanda dünyanın ən qabaqcıl mikrocip istehsalçısı olan Tayvanın yarımkeçirici mühəndisliyi sərmayəsinin ABŞ-a axması Tramp hakimiyyətinin qazana biləcəyi ən böyük uğur olardı.

Sözsüz ki, Tayvanla Çin arasında münasibətlərin gərginləşməsi bu adadakı ABŞ mərkəzli sərmayələrin yenidən okeanın o tayına sığınmasına kömək edə bilər. Görünür, bu səbəbdən də Tramp İranı öz gücüylə, Körfəz ərəblərini İranın, Tayvanı isə Çinlə qorxutmaqda maraqlıdır. Məqsəd həm də körfəz nefti müqabilində Çin yarıkeçiciləri və nadir torpaq elementləri kozırlarını Pekinlə paylaşmaqdır.

Bununla belə, Çinin Tayvanı ələ keçirmək siyasəti ilə ABŞ-ın nə zamansa razılaşacağına da inanmıram. Bu ilk növbədə ABŞ-ın II Dünya müharibəsindən sonra Sakit Okeanda qurub həyata keçirdiyi Birinci Adalar Zinciri strategiyası ilə əlaqəlidir.

Birinci Adalar Zinciri nədir?

Bu strategiya Rusiya və Çinin qarşısındakı ada dövlətləri üzərindən təbii dəniz istehkamları qurmağa hesablanıb. Düzdür, Kuril adalarını ələ keçirməklə Rusiya öz ətrafında qurulmuş həmin istehkamı yarıb, amma Çin üçün hələ də bu əngəllər qalmaqdadır. Xəritəyə də diqqətlə baxsanız Yaponiyadan başlayaraq, Cənubi Koreyanın bəzi adalarını adlayaraq Tayvana, ordan isə Filippinlərə və Malayziyanın qərb sahillərinə qədər uzanan bu istehkam faktiki olaraq Çinin Sakit okeana çıxmasını və ordan Hind okeanına keçməsini əngəlləyir. Tayvan da bu təbii dəniz istehkamlarında açar coğrafiyalardan sayılır. Ada yenidən Çinin əlinə keçərsə, ABŞ-ın qurduğu bu istehkam pozular və dünya dəniz ticarətinin ən hərəkətli sahəsi ən böyük rəqibinin üzünə açılar. Bu mənada bəzi analitiklərin düşündüyünün əksinə olaraq, ABŞ İran qarşılığında Tayvanı güzəştə getməz. Ən azı o səbəbdən ki, Çin qarşısındakı bu əngəli ortadan qaldırarsa, onun imkişaf sürətinə çata bilməz və nəticədə dünya hegemonluğunu Sakit okeanın dərin sularında qərq olması ilə üzləşər.

Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Trampın Çin səfəri asan keçməyəcək. Amma bu, iki nəhəng arasında böyük ixtilaflara da çevrilməyəcək. Çünki, ABŞ-la Çin ən böyük ticarət ortaqlarıdır və dünyanın indiki çeşməkeşli dövründə heç bir dövlət ən böyük ticarət ortağını itirmək istəməz. İki nəhəngin anlaşa biləcəyi ortaq strategiya isə fosil yanacaqla alternativ enerji mənbələri üzərində nəzarəti bölüşmək ola bilər. Yəqin ki, Çinin nadir torpaq elementləri üzərində hegemoniyası ilə ABŞ, ABŞ-ın neft və qaz hegemoniyası iləə isə Çin razılaşmalı olacaq. Hər iki tərəfin bir-birindən asılılığı heç birinin digərinə embarqo tətbiq etməməsi üçün də vacibdir.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Moskvaya məhz “Krokus”da terakt olacağını bildirib

redaktor

2025-ci ilin aprelində Rusiya təxminən 176 kvadratmetr ərazini tuta bilib.

admin

Kamala Harris prezidentliyə namizəd olmaq üçün lazımi sayda səs toplayıb

redaktor