Vaxt keçdikcə Avropanın faşist Almaniyasına niyə belə asanlıqla tabe olduğunu daha yaxşı başa düşürəm.
Bu ölkələr Almaniyanın vassalları olacaqdılar, qalan ölkələr isə – kölələri. Yəni Hitler Qərbi Avropanın irqçilik ənənəsinin yeni davamçısı, onların kollektiv arxetiplərinin qəhrəmanı idi. Əbəs yerə deyildi ki, Qərbi Avropanın hər yerində Hitlerə az qala pərəstiş edilirdi, heç bir ölkəsində faşistlərə qarşı partizan hərəkatı olmadı (istisna yalnız Fransa partizan hərəkatıdır, onun da çoxu media məhsuludur). Qərbi Avropa belə vassallıqdan məmnun idi.
Müharibədən sonra Almaniyanın yerini ABŞ tutdu. ABŞ Avropaya qarşı münasibətini dəyişmək istəyəndə bu ilin yanvarında Belçikanın (Avropa İttifaqının paytaxtının yerləşdiyi ölkə) baş naziri Bart de Vever buna açıq etirazını bildirdi: “Xoşbəxt vassal olmaq bir şeydir, bədbəxt kölə olmaq – tam başqa bir şey”. Yəni biz vassal olmağa şadıq, lakin kölə olmaq istəmirik.
Vassallıq statusu o deməkdir ki, süzerenin (ağanın) ziyafət stolundan sənə də pay çatacaq. Ziyafət stolunda yeyilən isə kölələrdir…
Avropa qocalırdı. Artıq özü ov edə bilmirdi. Ona Almaniya kimi gənc yırtıcı lazım idi ki, onu qabağa verib, ova çıxsınlar. Almaniyanın bacarmadığını daha gənc və daha yırtıcı ABŞ bacardı və qoca Avropanın 80 illik xoşbəxt vassallığını təmin etdi. İndi artıq ABŞ-ın da “dişləri” çürüməyə başlayıb…
Bu səbəbdən 9 May faşizm üzərində Qələbə Günü Avropada sevilməyən bir gündür – bu gün onların xoşbəxtlik xülyalarının çilik-çilik olduğu bir gündür. Buna görə də onlar bu tarixi Qələbəni təmin edən, onu xatırladan hər şeyi qaralamağa və gözdən salmağa çalışırlar.
Mən isə həmin Qələbəni qanı, canı bahasına təmin etmiş, dünyanın məzlum xalqlarını o vaxt İblisdən xilas etmiş babalarımız və nənələrimizlə fəxr edirəm.
