Körpü Almaniyada, Elbanın sağ qolu olan Havel çayı üzərindədir. İndiki körpü 1906-1907-ci illərdə tikilib. Uzunluğu 128 m, eni 22 metrdir.
Körpü İkinci dünya müharibəsinin son günlərində, Berlin uğrunda döyüşlər zamanı ciddi xəsarət aldı və istifadəyə yararsız hala düşdü. 1947-1949-cu illərdə təmir olundu.
Onun bir tərəfində Berlin, digər tərəfində Potsdam yerləşir. Almaniyanın üç yerə bölündüyü illərdə körpünün ortasından Qərbi Berlinlə Şərqi Almaniyanın sərhədi keçirdi. Rənginə diqqətlə baxdıqda, sərhədin haradan keçdiyini təxmin etmək olar.
1980-ci illərin əvvəllərində körpünün təmirə ehtiyacı yarananda Qərbi Berlin hökuməti öz tərəfini təmir etdi. Şərqi Almaniya isə rəsmən “Birlik körpüsü” adlandırdığı körpünü təmir etmədi və təhlükəsizlik səbəbindən 1984-cü ilin noyabrında bağladı. Belə olduqda, Qərbi Berlin körpünün digər hissəsinin də təmirini öz öhdəsinə götürdü. Bu zaman yenə də rəngin iki çaları saxlanıldı. Tarixi önəmi üzündən bu fərq indi də saxlanılır.
Qlinike körpüsünün “Casus körpüsü” kimi tanınmasının səbəbi onun üzərində üç dəfə casus mübadiləsinin keçirilməsidir.
Birincisi və ən məşhuru 1962-ci il fevralın 10-da baş verib. ABŞ-da həbs olunmuş sovet kəşfiyyatçısı Rudolf Abel sovet səmasında vurulmuş U-2 kəşfiyyat təyyarəsinin pilotu Qeri Pauerslə dəyişdirildi.
1985-ci il iyunun 12-də ikinci mübadilə baş tutdu. Polşa və Şərqi Almaniyada həbs edilmiş 25 qərb casusu ABŞ-da həbs olunmuş 4 şərq casusuna dəyişdirildi.
Sonuncu mübadilə 1986-cı il fevralın 11-də keçirildi. SSRİ-də həbs olunmuş dissident Anatoli (Natan) Şaranski və üç qərb casusu Qərb ölkələrində həbs edilmiş beş şərq casusuna dəyişdirildi.
Bəzi məqalələrdə İngiltərədə həbs edilmiş sovet casusu Konan Molodının və SSRİ-də həbs olunmuş Britaniya casusu Qrevill Vinnin də Qlinike körpüsündə dəyişdirildiyi yazılır. Amma 1964-cü il fevralın 22-də baş tutan bu mübadilə iki Berlin arasındakı Heerştrasse nəzarət-buraxılış məntəqəsində keçirilib.
Berlin divarının yıxıldığı günün sabahısı, 1989-cu il noyabrın 10-da “Casus körpüsü” üzərindən də sərbəst hərəkət bərpa edildi. Hadisənin 20-ci ildönümü ərəfəsində körpünün yaxınlığında (Potsdam tərəfdən) yerləşən Şöningen villasında açılan muzeyin otaqlarından biri Qlinike körpüsünün tarixindən, o cümlədən casus mübadilələrindən bəhs edən eksponatlara ayrılıb.
