Tramp tez-tez deyir ki, İranın HDQ-ni məhv edib və bununla demək istəyir ki, onun Hörmüz boğazını bağlamaq imkanı yoxdur. O sanki XX əsrdə qalıb, XX əsrin hərbi təsəvvürlərindən çıxa bilmir.
Məgər husilərin hərbi donanması var? Bəs onlar Bab əl-Məndab boğazını necə bağlayırlar?
Təxminən, 500 il əvvəl yaranmış “dənizlər hökmdarı” statusu dünya hegemonluğunu təmin edirdi. Niyə? Çünki dünya hegemonu əsas beynəlxalq ticarət yollarına nəzarət etməli idi. Bir ölkənin qurudakı bütün ticarət yollarına nəzarət etməsi mümkün deyil – buna nə əsgəri çatar, nə resursu. Sonralar başa düşdülər ki, yollara nəzarət etmək üçün quruda müharibələr aparmağa ehtiyac yoxdur. Bütün beynəlxalq quru ticarət yolları haradasa dənizlərdən keçir – dəniz yollarını nəzarətə götürmək kifayətdir. Bunun üçün isə bütün dəniz yolunu da nəzarətə götürmək lazım deyil (o heç mümkün də deyil), yalnız boğazlara nəzarət etmək lazımdır. Dünyada beynəlxalq ticarət yollarının keçdiyi 10-15 vacib boğaz var – onları ələ keçir, vəssəlam.
Bunun üçün çox güclü donanman olmalı və başqa ölkələrin belə donanması olmasına imkan verməməlisən. Beləcə “dənizlər hökmdarı” statusu formalaşdı. Bu status növbə ilə İtalyan şəhər-dövlətlərindən İspaniyaya, Niderlanda, Britaniyaya və ABŞ-a keçdi. Uzaq məsafəyə atəş açan ağır silahlar olmadığından boğaza sahil ölkələr düşmən gəmilərlə yalnız öz gəmiləri ilə müharibə apara bilərdilər. Onların isə adekvat donanması ola bilməzdi. Hegemon ölkə gəmilərini boğazın ortasında saxlamaqla ticarət yolunu bağlaya bilər, sahil ölkələr isə heç nə edə bilməzdilər…
Beləliklə, qlobalizm epoxası başladı.
İndi boğazı bağlamaq üçün nəinki hərbi donanmaya, heç dəniz minalarına da ehtiyac yoxdur. Müasir dövrdə bunun üçün quru qüvvələri kifayət edir – raketlər və uzaqmənzilli dronlarla boğazı daha etibarlı bağlamaq olur. Yeni hərbi texnika 500 illik hərbi doktrinaları artıq dəyişib. Cəmi 10 il sonra “dənizlər hökmdarı” ifadəsi arxaizmə çevriləcək. (Ətraflı: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4340967079552703)
Bu isə qlobalizm epoxasının sonu deməkdir.
Bütün boğzalara sahil ölkələri nəzarət edəcək və anqlosaksları bu “yağlı tikədən” məhrum edəcəklər. İran artıq Hörmüzü “özəlləşdirir”. İndoneziya da İrandan ilhamlanıb, Malakka boğazından keçidə görə haqq almağa hazırlaşır. Növbədə Bab əl-Məndab boğazıdır…
Dünya ticarət infrastrukturunda əsaslı dəyişikliklər gözlənilir. Yəqin ki, boğazların “özəlləşdirilməsi” quru yollarının əhəmiyyətini daha da artıracaq.
Dünyanın makrozonalara bölünməsi qaçılmaz görünür.
