DünyaSiyasət

Kabel müharibəsi

Dünən çox vacib bir hadisə baş verdi. Hörmüz boğazı bağlanandan sonra ilk dəfə Qətərə məxsus qaz tankeri Hörmüz boğazından keçərək, Pakistana getdi. Tanker boğazı İran hökumətinin razılığı ilə onun müəyyən etdiyi marşrut üzrə keçdi. Çox güman ki, ödəniş də edib, lakin bu haqda ictimaiyyətə məlumat verilmədi.

Bu hadisə 2 cəhətdən əlamətdardır:
1. Yeni qaydalara görə, İran boğazdan düşmən ölkələrin (ABŞ, İsrail və onların müttəfiqləri) gəmilərini buraxmır. Qətərin tankerinin buraxılması onu göstərir ki, Qətər artıq həmin siyahıdan çıxarılıb.
2. Tankerin İranın qoyduğu qaydalarla boğazdan keçməsi onu göstərir ki, Qətər İranın yaratdığı boğaz üzrə yeni status-kvonu qəbul edir.

Əslində, Körfəz ölkələrinin çoxu yeni status-kvonu qəbul etməyə hazırdırlar. Çünki artıq aydındır ki, ABŞ boğazın əvvəlki statusunu bərpa etmək gücündə deyil. Əgər ABŞ bunu bacarmayacaqsa, Körfəz ölkələri nəyə ümid olub gözləməli və hər gün milyardlarla dollar itirməlidirlər? Axı İran onların tankerlərinin boğazdan keçməsinə mane olmur – sadəcə, onun şərtlərini qəbul etmək lazımdır.

Seçim çox sadədir:
ya ABŞ-a ümid olub, qeyri-müəyyən müddətə gözləməli, bu müddət ərzində neft-qaz və onların emal məhsullarını ixrac etməməli, hasilatın dayanması səbəbindən neft-qaz quyularını itirməli, infrastruktura dəyəcək sonrakı ziyanlara dözməlisən;
ya da İranla razılığa gəlib, kiçik məbləğ ödəməklə bütün ixracını və istehsalını bərpa etməlisən.

Aydındır ki, şeyxlər 2-cini seçməlidirlər. Lakin buna mane olan bir neçə amil var:
ABŞ boğazdan keçidə görə İrana haqq ödəməyi qadağan edib;
Körfəz ölkələrinin ABŞ-dan böyük asılılıqları var (demək olar ki, bütün pulları onun nəzarətindədir) və s.

Hazırda Qətər ABŞ-ı yumşaltmaqla (ABŞ-la İran arasında vasitəçilik edir) İranla da münasibətləri yaxşılaşdırmağa çalışır. S.Ərəbistanı da bu yoldadır. Oman əvvəldən İranla münasibətləri pozmamağa çalışıb. İraq İranı açıq müdafiə edir. İranla aşkar düşmən mövqedə olan ölkələr BƏƏ, Bəhreyn və Küveytdir (yeri gəlmişkən, üçü də Britaniya proksiləridir). BƏƏ az qala müsəlmanların İsraili, Küveyt Britaniyasıdır.

Beləliklə, ABŞ-ın zəiflədiyini görən region ölkələri reallığı qəbul etməyə başlayırlar.

İran isə bununla kifayətlənməyi düşünmür, suverenlik sərhədlərini genişləndirməkdə davam edir. Dünən Tehran Hörmüz boğazının dəniz dibinin statusunu yenidən nəzərdən keçirmək niyyətində olduğunu bildirdi. Buna uyğun olaraq, İran dəniz dibindən istifadəyə görə yüksək sürətli kabel xətlərinə sahib xarici şirkətlərə müvafiq ödəniş tətbiq etmək niyyətindədir.

Bu niyyət reallaşarsa, onun qlobal iqtisadiyyata təsiri boğaz üzrə status-kvonun dəyişməsindən az olmayacaq. Hörmüz boğazının altından Asiya və Avropa arasında bütün internet trafikinin təxminən 1/3-ni daşıyan kabellər keçir. Regionda tikilmiş və tikilməkdə olan data mərkəzləri isə 100% onlardan asılıdır. Bu o deməkdir ki, İran bu gəlirli bazarı nəzarətə götürməyi planlaşdırır. Amazon, Google, Oracle və Microsoft İrana ödəniş etməkdən yayına bilməyəcəklər. Çünki interneti kəsmək boğazı bağlamaqdan da asan məsələdir – bircə “kəsik” və hər şey dayanacaq, hətta hasilat və emal müəssisələri də. Şirkətlər həmin data mərkəzlərindən imtina da edə bilməzlər – onlara artıq yüz milyardlarla dollar investisiya qoyublar.

Bir sözlə, Trampın İran avantürası ona çox baha başa gələcək. 2028-ci ilədək prezident qala bilsə, bu onun ən böyük “uğuru” ola bilər.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

“Avropadakı qayıtdı ki, a kişi, tay Rusiya qazını alırdımsa, səni neynəyirdim”

admin

Doğrudur, İran Venesuela deyil. İran Venesueladan 40 dəfə güclüdür

redaktor

Rusiya ordusu öz kəndlərinə zərbələr endirdi

redaktor